Diqqətli oxucu yəqin fikir verməmiş deyil: Kreml öz propaqanda maşını ilə Rusiya-Azərbaycan gərginləşməsinin Moskva dili üçün xarakterik tərzdə desək, ilkin səbəblərini (первоначальные причины) unutdurmağa çalışır. Biz bununla Rusiya silahlı qüvvələrinin Qroznı üzərində vuraraq qəzaya göndərdiyi sərnişin təyyarəmizi, bu faciədə onlarla insanın, o cümlədən soydaşlarımızın ölümünü, yaralanmasını, Rusiyanın hadisəyə görə məsuliyyət daşımaqdan hələ də həyasızcasına yayınmaq cəhdlərini, AZAL-ın: hava gəmisinə görə haqlı kompensasiya tələbini Moskvanın heyrətamiz bir gönüqalınlıqla iqnor etməsini nəzərdə tuturuq.
Biz-hələ bu azmış kimi, iki ölkə arasındakı münasibətlərin daha da pisləşməsi istiqamətində Moskvanın atdığı əlavə addımları, əvvəlcə Milli Məclis üzvümüzün Rusiyada hava limanında saxlanaraq Azərbaycana deport edilməsini, daha sonra Yekaterinburqda soydaşlarımızı OMON-un ölənədək döyməsi, qətlə yetirməsi ilə nəticələnmiş hərəkətlərini nəzərdə tuturuq. Biz düşmənçilik-təfriqəçilik proseslərinə Kreml səviyyəsində rəvac verilməsinin artıq demək olar ki heç kəsdə şübhə doğurmadığını, soydaşlarımızın məruz qoyulduğu kütləvi həbsləri, onların sırf repressiv xarakterini, artıq bütöv bir xalqa tətbiq edilməkdə olan cəza mexanizminin başqa “qaralar” üçün də “показательный” nömrə mahiyyəti daşıdığını nəzərdə tuturuq.
Moskva Bakı ilə münasibətləri korlamaqdan ötrü hər şeyi etdi və “müttəfiqlik münasibətlərinin kökünü baltalamaq üçün daha nələr etmək olar”-sualı üzərində aptekə girmiş ayı məntiqi ilə indi də işləyir. Baxmayaraq ki, Moskva-Bakı münasibətlərində yaranmış gərginlikdə təşəbbüskar da, günahkar da özüdür, Baxmayaraq ki, Bakı iki ölkə arasındakı ənənəvi münasibətlər sisteminin pozulması üçün heç nə etmir, sadəcə soyuqqanlı cavab addımları atır, bəzən hətta nələrinsə üstündən məharətlə adlayaraq qarşı tərəfə özünə kənardan baxmaq üçün düşünmə şansı verir.
Amma təəssüf ki, Moskva belə jestləri anlaya biləcək qədər müdrik deyil. Əksinə: nəinki uzun illər Rusiyada çalışmaqla bu ölkənin iqtisadi qüdrətinin artırılmasına töhfə verən soydaşlarımıza iqtisadi-maliyyə 37-si tətbiq, onlara qarşı dövlət səviyyəsində reketçilik edir, həm də Azərbaycanın daxili işlərinə israrla qarışır. Azərbaycan Qanunlarının işlədiyi ərazilərə öz “воровской поняткалары» ilə soxulmağa çalışır.
Amma bütün bunlara baxmayaraq, Kremlin propaqanda maşınının ənənəvi solovyovları, simonyanları nə qədər çalışsalar da, müstəqil Azərbaycan ərazisində heç nəyi yerindən tərpətməyə qadir deyillər. Və Rusiya özü də yaxşı anlayır ki, daha həyətdə doxsanıncı illər deyil və Azərbaycanda vəziyyəti qarışdırmaq üçün bir zamanlar malik olduğu rıçaqlardan məhrumdur. İndi artıq Moskvanın əlində ənənəvi separatçı erməni kartı yoxdur. İndi artıq Azərbaycanda Rusiya hərbi bazaları yoxdur. Ona görə də, artıq cəhənnəmə vasil olmuş “Artsax”ın adını tez-tez çəkərək Sarqsyan, Koçaryan kimi məğlubiyyət “чучелолары”nı xatırlatmaqla ölkəmizə xox gəlməyə çalışsa da əlinə bir şey gəlmir.
Ona görə də gah- Azərbaycanda yaşayan, Ərazi Bütövlüyümüzün bərpa və Dövlət Suverenliyimizin təmin olunmasında tamhüquqlu vətəndaşlar kimi fədakar xidmətləri olan milli azlıqları qıcıqlandırmağa uğursuz cəhdlər edir. Bir də pomidorumuza təzyiq kimi cılız öcəşmələr... Solovyovların sifətində isə bütün imperiya hikkəsi, velikorus şovinizminin acizlikdən doğan əsəb, qəzəb, həsəd hissi eybəcərcəsinə qabarır.
Bəli, Rusiya itirməkdədir. Məsələn, ən yaxın tarixdə bütün Suriya əlində idi, indi isə yalnız Bəşər Əsəd. Necə deyərlər, bir-birinin əlində qalıblar. Rusiya azad deyil. Müstəqil deyil. Öz imperiya ambisiyalarnın əsiridir, asılısıdır. Bu kompleks rusiyalını dünyanın ən iri dövləti olan Rusiyadan yüz dəfələrlə kiçik olmağa məcbur edib. Ayrı-ayrı dövlətlərin müstəqillik çabaları, beynəlxalq faydalılığı Moskvanı bu kompleks səbəbindən dəli edir.
Azərbaycan isə azaddır, müstəqildir. Ona görə də Azərbaycan-ABŞ münasibətləri Rusiyanın ürəyincə deyil. Çünki Prezident İlham Əliyev Ağ Evə Müstəqil Dövlətin lideri kimi getmişdi, səfər haqqında hesabatı da öz ölkəsinin mediası vasitəsilə ilk növbədə öz xalqına verdi. Ermənistanın Baş naziri isə trapdan düşən kimi V. Putinə zəng etməyə məcbur oldu. Prezident İlham Əliyev çox gözəl bilir ki, ABŞ ilə Azərbaycan bir səfərə iki ölkə arasındakı bütün problemləri həll etmədilər. Bu sadəcə uğurlu bir başlanğıc oldu.
İlham Əliyev təbəssümündə də, qətiyyətində də müstəqil idi, azad idi. O, yaxşını yaxşı adlandırmaqda tam azad olduğu kimi, pisin də pisliyini qarşı tərəfə çatdıra bilməkdə tam azaddır. 907-ci düzəlişin ləğvi də, Minsk Qrupunun buraxılması prosesinin başlanması da, Vaşinqton-Bakı münasibətlərinin yeni mərhələsi də İlham Əliyevin sabitqədəm, ardıcıl kursunun nəticəsidir. Əgər bu gün dünya bizim Zəngəzur dəhlizi adlandırdığımız “Tramp Yolu”ndan danışırsa, bu coğrafi fraqment Azərbaycanın dövlət suverenliyinin, ərazi bütövlüyünün bərpasına aparıb çıxarmış Əliyev Yolunun tərkib hissəsidir.
Azərbaycan kimi ölkələr dünyanı sevgi ilə almaq, Rusiya kimi ölkələr isə müharibələrlə, zorakılıqla ələ keçirmək istəyir! Fərqimiz budur!
Hələ I Pyotrun zamanından dəbdə olan “Avropaya pəncərə açmaq” kimi yekəxana “təşəbbüslər” Rusiyaya nəhayət ki bir şeyi öyrətməli idi: pəncərə açmağı yox, qapı açmağı. Çünki Rusiya adətən açdığı pəncərədən baxmaq yox, içəri soxulmaq məqsədilə istifadə edir. Hər şey də burdan başlayır. Qapı döyməyi nəhayət ki öyrənmək lazımdır. Qapını onun üzünə açanın sahiblik hüququna, haqqına hörmət etməyi öyrənmək lazımdır. Pəncərə isə baxmaq üçündür.
Mir Şahin AĞAYEV,
REAL TV-nin rəhbəri