Vaşinqtonda sülh axtarışı: İRƏVAN BU DƏFƏ NƏYİ BƏHANƏ EDƏCƏK?
ELÇİN ALIOĞLUNUN YAZISI

Azərbaycan və Ermənistan arasında birbaşa dialoq sülhə nail olmaq üçün əsas amildir.


ABŞ-ın dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüşdən sonra ABŞ-da Corc Şultz adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında ikitərəfli görüş keçirilib.

 

Bu baxımdan ABŞ Dövlət Departamenti mətbuat katibinin müavini Vedant Patelin açıqlaması simptomatikdir.

 

Onun sözlərinə görə, ABŞ danışıqlara təşviq etmək üçün bu həftə Azərbaycan və Ermənistan xarici işlər nazirlərini qəbul etməkdən məmnundur: "Çunki onlar Cənubi Qafqaz regionunda dinc gələcəyi təmin etmək üçün birlikdə çalışırlar. Dövlət katibi hesab edir ki, birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Biz buna diqqət yetirməyə davam edəcəyik. Biz bu iki ölkə arasında sülhün mümkün olduğuna inanırıq və onları məmnuniyyətlə alqışlayırıq. Nəhayət, biz Cənubi Qafqazda sülhün mümkün olduğuna inanırıq və bu iki ölkə arasında sülh və sabitliyə nail olmağa çalışırıq".

 

Ümumiyyətlə, Birləşmiş Ştatlar hesab edir ki, Azərbaycanın və Ermənistanın XİN başçıları arasında müzakirələrin növbəti raundu yetərincə məhsuldar, yəni konstruktiv olub. 

ABŞ-ın dövlət katibi Entoni Blinkenin vasitəçiliyi, daha doğrusu, moderatorluğu ilə keçirilən üçtərəfli danışıqlarda təbii ki, Vaşinqton Bakı və İrəvan arasındakı yekun sülh sazişinin ilkin layihəsinin hazırlanmasına çalışır.

 

Layihənin Qərbin siyasi maraqları və geostrateji mənafeləri çərçivəsində olmasının Dövlət Departamenti üçün ən optimal variant sayıldığını vurğulamağa, fikrimizcə, zərurət yoxdur.

 

Cənubi Qafqasız "sülhün bərqəqar olduğu, demokratik və çiçəklənən bölgəyə çevrilməsi"nin əsas məqsədi olduğunu dəfələrlə vurğulayan və bundan sonra da şüarı gündəmdə saxlayacaq Ağ Ev bəhs etdiyimiz danışıqlar vasitəsilə sülhyaratma prosesində liderliyi ələ almaq fikrindədir.

 

Bakı ilə İrəvan arasında birbaşa danışıqların "dayanıqlı sülhün əldə edilməsi üçün açar" olduğunu bəyan edən Vaşinqton məqsədini çox açıq izhar edir: amerikalılar danışıqlar prosesində, xüsusilə də sülh sazişinin mətninin razılaşdırılması müstəvisində Rusiyanın, İranın və hətta Fransanın aktiv iştirakında maraqlı deyillər.

 

Təxminən bir həftə sürəkdə nəzərdə tutulmuş danışıqlar zamanı Azərbaycan və Ermənistan nümayəndələrinin "birbaşa, açıq müzakirələr vasitəsilə həll yollarını arayacaqlarına ümid" etdiyini bəyan edən Dövlət Departamenti mənsubları hələlik üstüörtülü, ehtiyatlı açıqlamalara üstünlük verirlər.

 

Belə ki, Ceyhun Bayramovla Ararat Mirzoyan arasında növbəti görüşün məhz Vaşinqtonda keçirilməsinin ehtimal edilən nəticədə Ağ Evin hansısa formada maraqlı olduğunu etiraf etməyən amerikalılar "sadəcə, görüş və müzakirələr üçün məkanı təqdim etmişik: mümkün sülhə töhfəmizə görə fəxr edirik" tipli növbətçi ifadələrlə kifayətləniblər.

 

Lakin bir məqam xüsusilə vurğulanıb: "Azərbaycanla Ermənistan arasındakı dialoqun indiki mərhələsinə Rusiya mənfi münasibət göstərərsə, bu bizdə təəssüf hissi yaradacaq": "Əsas odur ki, görüşlərin Vaşinqton, Brüssel və ya Moskvada keçirilməsindən asılı olmayaraq tərəflər bir-birləri ilə əlaqə saxlaya bilsinlər".

 

Göründüyü kimi, Azərbaycanla Ermənistan arasındakı danışıqlara və yekun sülh sazişinin imzalanmasına yönəlmiş müzakirələrə ABŞ tam olmasa da, prosesinin böyük qisminin kontrolu baxımından nəzarət etməyə çalışır. Vaşinqtonun məqsədi Rusiya Federasiyasının prosesə təsir imkanlarını azaltmaq, imkan yaranarsa isə Ermənistanı ümumiyyətlə, Moskvanın geosiyasi təsir orbitindən çıxarmaqdır.

 

ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisinin müavini Erik Olsonun bölgəyə səfəri, daha sonra dövlət katibinin Cənubi Qafqazdakı danışıqlar üzrə baş müşaviri Lui Bononun aprelin 13-də Bakı və İrəvana gəlişi Vaşinqtonun artan aktivliyindən xəbər verir. 

Təbii ki, amerikalıların fəallığı Avropa İttifaqının və xüsusilə də Fransannın planları fonunda tam yeni məna kəsb etməyə başlayır.

 

Fransanın XİN başçısı Katrin Kolonnanın Bakıya və İrəvana səfərləri, onun sülhyaratma prosesində Parisin baş rol oynamaq istəyini gizlətməməsi, xüsusilə də prezident Emmanuel Makronun bölgədə cərəyan edən proseslərdə bilavasitə "məsafəli iştirak" messiclərinin çatdırılması nəzərdən qaçırılmamalıdır.

 

Brüssellə Paris amerikalıların Bakı-İrəvan trekini kontrol altına almaq istəklərinə açıq etiraz etməsələr də, yekun sülh sazişinin Vaşinqton redaktəsi ilə hazırlanacaq ilkin layihəsinin avropalıların maraqları ilə mənafelərinə uyğun olmayacağını anlayırlar.

 

Yaranmış situasiyada Rusiya Federasiyası və İranın situativ müttəfiqliyi təəccüb doğurmamalıdır.

 

Ukraynadakı hərbi əməliyyatlara başlayandan sonra kollektiv Qərbin sərt sanksiyalarına və faktiki olaraq birgə hücumuna məruz qalan Rusiya effektiv müqavimət üçün "Qlobal Cənub"la əlaqələrini daha da intensivləşdirmək qərarına gəlib. Rusiyanın Çin, İran, habelə Yaxın Şərq, Afrika və Cənubi Amerika ölkələri ilə sürətlənən danışıqları, qarşılıqlı vizitlər və kuluar müzakirələri eyni zamanda Moskvanın Cənubi Qafqazdakı təsir arealının məhdudlaşması ilə müşahidə olunur.

 

Rusiya Sülhməramlı Kontingentini (RSK) Azərbaycanla Ermənistan arasında təmas xəttindəki aralıyıcı funksiyalara malik məhdud qüvvə sayılmasını istəməyən Moskva bölgədəki mövqelərini qorumaqla yanaşı, Qərbi yekun sülh sazişinin hazırlanması prosesindən kənarlaşdırmaq istəyir. Məhz bu səbəbdən Kreml indi Tehrandakı klerikal rejimlə sıx əlaqələr qurub və həmin təmasları fasiləsiz inkişaf etdirir.

 

Moskvanın davranışına təəccüblənməməliyik: Rusiya rasional və praqmatik davranış sərgiləyərək "Real Politick" prinsiplərinə əsaslanan siyasət yürütməyə çalışır. Bu siyasət isə güclü tərəfə stavkanı ehtiva edir ki, konkret halda həmin tərəf Azərbaycandır və yaxın onilliklərdə belə olacaq. Bu, hələ ən minimalist proqnozdur.

 

Yekun sülh sazişinin mümkün mətninə gəldikdə isə, rəsmi Bakının mövqeyi bəllidir və hansısa ciddi dəyişikliklər birmənalı istisnadır.

 

Sülhü hədəfləyən çərçivə sazişinqin 5 prinsipini Bakı hələ ötən ilin yayında Ermənistana təklif edib ki, sözügedən prinsipləri xatırladaq:

1. Dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;


2. Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;


3. Dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; 

4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;


5. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

 

Azərbaycanla Ermənistan məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər.

 

Ermənistan tərəfinin təklifləri, habelə bu ölkə ilə şərti dövlət sərhədimizin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması və sərhəddə təhlükəsizliyin təminatı məqamları da nəzərə alınarsa, prinsiplərin sayı 8-ə çatıb.

 

Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqəsinin (SNBM) fəaliyyətə başlaması ilə bağlı ABŞ, Fransa, Rusiya, Kanada və s. ölkələrin Azərbaycana ünvanladıqları bəyanatlarla tələblərə gəldikdə isə, bütün bunlar erməni diasporunun sözügedən ölkələrin isteblişmentlərinə, siyasi və hakimiyyət elitalarına zəif təsir cəhdlərinin izharıdır. Bəhs etdiyimiz açıqlamalar Azərbaycanın xarici və daxili siyasətinə əsla təsir edə bilməz.

 

Danışıqlar və müzakirələr davam edir.


Proses maraqlı, lakin təxminlənən məcradadır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.