ZELENSKİ HƏDƏFDƏ: “ZALUJNI ƏMƏLİYYATI” BAŞLAYIR
GEOSİYASİ ANALİZ - PROQNOZ

Dünya siyasəti çox vaxt şahmatı xatırladır: hər bir gedişin arxasında saysız-hesabsız gizli niyyətlər, çoxqatlı kombinlər dayanır. İlk baxışda sadə görünən addımlar əslində böyük planın tərkib hissəsidir. Bu gün diqqət mərkəzində isə Ukraynadır. Bir sıra ekspertlərin və xüsusi xidmət orqanlarının iddiasına görə, hazırda Kiyevdə gizli şəkildə genişmiqyaslı bir əməliyyat gedir. Məqsəd - prezident Vladimir Zelenskini hakimiyyətdən kənarlaşdırmaq və onun yerinə Qərbə daha “rahat” fiqur gətirməkdir. Səhnənin önündə isə artıq bütün Ukraynanın yaxşı tanıdığı sabiq baş komandan Valeri Zalujnının adı çəkilir.

Müharibə girdabında etimad böhranı

Tammiqyaslı müharibənin fonunda ictimai rəy cəbhə xətti qədər dəyişkəndir. Belə bir şəraitdə hakimiyyətə inam məsələsi daha da kəskinləşir. Son günlər açıqlanan yeni sorğu nəticələri Zelenskiyə münasibətin nə qədər mürəkkəb və ziddiyyətli olduğunu bir daha göstərdi. Ukraynalıların prezidentə baxışı daxili və xarici faktorların təsirindən gah yüksəlir, gah da zəifləyir.

Ən maraqlı məqam - əgər yaxın zamanda prezident seçkiləri keçirilsəydi, ukraynalıların çoxu hələ də Zelenskiyə səs verərdi. Amma parlament seçkilərində vəziyyət tam fərqlidir: xalqın əhəmiyyətli hissəsi artıq “Zalujnı partiyası”na üstünlük verir.

Sorğunun rəqəmləri

22–27 iyul tarixlərində Beynəlxalq Respublika İnstitutunun sifarişi ilə keçirilən və “Reytinq” qrupunun apardığı sorğu bu mənzərəni üzə çıxardı. Sual belə idi: “Əgər prezident seçkiləri bu bazar günü baş tutsa, kimə səs verərdiniz?” Respondentlərin 31 faizi Zelenskinin, 25 faizi Zalujnının adını çəkib. Eks-prezident Poroşenko 6 faiz, kəşfiyyat rəisi Budanov isə 5 faiz toplaya bilib.

Xüsusilə Qərbi Ukraynada Zelenski ilə Zalujnının reytinqi eyni - 27 faizdir. Maraqlı məqam odur ki, 50 yaşdan yuxarı seçicilər arasında Zalujnı Zelenskidən öndədir - 31 faizə qarşı 30 faiz.

Başqa bir sual belə olub: “Zelenskinin prezident kimi fəaliyyətini necə qiymətləndirirsiniz?” Cavabların 33 faizi “tam dəstəkləyirəm”, 32 faizi “qismən dəstəkləyirəm” deyib. 16 faiz isə açıq şəkildə etirazını bildirib.

Partiya seçimi və gözləntilər

Ən səs-küylü nəticə isə partiya sorğusunda ortaya çıxıb. Respondentlərin 22 faizi “Zalujnı partiyası”na, 14 faizi “Zelenski blokuna” səs verəcəyini bildirib. Daha 8 faiz “Azov”a, eyni qədər seçici də “Avropa Həmrəyliyi”nə üstünlük verib.

Ən maraqlısı odur ki, bütün yaş qruplarında və demək olar bütün regionlarda “Zalujnı partiyası” Zelenskinin blokunu qabaqlayır. Yalnız cənub bölgəsində vəziyyət bərabərdir - hər iki tərəf 19 faiz dəstək toplayıb.

Sorğunun ümumi mənzərəsinə baxanda, seçicilərin 74 faizi yeni siyasi qüvvələr görmək istədiyini bildirib. Mövcud partiyalardan razı olanların sayı isə cəmi 17 faizdir.

Metodologiya və detalları

Sorğu Ukraynanın işğal olunmamış bütün ərazilərində telefon vasitəsilə (CATI üsulu) aparılıb. Yaşı 18-dən yuxarı 2400 respondentlə danışılıb. Seçmə üsulu təsadüfi mobil nömrələrin bazasına əsaslanıb. Statistik xəta marjası maksimum 2 faizdir.

Avropanın gizli planı

Avropa dövlətlərinin ABŞ-ın yaratdığı nəzarət mexanizmlərindən öz maraqları üçün istifadə etməyə çalışması yeni fikir deyil. ABŞ-ın Avropa siyasətinə və dünyanın digər regionlarına təsiri illərdir danışıla-danışıla gəlib. Amma indi vəziyyət dəyişib: artıq bu alətlər Qoca Qitənin özündə, ilk növbədə London və Brüsselin əlində Kiyevə təzyiq vasitəsinə çevrilir.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, Alp dağlarında gizli görüş keçirilib. İddialara əsasən, ABŞ, Böyük Britaniya və Ukraynanın nümayəndələri orada “hakimiyyət transferi”ni müzakirə ediblər. Masanın arxasında sabiq baş komandan Valeri Zalujnı, Prezident Administrasiyasının rəhbəri Andrey Yermak və Ukrayna kəşfiyyatının başçısı Kirill Budanov olub. İddiaya görə, onlar Zelenskinin əvəzlənməsinə razılaşıb, amma şərt irəli sürüblər - öz kreslolarını saxlamaq. Kreml bu xəbəri “özlüyündə hər şeyi deyən” adlandırıb, fransız siyasətçisi Florian Filippo isə “Ukraynanın sadəcə NATO-nun əlində oyuncaq olduğunu” bəyan edib.

Avqustda Ukrayna Mərkəzi Seçki Komissiyası ilə Britaniya seçki orqanı arasında imzalanan memorandum da bu ssenarini gücləndirən fakt kimi təqdim olunur. Çoxları bunu “seçki infrastrukturunun idarəçiliyinin ələ keçirilməsi” adlandırır. Üstəlik, MSK rəhbəri Oleq Didenko Zelenskiyə xüsusi simpatiya ilə seçilmir. Bu isə “hakimiyyət transferi” üçün əsl münbit şərait yaradır.

Valeri Zalujnı kimdir?

Siyasi oyunların mərkəzinə düşən bu ad təsadüfi deyil. Zalujnının bioqrafiyası klassik hərbçi hekayəsidir: taqım komandirindən Ukrayna Silahlı Qüvvələrinin baş komandanına qədər uzanan yol.

– Təhsil: 1997-ci ildə Odessa ali birləşmiş komandirlik məktəbini, 2007-ci ildə isə Ukrayna Müdafiə Akademiyasını bitirib. 2020-ci ildə beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi alıb - bu, onun hərbi dairələrlə kifayətlənməyəcəyinin, siyasətə göz dikdiyinin açıq işarəsidir.

– Hərbi xidmət: 1997-dən müxtəlif komandanlıq vəzifələrində olub. 2014-cü ildə Donbas döyüşlərində, o cümlədən “Debaltsevo qazanı”nda iştirak edib.

– Baş komandan: 2021-ci ildə Zelenski onu Silahlı Qüvvələrin baş komandanı təyin etdi. O, sovet ordusunda xidmət etməmiş ilk ukraynalı baş komandan idi. NATO standartlarını orduda tətbiq etməsi, Qərbə inteqrasiyanı açıq dəstəkləməsi ilə seçilirdi.

Strategiya və ziddiyyətlər

Zelenski ilə Zalujnı arasında əsas fikir ayrılığı taktiki yanaşmada idi. Zelenski hücumçu xətti seçirdi, Zalujnı isə ehtiyatlı, müdafiə yönümlü strategiyanı müdafiə edirdi.

Maraqlı məqamlardan biri də onun Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovu “əsas müəllimim” adlandırmasıdır. Zalujnı rus hərbi elmini “dünyadakı hərbi biliklərin mərkəzi” kimi təqdim etmişdi. Bu sözlər Kiyevdə də, Qərb mətbuatında da böyük rezonans doğurdu.

Onu hətta “Şimal axınları”nın partladılmasında da şübhəli bilmişdilər. Amma Zalujnı bu ittihamı rədd edərək, “belə əməliyyatlar yalnız xüsusi xidmətlərin işi ola bilər” dedi.

Reytinqdə artım və “siyasi sürgün”

Zelenski ilə Zalujnının mübahisəsi hələ müharibədən öncə başlamışdı. The Time-ın yazdığına görə, general qarşıdurmanın labüdlüyünə inanırdı, Zelenski isə əksinə, bu fikri rədd edirdi. Müharibə başlayandan sonra isə Zalujnının reytinqi sürətlə artmağa başladı. Artıq 2022-ci ilin payızında onu “gələcəyin prezidenti” adlandıranlar az deyildi.

Bu vəziyyət Zelenskini ciddi narahat etdi. 2024-cü il fevralın 8-də o, Zalujnını vəzifədən uzaqlaşdıraraq yerinə daha loyal Aleksandr Sırskiyini gətirdi.

Zalujnının Britaniyaya səfir, ardınca Beynəlxalq Dəniz Təşkilatında Ukraynanın daimi nümayəndəsi təyin olunması isə əksər müşahidəçilər tərəfindən “şərəfli sürgün” kimi dəyərləndirildi - məqsəd onu siyasət meydanından uzaqlaşdırmaq idi.

Amma bu plan işə yaramadı. 2025-ci ilin mayında keçirilən sorğular göstərdi ki, Zalujnıya 70 faiz ukraynalı inanır. Analitiklərin fikrincə, seçkilər bu gün keçirilsəydi, o, qələbəni təmin edərdi. Onu açıq dəstəkləyənlər arasında yüksək rütbəli generallar - o cümlədən general-mayor Dmitri Marçenko var. Üstəlik, artıq Ukraynanın üç şəhərində küçələr onun adına verilib.

Müharibə burulğanında dəyişkən rəylər

Tammiqyaslı müharibə şəraitində ictimai rəy cəbhə xətti qədər oynaqdır. Hakimiyyətə etimad məsələsi isə indiki kimi kəskin heç vaxt olmayıb. Son dərc olunan sorğu nəticələri yenidən diqqəti prezident Vladimir Zelenskinin fiquruna yönəltdi. Ukraynalıların ona münasibəti ziddiyyətli, çoxqatlı və dəyişkəndir - xarici və daxili faktorların təsirindən gah möhkəmlənir, gah da zəifləyir.

Xarici siyasət fonunda artan dəstək

İlin əvvəlində aparılan tədqiqatlar maraqlı tendensiyanı ortaya qoydu: Zelenskiyə etimad göstəricisi yüksəlməyə başlayıb. Bu, Rusiya işğalından sonra ilk belə haldır. 2023-cü ilin noyabrında 53 faiz olan etimad səviyyəsi, yanvarda 57 faizə qalxmış, son ölçmələr də bu müsbət dinamikanın davam etdiyini göstərmişdi.

Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KMİS) min nəfər arasında keçirdiyi sorğu nəticələri bunu təsdiqlədi: fevralın əvvəlində Zelenskiyə 57 faiz respondent güvənirdi. Ən önəmlisi, onun dəstəyi ölkənin bütün regionlarında 50 faizdən yuxarı idi.

Amma bu rəqəmlər tənqidçilərin gözündən yayınmadı. Ən sərt çıxış okeanın o tayından gəldi. ABŞ hökumət effektivliyi departamentinin rəhbəri İlon Mask KMİS-i “USAID-dən maliyyələşmə” ittihamı ilə hədəfə aldı və institutun nəticələrini qərəzli adlandırdı.

Tənqidlərə cavab və etimad mexanizmləri

KMİS-in icraçı direktoru Anton Qruşetski bu iddiaları qəti şəkildə rədd etdi. Onun sözlərinə görə, institut heç vaxt ABŞ qrantı almayıb, sorğu isə tam olaraq onların təşəbbüsü ilə aparılıb. Əksinə, Qruşetski Tramp administrasiyasının istinad etdiyi “4 faizlik dəstək” rəqəmini sual altına qoydu.

“Dəstək və etimad - bir-birindən fərqli anlayışlardır, biz onları ayrıca ölçürük”, - deyə o, DW-yə müsahibəsində açıqladı. Hətta başqa bir KMİS tədqiqatının Zelenskiyə dəstəyin etimaddan da yüksək olduğunu göstərdiyini vurğuladı.

Qruşetskinin sözlərinə görə, maraqlı qanunauyğunluq var: “Prezident xarici siyasət kontekstində çıxış edəndə - beynəlxalq forumlarda səhnəyə çıxanda, Qərbdən yardım qoparanda - onun reytinqi artır. Amma söhbət daxili siyasətə, korrupsiya və ya səfərbərlik məsələlərinə gələndə, etimad dərhal azalır”.

Bu müşahidə göstərir ki, ukrayna cəmiyyəti lider ətrafında yalnız xarici arenada konsolidasiyaya meyllidir, daxildəki problemlər isə dərhal narazılıq dalğasına çevrilir.

Müharibə dövründə sosiologiyanın çətinlikləri

Müharibə ukrayna sosiologiyasının işinə də ciddi təsir göstərib. Əsas məhdudiyyət - ölkənin bir hissəsinə nəzarətin itirilməsi ilə bağlıdır.

“Kiyevo-Mohilyan Akademiyası”nın professoru Aleksey Qaran bildirir ki, mobil rabitə olan bölgələrdə telefon sorğuları davam edir. Amma Xerson və Donetsk vilayətlərində üzbəüz sorğulardan təhlükəsizlik səbəbi ilə imtina edilib. İşğal altındakı ərazilərdə yaşayanların rəyini öyrənmək isə demək olar, mümkünsüzdür - insanlar qorxu içindədir və hər hansı suala cavab verməkdən imtina edirlər. Qaran hesab edir ki, onların mövqeyi prezidentin legitimliyinə ciddi təsir etməyəcək, çünki bu insanların seçkilərdə iştirak etməsi inandırıcı deyil.

Digər problem - milyonlarla qaçqının rəyi. Qruşetskinin fikrincə, onların göstəriciləri daxildəki rəylərdən çox da fərqlənmir. Amma təhlükəli tendensiya var: qaçqınlar tədricən Ukrayna siyasətinə marağını itirirlər. KMİS-in 2024-cü ilin mayında Polşa, Almaniya və Çexiyada apardığı sorğu göstərdi ki, 801 respondentdən üçdə biri artıq Ukrayna xəbərlərinə maraq göstərmir. Cəmi üçdə biri isə növbəti seçkilərdə səs vermək istədiyini deyib.

Əgər bu proses uzansa, gələcək seçkilərin legitimliyi üçün ciddi sual işarələri yarana bilər.

Kreml gündəmində Zelenski

Zelenskinin reytinqi mövzusu artıq Kreml divarlarından da eşidilir. Vladimir Putin Rusiya mediasına verdiyi müsahibədə iddia edib ki, Zelenskinin dəstəyi sabiq baş komandan Valeri Zalujnının göstəricilərindən iki dəfə aşağıdır. Onun sözlərinə görə, Zalujnı “mümkün ən yaxın siyasi rəqib” kimi görünür.

KMİS-in rəhbərlərindən Anton Qruşetski isə bu cür müqayisələri tam düzgün hesab etmir. O, xatırladır ki, Zalujnı hələ öz siyasi ambisiyalarını açıq təsdiqləməyib. Amma etiraf edir ki, hərbçilərə cəmiyyətdə ənənəvi olaraq yüksək etimad göstərilir və onlar reytinq sorğularına daxil ediləndə nəticə təhrif oluna bilər: “Onlar digər namizədlərin səsini özlərinə çəkirlər”.

Hipotetik seçkilərin kölgəsində

Hərbi vəziyyət davam etsə də, hipotetik seçkilərlə bağlı söhbətlər getdikcə daha da artır. Uzun müddət ukrayna sosioloqları arasında bu barədə rəqəmləri açıqlamamaq haqda yazılmamış razılaşma vardı. Amma o sərhəd artıq pozuldu. Keçən həftə “Ukrainskaya Pravda” nəşri “Sosial və Marketinq Araşdırmaları Mərkəzi SOCİS”in sorğu nəticələrini dərc etdi. SOCİS-in sabiq deputat, Poroşenkonun seçki kampaniyalarının rəhbəri olmuş İqor Qrınıvla bağlılığı da diqqətdən yayınmadı.

Sorğuya 13 namizədin adı daxil edilmişdi. Zalujnı ilə yanaşı, daha üç hərbçi də siyahıda idi: kəşfiyyat rəhbəri Kirill Budanov, 3-cü hücum briqadasının komandiri Andrey Biletski və Milli Qvardiyanın “Azov” briqadasının komandiri, “Redis” ləqəbli Denis Prokopenko.

Rəqəmlərə gəlincə: SOCİS-in nəticələrinə görə, seçki indi keçirilsəydi, Zalujnı 27,2 faizlə lider olacaqdı. Zelenski isə cəmi 15,9 faiz səs toplayardı. Poroşenko isə 5,6 faizdə qalırdı. Amma ən maraqlı detal - 21,6 faizin hələ də qərarsız olmasıdır.

Sosioloji rəqəmlərin arxasında nə dayanır?

Bu göstəricilər geniş müzakirələrin predmetidir. Bir tərəfdən, onlar cəmiyyətdə “güclü əl” istəklərinin artdığını və hərbçi fiqurlara inamın yüksək olduğunu göstərir. Digər tərəfdən, bu, siyasi mübarizənin bir parçası ola bilər - çünki savaş şəraitində belə siyasi savaş dayanmayıb.

Nə gözlənilir?

Ukrayna siyasətində reytinqlər son dərəcə dəyişkən və həssasdır. Hakimiyyətin hər addımı, hər xarici açıqlama, hər yeni qərar dərhal rəqəmlərə təsir edir.

Aydındır ki, Zelenskiyə etimad sabit göstərici deyil. O, birbaşa olaraq hakimiyyətin əsas problemlərlə necə baş çıxarmasından asılıdır - davam edən hərbi yardım, mümkün əks-hücum, korrupsiyaya qarşı mübarizə və səfərbərlikdə ədalət.

Sosioloji rəqəmlər quru statistika deyil. Onlar xalqın nəbzidir. Və bu nəbz indiki kimi çətin və qeyri-müəyyən dövrdə daha diqqətlə izlənməlidir.(BakuNetwork)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.