Dünya, bəlkə də, Ukraynada müharibə başlayandan bəri ən önəmli diplomatik hadisəyə sayılı günlər qalanda nəfəsini içinə çəkib gözləyir. Avqustun 15-də ABŞ-ın Alyaska ştatında Donald Tramp və Vladimir Putin eyni masa arxasında əyləşəcək. Bu, nəinki Trampın Ağ Evə qayıdışından və Rusiyanın hərbi müdaxiləsindən sonra iki liderin ilk canlı təmasıdır, həm də Vaşinqtonun sanksiya ritorikasından birbaşa “müharibəni bitirəcək sövdələşmə” müstəvisinə keçmək niyyətinin açıq mesajıdır.
Toplantının məkanı təsadüfi seçilməyib. Alyaska - Rusiyaya ən yaxın ABŞ ərazisidir, aralarında cəmi Bering boğazının dar zolağı var. 1867-ci ildə Çar Rusiyası tərəfindən ABŞ-a satılmış bu torpaq Kreml üçün itirilmiş mirasın xatırlatmasıdırsa, Vaşinqton üçün - coğrafi yaxınlıq və “vasitəçisiz danışıqlar” imkanı deməkdir. Putinin köməkçisi Yuri Uşakov seçimi “məntiqli” adlandırıb. Amma buradakı məntiq təkcə qısa uçuş məsafəsi deyil - Alyaska həm də o məkanı simvolizə edir ki, sammit ABŞ torpağında baş tutur, masanın sahibi amerikalardır.
Görüşün gündəliyində Tramp iki əsas mövzu açıqlayıb: Ukraynada atəşkəs və “ərazilərin dəyişdirilməsi” məsələsi. Bu ifadə özü-özlüyündə partlayıcıdır. Wall Street Journal-ın məlumatına görə, ilkin müzakirələrdə söhbət Putinin Donetsk və Luqansk vilayətlərinə nəzarətinin tanınması müqabilində döyüşləri dayandırmaq istəyindən gedir. Kiyev üçün bu variant qətiyyən qəbuledilməzdir. Prezident Vladimir Zelenski açıq deyib: “Ukraynalılar öz torpağını işğalçıya peşkəş etməyəcək.” Amma Tramp üçün hər zaman olduğu kimi əsas meyar - razılaşmanı “əsrin sövdəsi” kimi təqdim edib siyasi dividend qazanmaqdır.
Vəziyyəti daha maraqlı edən kontekst də var. Avqustun 8-də Tramp Putinə verdiyi ultimatumun vaxtı bitdi: ya atəşkəsə razılıq, ya da Rusiya neftini alan bütün ölkələrə qarşı ikinci mərhələ sanksiyalar. Ultimatum sərt səsləndi, amma xüsusi elçi Stiv Uitkofun Moskvaya səfərindən sonra Ağ Ev bu sanksiyalardan danışmağı dayandırdı. İndi təhdidlər əvəzinə ən yüksək səviyyədə görüş vədi var. Elə bil Vaşinqton tonunu bilərəkdən yumşaldıb ki, liderlərin şəxsi kontaktı alınsın.
Avropa isə bu dinamikanı ehtiyatla izləyir. Avqustun 10-u gecə saatlarında Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Polşa, Finlandiya liderləri və Avropa Komissiyasının sədri birgə bəyanat yayaraq açıq şəkildə bildirdilər: Ukraynanın gələcəyi ilə bağlı danışıqlar yalnız Kiyevin iştirakı və yalnız döyüşlər dayandırıldıqdan sonra mümkündür. Onlar beynəlxalq tanınmış sərhədlərin güc yolu ilə dəyişdirilməsini “qətiyyən yolverilməz” adlandırdılar. Mətndə Trampın sülh üçün “səyləri” alqışlansa da, Avropa xəbərdarlıq edir: sərt təhlükəsizlik təminatları və Ukraynanın iştirakı olmadan hər hansı razılaşma boş kağızdan fərqli olmayacaq.
Beləliklə, qarşıdakı Alyaska sammiti mürəkkəb kombinasiyaya çevrilir. Tramp bir tərəfdən, Baydenin, Makronun, Şoltsun bacarmadığı yerdə müharibəni dayandıra biləcək “sülh qəhrəmanı” roluna iddialıdır. Digər tərəfdən isə risk böyükdür: onun təşəbbüsü, xüsusilə Avropa paytaxtlarında, Putinə güzəşt kimi qəbul oluna bilər. Artıq ehtiyatlı səslər eşidilir ki, bu sammit Ukraynanın maraqlarının “tez nəticə” naminə qurban verildiyi bir sövdələşmənin başlanğıcı ola bilər.
Putin Alyaska sammitindən nə gözləyir?
ABŞ prezidenti Donald Tramp gələn cümə Alyaskada Rusiya lideri Vladimir Putinlə görüşəcəyini açıqlayıb. Məqsəd - Ukraynada müharibənin dayandırılması yollarını müzakirə etmək.
Təxminən yeddi aydır Moskva və Vaşinqton bu mövzuda ehtiyatlı diplomatik oyun aparırdı. İndi isə Trampın 15 avqust tarixində Alyaskada Putinə əl uzatması, xüsusilə bu torpağın 1867-ci ildə Çar Rusiyası tərəfindən hərbi borcların təzyiqi altında ABŞ-a cəmi 7,2 milyon dollara satıldığı tarixi fon, prosesə simvolik çalar qatır.
Bu addım ABŞ siyasətində nəzərəçarpacaq dönüşdür. Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsindən bəri Qərb Putinlə masa arxasına oturmaqdan imtina edib, onu yüz minlərlə ölüm və dağıntının əsas məsuliyyətçisi kimi təcrid edib. İndi isə ABŞ prezidentinin onunla görüşməyə hazır olması Kremlin diplomatik qələbəsi kimi qiymətləndirilir.
Amma Kiyevin iştirakı olmadan danışıqların real nəticə verməsi ehtimalı son dərəcə azdır. Prezident Vladimir Zelenski artıq Trampın “ərazilərin dəyişdirilməsi” ehtimalından sonra sərt reaksiya verib: “Ukraynalılar torpaqlarını işğalçıya verməyəcək.” Bu səbəbdən Avropa və Ukrayna liderləri dərhal ABŞ rəsmiləri ilə Londondan kənarda görüşərək narahatlıqlarını müzakirə ediblər.
Niyə məhz indi?
Tramp yanvarda Ağ Evə qayıdandan bəri ABŞ və Rusiya bir neçə dəfə sammit mövzusunu gündəmə gətirib. Putin maraqlı görünməsinə baxmayaraq, cəbhədə üstünlük qazandığını düşündüyü müddətdə müharibəni bitirmək istiqamətində real addım atmaq istəməyib.
Rusiyaya münasibətdə ilkin mərhələdə daha yumşaq mövqedə olan və Ukraynaya hərbi yardımı tənqid edən Tramp da görüşü təxirə salıb, çünki sülh perspektivini zəif görürdü. O, dəfələrlə əsəbiləşdiyini gizlətməyib və sonda Putinə ultimatum verib: cümə gününə qədər atəşkəs və ya yeni sanksiya və gömrük rüsumları.
Keçən həftə Tramp bu təhdidlərin bir hissəsini reallaşdırdı - Rusiya nefti almaqda davam etdiyi üçün Hindistandan idxala 50 faizlik rüsum tətbiq etdi. Maraqlıdır ki, Rusiyanın sammit üçün rəsmi müraciəti məhz bu sanksiyaların tətbiqi üçün qoyulan son tarixdən bir gün öncə gəlib.
Putin nə istəyir?
Kreml rəhbəri bu görüşü həm vaxt qazanmaq, həm də Vaşinqtonla gərgin münasibətləri yumşaltmaq fürsəti kimi görə bilər. Daha geniş planda isə sammit onun siyasi fəlsəfəsinə tam uyğundur: böyük dövlətlər öz təsir zonalarını özləri müəyyən etməlidir. Bu, 1945-ci ildə Yaltada Stalinin Ruzvelt və Çörçillə Avropanı “bölüşdürməsi” modelinə bənzəyir.
Putin hesab edir ki, Rusiyanın nəhəng nüvə arsenalı, enerji resurslarından başqa qlobal bazara az şey çıxarmasına baxmayaraq, ölkəni dünya gücü edir. SSRİ-nin dağılmasını “əsrin ən böyük geosiyasi faciəsi” adlandıran o, illərdir Moskvanın Ukrayna üzərində nəzarətini bərpa etməyə çalışır.
İstanbulda üç raund aparılmış Rusiya–Ukrayna danışıqları Kremlə cəbhədə əldə edə bilmədiyini masada qazanmaq imkanı verib. Tramp ilə görüşdə Putin yəqin ki, yenə maksimalist şərtlər irəli sürəcək: Ukraynanın şərqinin Rusiyaya məxsusluğunu tanımaq, NATO-ya üzvlükdən imtina, alyansın keçmiş sovet respublikalarına genişlənməsinə qadağa, Ukrayna ordusunun sayının məhdudlaşdırılması və Kiyevdə Moskvaya yaxın hökumətin təminatı.
Tramp üçün risklər və imkanlar
Tramp seçki kampaniyasında “Ukrayna müharibəsini 24 saata bitirəcəyəm” vədini vermişdi. Bu müddət çoxdan keçib, amma o, hələ də özünü “sövdələşmələrin ustası” hesab edir. Üstəlik, Nobel Sülh Mükafatını açıq-aşkar hədəf kimi görür və bunu Ukrayna münaqişəsi də daxil olmaqla bir neçə böhranın həlli ilə bağlayır.
Onun mövqeyi il ərzində dəyişib. İlkin mərhələdə Kremlə daha yaxın görünən və fevralda Oval kabinetdə Zelenskiyə təzyiq göstərən Tramp, sonradan Putinlə bağlı əsəbləşərək Ukraynaya silah yardımını bərpa edib, şəhərlərin bombalanmasını “rüsvayçılıq” və “iyrənclik” adlandırıb. Bir ay əvvəl isə Rusiya liderini açıq tənqid edib.
İndi isə yenidən sülh ritorikası ön plandadır. “Hamı bu müharibənin bitməli olduğu ilə razıdır və biz bunu yaxın günlər və həftələrdə təmin etmək üçün işləyəcəyik,” - deyə o, öz sosial platformasında yazıb.
ABŞ-ın Rusiyaya qarşı əlində hansı rıçaqlar var?
Tramp sərt birbaşa və ikinci dərəcəli sanksiyalarla hədələsə də, onların təsirli olmaya biləcəyini etiraf edib. Əvvəlki ABŞ prezidentləri sammit razılığını adətən real güzəştlərlə müşayiət olunan sülh irəliləyişlərinə bağlayırdı. İndiki vəziyyətdə isə Putinin mövqeyində dəyişiklik əlaməti yoxdur.
Rusiyanın enerji satışından əldə etdiyi gəlir ona ən sərt Qərb sanksiyalarına dözmək imkanı verir, ABŞ-la birbaşa ticarət dövriyyəsi isə minimum səviyyədədir. Tramp hələ ki, Rusiya idxalına qarşı Hindistana və bəzi tərəfdaşlara tətbiq etdiyi kimi yüksək tariflər tətbiq etməyib. CNBC-yə müsahibəsində o deyib: “Neftin barel qiyməti daha 10 dollar düşsə, Putin adam öldürməyi dayandırar.” Amma o, Rusiya neftinin ən böyük alıcısı olan Çinə qarşı sanksiya addımı atmayıb, Hindistan isə açıq şəkildə alışları davam etdirəcəyini bildirib.
Ukraynanın reaksiyası
Müharibənin əsas tərəfi olan Ukrayna Alyaska sammitində təmsil olunmayacaq. Tramp Zelenski ilə Putindən sonra görüşəcəyinə söz verib, amma Kiyevin olmaması nəticələrin miqyasını elə başlanğıcdan məhdudlaşdırır. Avropa da prosesdə iştirak etməyəcək.
Trampın açıqlamasından bir neçə saat sonra Zelenski Kiyevdəki ofisindən videomüraciət yayaraq, Ukraynanın iştirakı olmadan bağlanacaq hər hansı sülh sazişini rədd etdiyini bildirdi: “Bizim haqqımızda verilən, amma Ukraynanın iştirak etmədiyi istənilən qərar - həm bizə qarşı, həm də sülhə qarşıdır. Onlar ölü qərarlardır, heç vaxt işləməyəcək.”
Avropa liderləri narahatdır ki, Tramp və Putin öz aralarında razılaşacaq, sonra isə bu şərtləri Ukraynaya qəbul etdirməyə çalışacaqlar. Avropa ölkələri suveren və müstəqil Ukraynanı qorumaq öhdəliyini vurğulayır və Rusiyanı ciddi strateji təhdid hesab edir. Onlar Zelenskinin növbəti görüşdə iştirakını tələb edirlər, amma Moskva buna qarşıdır.
Sorğular göstərir ki, ağır itkilərə və dağıntılara baxmayaraq, ukraynalıların böyük əksəriyyəti Kreml tərəfindən tələb olunan ərazi və digər güzəştləri rədd edir.
Üç əsas məqam
Birinci - Alyaskanın seçilməsi. Bu, həm simvolik, həm də praktik addımdır. Rusiya üçün burası bir vaxtlar “öz torpağı” sayılan ərazi, ABŞ üçün isə “sizin qapınızda, amma bizim meydanda” mesajıdır. Tramp üçün bu fon əlverişlidir: o, seçicilərə Kremlin qarşısına “öz sahəsində” çıxdığını göstərəcək və Avropa və ya Yaxın Şərq paytaxtlarında olduğu kimi müttəfiq təzyiqindən və mətbuat sızıntılarından qaçacaq. Putin üçün isə Alyaska həm uzun səfərlərdən yayınmaq, həm də “birbaşa əsas rəqiblə, vasitəçisiz danışıq” simvolikasını vurğulamaq imkanıdır.
İkinci - “iki plus sıfır” formatı. Hazırda plan təkbətək söhbət formatıdır, Zelenski iştirak etmir. Rəsmi olaraq, Kiyevin sonradan qoşulması istisna edilmir, amma diplomatiyada başlanğıc çərçivənin ikilik formatda müəyyənləşdirilməsi faktiki olaraq bütün parametrləri əvvəlcədən bağlayır. Sonradan digər tərəflər sadəcə bu çərçivəyə uyğunlaşdırılır. Bu, liderlərə manevr imkanı verir, amma Kiyevin mövqeyinə ağır zərbə vurur - Ukrayna sıfırdan formalaşdırmaq əvəzinə, hazır sənədə reaksiya vermək məcburiyyətində qalacaq.
Üçüncü - Trampın ritorikasındakı dəyişiklik. Bir həftə əvvəl o, ultimatum verirdi: atəşkəs və ya Rusiya nefti alanlara qarşı ikinci mərhələ sanksiyalar. İndi isə bu ultimatumdan əsər-əlamət yoxdur - əvəzində “ərazilərin dəyişdirilməsi” kimi ifadələr danışıqlara girib. Bu, Putinə Vaşinqtonun ticarətə hazır olduğunun, bəlkə də artıq ilkin paket təkliflər aldığına dair işarədir. Eyni zamanda Avropa və Kiyevə də siqnaldır: ABŞ-ın yanaşması Rusiyanı iqtisadi boğmaq strategiyasından kompromis sazişi strategiyasına keçir. Bu, əgər kompromis ərazi güzəştləri hesabına əldə olunarsa, müttəfiqlərin gözündə ABŞ-ın “ortaq xəttdən sapması” kimi görünə bilər.
Ssenari 1: “Amerika üsulu ilə sövdələşmə”. Bu variantda Tramp Putindən atəşkəs razılığı qoparır, əvəzində Rusiya Donetsk və Luqansk üzərində formal nəzarət əldə edir. Bəlkə də, Ukraynanın gələcək təhlükəsizlik zəmanətləri barədə şərtlər də əlavə olunur. Tramp üçün bu, dərhal siyasi kapitaldır: “öncəklərinin bacarmadığını bacaran lider” obrazını möhkəmləndirir. ABŞ daxilində isə bu, onun “sövdələşmələrin ustası” imicini təsdiqləyən bir uğur kimi təqdim olunacaq. Amma strateji qiymət çox ağırdır - Avropanın II Dünya müharibəsindən sonra qurulmuş “sərhədlərin toxunulmazlığı” prinsipi zədələnəcək. Moskva üçün bu, qələbələrin tanınması və güc yolu ilə ekspansiyanın özünü doğrultduğu mesajıdır. Kiyev üçün isə bu, suverenliyə vurulan elə bir zərbədir ki, hətta NATO üzvlüyü belə onu tam kompensasiya edə bilməz.
Ssenari 2: “Təxirə salınmış kompromis”. Görüş atəşkəs barədə çərçivə sazişi ilə bitir, amma dərhal ərazi güzəştləri olmur. Əvəzində Ukrayna hücum əməliyyatlarına başlamamağı, Rusiya isə cəbhə xəttini dondurmağı öhdəsinə götürür. Bu ssenari Trampa “ilk addım atdıq” mesajını vermək imkanı yaradar, ərazi məsələsini isə “növbəti mərhələyə” ötürər. Putin üçün bu, təzyiqsiz fasilədir - işğal olunmuş bölgələrdə möhkəmlənmək imkanı əldə edir. Ukrayna üçün isə bu, ikitərəfli qılıncdır: həm güclənmək üçün zaman qazana bilər, həm də faktiki olaraq işğalın legitimləşməsinə yol aça bilər.
Ssenari 3: “Avropa vetosu”. Aİ və NATO müttəfiqləri Vaşinqtona sərt təzyiq göstərərək tələb edirlər ki, bütün razılaşmalar Kiyevlə koordinasiya olunsun və Rusiyaya birtərəfli güzəşt olmasın. Belə halda Alyaska sammiti imzalanmış sənədsiz başa çatar, tərəflər yalnız dialoqu davam etdirmək niyyətini bəyan edərlər. Bu, diplomatik riskləri minimuma endirər, amma Tramp üçün - xüsusən seçki ili fonunda - “boş” nəticə deməkdir, hansı ki, o, asanlıqla qəbul etmək istəməyəcək.
Ssenari 4: “Sövdənin dağılması”. Danışıqlar ya Putinin sərt mövqeyi, ya da Trampın açıq güzəştlərə getmək istəməməsi səbəbindən dalana dirənir. Bu halda ABŞ kəskin sanksiyalar dalğası qaldıra bilər - Rusiya nefti alanlara qarşı ikinci mərhələ tədbirləri daxil olmaqla. Bu, gərginliyi pik həddə çatdırar, qarşıdurmanı alovlandırar, amma Trampa “hər qiymətə kompromisə getmədim” demək imkanı verər.
Hər bir ssenari iştirakçılar üçün həm imkan, həm də təhlükə daşıyır. ABŞ üçün əsas məsələ - Trampın şəxsi “sövdələşmə ustası” imicini NATO öhdəlikləri və beynəlxalq hüququn prinsipləri ilə necə uzlaşdıracağıdır. Rusiya üçün - ərazi qazanclarını rəsmiləşdirərək sanksiya təzyiqini yumşaltmaq şansı. Ukrayna üçün - Qərbin dəstəyini qoruyub saxlamaq və siyasi dözümlülüyünü sınamaq anıdır.
Reallıq çox güman ki, bu ssenarilərin qarışığı olacaq. Amma bir şey dəqiqdir: 15 avqustda Alyaska sadəcə bir görüş yeri deyil, Avropada müharibə və sülhün bütün məntiqinin yenidən başladığı məqam ola bilər.
Tramp, Putin və Avropa: Alyaska sammiti öncəsi sinirlərin oyunu
Siyasətdə elə anlar olur ki, hər söz sadəcə bəyanat yox, dövlətlərin strategiyasını dəyişdirə biləcək bir siqnala çevrilir. Avqustun 10-u axşamı Avropa paytaxtları sinxron mesaj verdi: Ukraynanın iştirakı və atəşkəs olmadan ölkənin gələcəyi barədə danışıqlar mümkün deyil. Üzdə bu, əvvəlki mövqelərin təkrarı kimi görünür, amma əslində - ABŞ prezidenti Donald Trampa yönəlmiş aydın xəbərdarlıqdır. Cəmi bir neçə gün sonra, 15 avqustda, o, Vladimir Putinlə Alyaskada görüşməyə hazırlaşır ki, Ukrayna müharibəsinin sonunu masaya gətirsin.
Prinsipial bölünmə
Tramp özünəməxsus üslubunda məsələni qısa kəsdi: “ərazilərin dəyişdirilməsi”. Detallara varmadı, amma Vaşinqton və Moskva mənbələrindən sızan məlumatlar Kremlin atəşkəs müqabilində Ukraynanın Donetsk və Luqanskdan imtinasına razı olmağa hazır olduğunu göstərir. Moskva üçün bu - artıq işğal etdiyi ərazilər üzərində nəzarəti rəsmiləşdirməkdir. Vaşinqton üçün - münaqişəni bitirmək üçün potensial fürsət. Kiyev üçün isə - beynəlxalq hüququn əsas prinsipini dağıdan, qəbuledilməz ssenari.
Avropa sammitdən bir gün əvvəl qabaqlayıcı addım atdı: “Aqressora ərazi güzəştləri ilə qurulan sülh - sülh deyil, növbəti müharibənin təxirəsalınmasıdır.” Bu bəyanatı Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Finlandiya, Polşa liderləri və Avropa Komissiyasının rəhbəri imzaladı. Formul aydındır: atəşkəs yalnız ilk addım ola bilər, Ukraynanın iştirakı mütləqdir, beynəlxalq tanınmış sərhədlərin yenidən nəzərdən keçirilməsi isə mümkünsüzdür.
Zelenski və “birbaşa xətt” diplomatiyası
Ukrayna prezidenti Vladimir Zelenski 10 avqust səhəri ritorikasını Avropa müttəfiqləri ilə sinxronlaşdırdı. O xatırlatdı: ərazi məsələsi artıq Ukrayna Konstitusiyasında təsbit olunub və bundan geri dönüş olmayacaq. Zelenski Tramp ilə danışıqlar ideyasını rədd etmədi, amma “qırmızı xətləri” çəkdi: “Ukraynasız verilən hər hansı qərar sülhə qarşı qərardır.”
Elə həmin gün prezidentin ofis rəhbəri Andrey Yermak və Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov Londonda ABŞ vitse-prezidenti Cey Di Vens və əsas Avropa dövlətlərinin milli təhlükəsizlik müşavirləri ilə qapalı görüş keçirdilər. Sızan məlumatlara görə, söhbət atəşkəsin mümkün şərtlərindən və qarşılıqlı ərazi razılaşmalarından gedib: Donetskin verilməsi əvəzində Rusiyanın Zaporojye və Xersondan çəkilməsi kimi formullar müzakirə olunub.
Niyə Alyaska və niyə məhz indi...
Tramp–Putin görüşü üçün seçilən Alyaska siyasi simvolizmi ilə diqqət çəkir. Bir vaxtlar Rusiya imperiyasına məxsus olmuş bu torpaq indi neytral məkan kimi təqdim edilir, amma tarixi alt-məna açıqdır. Kreml bunu “məntiqli seçim” adlandırır - Bering boğazı ilə qonşuluq.
Əsl məntiq isə vaxtlamadadır. Sammitin tarixi Trampın verdiyi ultimatumun bitməsi ilə üst-üstə düşür: Moskva atəşkəsə razılaşmasa, Rusiya nefti alan ölkələrə ikinci mərhələ sanksiyaları tətbiq ediləcəkdi. Xüsusi elçi Stiv Uitkofun son Moskva səfərindən sonra isə Tramp bu “deadline” barədə danışmağı dayandırdı ki, bu da Avropa müttəfiqləri arasında suallar doğurdu.
Vaşinqton iki xətt arasında
Ağ Evin mövqeyi sammit ərəfəsində hələ də ziddiyyətlidir. CBS və Washington Post-un mənbələri Trampın Zelenskini Alyaskaya dəvət etməyi istisna etmədiyini deyir. Amma hələlik söhbət yalnız Putinlə ikitərəfli görüşdən gedir. Belə formatın riskləri aydındır: Ukraynanın iştirakı olmadan ölkənin taleyi barədə müzakirə aparmaq, ABŞ-ın vasitəçi kimi etibarlılığını sarsıdacaq və Avropadakı müttəfiq sisteminə kölgə salacaq.
Əgər Tramp və Putin “ərazi dəyişimi” barədə Kiyevsiz razılaşsalar, bu, Qərb diplomatiyasının geri çəkilməsi kimi görünəcək və digər revanşist rejimlərə açıq siqnal olacaq: sərhədləri güc yolu ilə dəyişmək mükafatlandırılır. Avropa bunu anlayaraq işləyə biləcəyi çərçivələri sərt şəkildə müəyyənləşdirib.
15 avqust göstərən gün olacaq ki, ABŞ müttəfiqlərinin və Ukraynanın mövqeyini nə dərəcədə nəzərə almağa hazırdır. Bu sammit sadəcə iki liderin görüşü deyil - Avropanın təhlükəsizlik memarlığının gələcəyi üçün imtahan nöqtəsidir.
15 avqustda baş tutacaq görüş təkcə iki prezidentin dialoqu deyil, yeni bir danışıqlar formatının başlanğıcı ola bilər. Bu formatda Avropa müşahidəçi, Ukrayna isə ya başqalarının çəkdiyi xəttə uyğunlaşan, ya da prosesdən kənarlaşan tərəf rolunda qalacaq. Əsas sual - Tramp bu sammiti ABŞ diplomatiyasının qələbəsi kimi göstərə biləcəkmi, yoxsa o, Rusiyanın gündəliyinə addım atmış kimi görünəcək?(BakuNetwork)