İqtisadi Əməkdaşlıq Təşkilatından Zəngəzur dəhlizinə dəstək - ONUN AÇILMASINDAN BÜTÜN REGİON ÖLKƏLƏRİ FAYDALANACAQ
TƏHLİL

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) bu gün Daşkənddə keçirilən Nazirlər Şurasının iclasının yekun sənədində Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonundan Naxçıvan Muxtar Respublikasına nəqliyyat və kommunikasiya əlaqəsinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər, habelə ölkəmizin Türkiyə, Özbəkistan və Qazaxıstan ilə birgə həyata keçirdiyi üçtərəfli platformalar üzrə görülən işlər alqışlanıb.

 

İƏT-ə üzv ölkələrə və onların coğrafi mövqeyinə baxsaq, Zəngəzur dəhlizinin bu dövlətlər tərəfindən dəstəkləndiyinin təsadüfi xarakter daşımadığını görərik. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə reallaşan Zəngəzur dəhlizi yalnız Azərbaycanın deyil, eyni zamanda, regionun digər dövlətlərinin də maraqlarına cavab verir. Bu dəhliz Avropa ilə Asiyanı nəqliyyat baxımından birləşdirən beynəlxalq əhəmiyyətli növbəti iqtisadi layihədir.

 

Mənzil-qərargahı Tehranda yerləşən İƏT 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Təşkilatın fəaliyyəti maraq doğurduğu üçün 1990-cı illərdə Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan bu quruma üzv olublar. Qurumun fəaliyyət istiqamətlərini üzv ölkələrin Xarici İşlər Nazirləri Şurası müəyyənləşdirir. İƏT-in kənd təsərrüfatı, sənaye, nəqliyyat və rabitə, infrastruktur və ictimai işlər, elm, təhsil və mədəniyyət, energetika, narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 texniki komitəsi var. İƏT Nazirlər Şurası ildə ən azı bir dəfə toplaşır.

 

İƏT regional təşkilat kimi 1993-cü ildə BMT, 1994-cü ildə isə İslam Təşkilatı Konfransında müşahidəçi statusu alıb.

 

Təşkilata üzv dövlətlərə diqqət yetirsək, onların əsasən tarixi İpək yolunun üzərində yerləşdiyini görərik. Son illər Çinin “Bir kəmər, bir yol” layihəsi də bu dövlətləri əhatə edir. Nəhəng iqtisadi qüdrətə malik Çin və digər Cənub Şərqi Asiya ölkələri Avropa ilə nəqliyyat əlaqələrini qurmaqda, idxal-ixrac əməliyyatlarını daha sərfəli yollarla həyata keçirməkdə maraqlıdırlar.

Beynəlxalq mütəxəssislərin hesablamalarına əsasən, yaxın 10 il ərzində Avropa ilə Asiya qitələri arasında ticarət dövriyyəsinin həcmi 200 milyard dollara çatacaq. Bu həcmdə dövriyyəni həyata keçirmək üçün mütləq rahat və təhlükəsiz nəqliyyat dəhlizi lazımdır. Müasir dünyada biznesin idarə edilməsində zaman amili hər şeydən üstündür. Digər tərəfdən, yüklərin çatdırılmasında nəqliyyat xərclərinin azalması şirkətlərə əlavə qazanc gətirən amildir. Bu baxımdan Zəngəzur dəhlizi istər iri şirkətlərin, istər transmilli korporasiyaların, istərsə də ayrı-ayrı dövlətlərin maraqlarına cavab verir. Avropadan Asiyaya və əks istiqamətə daşınan yüklərin 15-20 faizi Zəngəzur dəhlizi ilə həyata keçirilsə, büdcəyə ilə 3-3,5 milyard ABŞ dolları həcmində tranzit gəlir daxil ola bilər.

 

Zəngəzur dəhlizi, sadəcə olaraq, Azərbaycanın bir regionunu digəri ilə əlaqələndirməyəcək, eyni zamanda, Mərkəzi Asiya ilə Türkiyə və Avropanı birləşdirəcək. Çindən, Mərkəzi Asiya respublikalarından, eləcə də Cənub Şərqi Asiyanın başqa ölkələrindən Avropaya daşınan yüklər Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, oradan isə Zəngəzur dəhlizi vasitəsilə Türkiyə və Şərqi Avropa ölkələrinə çatdırılacaq. Təsadüfi deyil ki, son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatların nəticəsi olaraq Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatdırılacaq.

 

Zəngəzur dəhlizinin Azərbaycandan keçən hissəsində işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə isə 70 faizi artıq icra olunub. Bütün işlərin 2024-cü ildə yekunlaşdırılması planlaşdırılıb.

 

Yuxarıda qeyd olunduğu kimi, Azərbaycanın Zəngəzur dəhlizi ideyası və bu ideyanın reallaşması regionun bütün dövlətlərinin iqtisadi inkişafına böyük təkan verəcək.

 

Bu arada AZƏRTAC bir məqamı xatırlatmağı vacib hesab edir. Prezident İlham Əliyev ötən il Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı demişdi: “İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açır. Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Ünvan: Bakı şəhəri, General Əliağa Şıxlinski küçəsi, 1A/137
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.