DÖYÜŞ YOX, SÖVDƏLƏŞMƏ: Fələstinlilər Xilafət və ya Əmirlik yaratmaq istəyirlər
GEOSİYASİ ANALİZ - PROQNOZ

“İki dövlət” prinsipi üzərində qurulmuş klassik Fələstin-İsrail nizamlama mexanizmi bu gün demək olar ki, siyasi səhnədən tam çəkilib, ümid işığı isə gözlə görünməyəcək qədər zəifləyib. 2023-cü il oktyabrın 7-də baş verən qanlı hadisələr tərəflər arasındakı onsuz da kövrək inamı kökündən sarsıtdı və bir çox analitiklər yaranmış boşluğu artıq geri dönüşü olmayan mərhələ kimi qiymətləndirirlər. Lakin elə məhz bu boşluqda əvvəllər ağla belə gətirilməyən alternativ ssenarilər cücərməyə başlayıb.


Belə cəhdlərdən biri Həbrunda - Qərb Sahilinin cənubunda yerləşən, tarixi və siyasi baxımdan olduqca həssas bir məkanda ortaya çıxıb. Bölgənin ən böyük tayfa klanlarının nüfuzlu şeyxlərindən ibarət qrupun başında dayanan Vadi əl-Caabari (digər adıyla Əbu Sanad) ilk dəfə açıq şəkildə bəyan edib ki, Fələstin Administrasiyasının tabeliyindən çıxmağa və İsraillə yeni model əsasında əməkdaşlığa getməyə hazırdır.


Bu addım, əslində, son 30 ildə formalaşmış sülh arxitekturasına açıq çağırış sayıla bilər. Onların imzaladığı sənəddə İsrailin yəhudi xalqının milli dövləti kimi özünü tanımasına razılıq ifadə olunub - halbuki Fələstin Administrasiyası belə bir addımı illərdir atmağa cəsarət etmirdi. Şeyxlər gizlətmirlər ki, Oslo razılaşmalarını unudub, Həbrunu Əbrahəm Sazişlərinin əhatəsindəki geniş regional əməkdaşlıq çərçivəsinə inteqrasiya etmək istəyirlər.


Bu bəyanat indiyə qədər formalaşmış fələstinçi siyasi şablonları alt-üst edir. Əslində söhbət ondan gedir ki, Həbrunda əsrlər boyu yerli sosial-iqtisadi qaydalara rəhbərlik etmiş tayfa elitaları yenidən söz sahibinə çevrilmək niyyətindədirlər - çox-çox əvvəldən, Fələstin Azadlıq Təşkilatı və ondan törəmiş Fələstin Administrasiyası meydana gəlməzdən əvvəl olduğu kimi.


Şeyxlərin açıq mətnlə dediyinə görə, Oslo sisteminin yaratdığı korrupsiyalaşmış, bürokratik mexanizmlər həbrunlular üçün faciədən başqa bir şey gətirməyib. Onların yerinə “Həbrun Əmirliyi” adlı yeni, muxtar idarəetmə modelini təklif edirlər; İsraillə birbaşa tərəfdaşlıq qurmaq, xüsusilə də məşğulluq və infrastruktur sahəsində, bu layihənin əsas sütunu hesab olunur. Simvolik məqam ondan ibarətdir ki, artıq minlərlə, ardınca beş min, hətta perspektivdə əlli min fələstinli fəhlənin işə götürülməsi üçün kvotalar müzakirə edilir. 7 oktybrdan sonra tamamilə çökmüş Fələstin iqtisadiyyatı fonunda bu təşəbbüs bəlkə də yeganə həyat xətti kimi görünür.


Əhalini nə sosial müdafiə ilə, nə də minimal təhlükəsizliklə təmin edə bilməyən Fələstin Administrasiyasının nüfuzu, demək olar, yerə düşüb. Şeyxlər açıq şəkildə vurğulayırlar ki, onların ərazisində terrora qarşı sıfır dözümlülük olacaq - bu, Ramallah rəhbərliyinin xəttinə birbaşa ziddir, çünki Ramallah hələ də silahlı qruplaşma üzvlərinin ailələrinə müavinətlər ödəyir.


İsrail siyasi mətbəxində Həbrun klanlarının təşəbbüsünə münasibət, hələlik, ehtiyatlı maraq çərçivəsindədir. Alternativ sülh modellərinə rəğbəti ilə tanınan iqtisadiyyat naziri Nir Barkat onlarla azı on dəfə görüşüb, baş nazir Benyamin Netanyahu isə müəyyən ümidlərini saxlayaraq prosesi irəliləməyə açıq buraxıb. İsrail cəmiyyətində də Ramallahla sonsuz və nəticəsiz danışıqlardan, zorakılıq qısır dövrlərindən yorulmuş insanlar belə bir “aşağıdan gələn” barış layihəsinə isti baxa bilərlər - əgər nəticədə real iqtisadi dividendlər əldə olunarsa.


Həbrunun sosial strukturu doğrudan da seçilir. Bu, hələ də tayfa və qohumluq tellərinin dövlət institutlarından qat-qat möhkəm legitimlik qazandığı azsaylı fələstinli bölgələrdəndir. Ənənəvi icmalarda şeyxlərin sözü, çox vaxt, məmurlardan qat-qat etibarlı və qəbulolunan sayılır. Şeyxlər məhz bu sosial dayağa arxalanaraq hesab edirlər ki, klan sədaqəti Fələstin Administrasiyasının bütün təzyiqlərini üstələyə bilər.


Barkatla birgə hazırlanan sənədlərə baxanda görünür ki, layihədə sərhəd divarının yaxınlığında min akrdan artıq ərazini əhatə edən iqtisadi zona da nəzərdə tutulur ki, bununla genişmiqyaslı məşğulluq proqramları başlansın. Gözlənilən əhatə dairəsi kifayət qədər böyükdür: ilkin mərhələdə təxminən 204 min nəfər, sonrakı mərhələdə isə əlavə 350 min nəfər - yəni dairə üzrə ümumi əhalinin böyük əksəriyyəti bu prosesə daxil edilə bilər.


Şeyxlərin ritorikası sərt və nümayişkardır. Onlar Fələstin Administrasiyasını açıq-aydın “xalqın deyil, ancaq vergi toplamağın aləti” adlandırırlar, onun əslində Fələstin Azadlıq Təşkilatının icad etdiyi bir mexanizm olduğunu deyirlər. Artıq onların dilində fələstin dövlətinə dair heç bir illüziya qalmayıb - əksinə, belə bir dövlətin heç vaxt qurulmayacağına dair qəti skeptisizm hiss olunur. Onların baxışında yeganə real yol, təhlükəsizlik və minimal sabitlik təmin edən İsraillə praqmatik ittifaqdır.


Bu siyasi dönüşün təsirləri xeyli uzağa gedir. Oslo sazişlərindən sonra ilk dəfədir ki, daxili fələstin qüvvələri bu qədər açıq şəkildə rəsmi hakimiyyətə meydan oxuyur, öz suverenlik modelini irəli sürür, onu da ənənəvi strukturların legitimliyinə və İsraillə birbaşa razılaşmalara bağlayır. Bu, təkcə lokal təşəbbüs deyil, həm də Qərb Sahilinin başqa şəhərlərinə də yayılması ehtimalı olan bir “test balonu”dur - çünki Ramallah rəhbərliyinin gücü başqa yerlərdə də eyni dərəcədə zəifdir.


Belə baxanda, Həbrun şeyxlərinin bəyanatı hansısa ekzotik eksperiment yox, əslində fələstin cəmiyyətinin özündə baş qaldıran dərin böhranın nişanəsidir. Çünki ənənəvi sosial dayaqlar, görünür, zəifləmiş formal institutların hesabına yenidən möhkəmlənmək istəyir. Bu, yeni Yaxın Şərq nizamına ünvanlanmış bir mesajdır: əgər köhnə düsturlar işləmir, deməli, yeni ittifaqlar və yeni hakimiyyət mərkəzləri üçün meydan açılır.


Qərb Sahilində formalaşmış kövrək tarazlığı sarsıda biləcək geosiyasi dəyişiklik, yavaş-yavaş da olsa, qaçılmaz şəkildə yetişir. Formal baxanda Həbrun şeyxləri ilə İsrailin məskunlaşma liderləri arasındakı bu təşəbbüs kompromis kimi görünür, amma əslində Ramallah mərkəzli milli dövlət quruculuğunun illərlə mövcud olan paradiqmasını sual altına alır - o paradiqmanı ki, süni şəkildə yaradılmış kimlik və mərkəzləşdirilmiş idarəetmə üzərində qurulmuşdu.


Məskunlaşanlar üçün də şeyxlərin təklifi kifayət qədər cazibədar görünür: zonanın “C” hissəsində mövcud sərhədlərə yenidən baxmaq imkanı yaradır və bunun müqabilində yəhudi yaşayış məntəqələrinin mövcudluğunu klanlarla “torpaq mübadiləsi” formatında leqallaşdıra bilər. Amma hələ ilkin mərhələdə belə, bu layihə suallar doğurur - nə qədər torpaq, harada, hansı təminatlar? Buradan isə əsas risk çıxır: plan daha bir ərazi bölgüsü dövrünü, zorakılıq və məhkəmə çəkişmələrini alovlandıran yeni mərhələyə çevrilə bilər.


Şeyxlərin məktubunda qeyd olunan və gələcək danışıqlara açıq buraxılan bəndlər də potensial sosial parçalanma riski daşıyır. Hətta klan rəhbərlərindən biri - məşhur Cabari nəsilinin başçısı - açıq şəkildə bildirib ki, Samariyadakı məskunlaşma liderləri ilə dialoqa hazırdır. Onların önündə Yossi Dağan dayanır, o da “iman adamları arasında sülh mümkündür” tezisinə inandığını deyir və xatırladır ki, şeyx Cabari ilə ilk dəfə on il bundan əvvəl görüşmüşdü, atasının cəsarətini və ənənələrin davamlılığını yüksək qiymətləndirir.


Bu təmasların arxasında “əmirlik modeli” ideyası boylanır - Qərb Sahilinin klan əsasında idarə olunan siyasi yenidənqurulması. Bu konsepsiyanı illərdir professor Mordexay Kedar müdafiə edir. Onun layihəsinə görə, hakimiyyət yeddi ən iri şəhər icmasına və onların ənənəvi liderlərinə ötürülməlidir. Kedar Fars Körfəzi ölkələrinə baxıb nəticə çıxarır: monarx ailələri uzun müddət sabitlik və xalqın sədaqətini təmin edə biliblər və bu baxımdan Qərbin Fələstin üçün zorla gətirdiyi milli dövlət modeli heç bir işə yaramır.


Kedar açıq deyir ki, Fələstin Azadlıq Təşkilatı və Administrasiyasının illərlə yaratmağa çalışdığı fələstinçi kimlik uğursuzluğa düçar olub - çünki tayfa sistemi kökündən sıxışdırıla bilməyib. Əksinə, Kedarın fikrincə, süni kimlik radikalizmi qızışdırıb və nəticədə HƏMAS boşluğu dolduraraq öz ekstremist gündəmini diqtə edib. Bir çox fələstinlinin gözündə isə doğma klanı hələ də ən təbii, sınanmış və güvənli sosial təminat şəbəkəsi kimi qalır.


Kedar üçün xüsusilə Həbrun ön plandadır - Qərb Sahilinin ən konservativ və tayfa bağları baxımından ən qapalı şəhəri. Onun baxışında Həbrun bu modelin sınaq poliqonuna çevrilə bilər, sonra isə Betləhəmdə və digər mərkəzlərdə tətbiq olunması mümkündür. Bu məntiqə görə klanlar, korrupsiyalaşmış və artıq nüfuzunu itirmiş Ramallah strukturlarını arxa plana sıxışdıraraq, yeni dayaq nöqtəsinə çevrilir.


Heç də təəccüblü deyil ki, şeyxlərin nümayəndələri Fələstin Administrasiyasına inamsızlıqlarını açıq şəkildə dilə gətirirlər. Onlar qorxurlar ki, Ramallah nəzarəti itirdiyi halda, Qəzzada HƏMAS-ın ssenarisini təkrarlayıb vəziyyəti qəsdən qarışdırar, nəticədə 7 oktyabr hadisələrinə bənzər bir qırğın baş verə bilər. Şeyxlərdən biri açıq şəkildə bildirib ki, ABŞ prezidenti Trampın və Birləşmiş Ştatların dəstəyi ilə Həbrun Dubay modelini təkrarlaya bilər, yəni sabitlik və rifah adacığına çevrilə bilər.


Bu “Fələstin əmirlikləri” konsepsiyası əslində İsrailin geosiyasi maraqlarını da əks etdirir. Çünki “iki dövlət” sülh planı faktiki iflic olub, “bir dövlət” seçimi isə demoqrafik sunami qorxusu yaradır. Bu şəraitdə əmirlik ssenarisi İsrailə təhlükəsizlik nəzarətini saxlamaqla yanaşı, yerli liderlərə müəyyən səlahiyyətlərin ötürülməsi baxımından kompromis variant kimi təqdim olunur. İqtisadiyyat naziri Barkat da məhz bu mənada beynəlxalq auditoriyanın çaşqınlığını izah edir: “Əgər nə iki dövlət, nə də bir dövlət mümkündürsə - bəs nə olacaq?” Kedarın cavabı yeni düstur kimi səslənir: dövlətçilik yox, “əmiratlaşdırma”.


Amma İsrailin öz daxilində belə bu ideyaya ciddi suallar var. Təhlükəsizlik qurumları, xüsusən ŞABAK və ordu otuz ildən çoxdur ki, Fələstin Administrasiyası ilə antiterror əməkdaşlığında işləməyə öyrəşib və onu yeganə tərəfdaş kimi qəbul edir. İndi isə şeyxlərə dəstək vermək, illərlə oturuşmuş institutlaşdırılmış sistemin dağıdılmasını tələb edir - bu isə israilli elita daxilində sərt sabotajla qarşılaşa bilər.


Hərbi və xüsusi xidmət orqanlarının narahatlığı başadüşüləndir: hakimiyyətin silahlı klanlara əsaslanaraq kəskin şəkildə yenidən bölüşdürülməsi Qərb Sahilinin digər şəhərlərində də domin effektini yarada bilər - xüsusən ənənəvi elitanın Həbrundakı qədər güclü olmadığı yerlərdə. Bu halda mövcud kövrək status-kvodan da daha dağıdıcı bir sosial xaos yaranar.


Bununla belə, klan liderləri öz dəstəklərinin artdığını və Fələstin Administrasiyasının getdikcə legitimlik itirdiyini iddia edirlər. Onların bəyanatlarında gizli təhdid də sezilir: hələlik onları hərəkətə keçməkdən çəkindirən yeganə səbəb İsrailin, Fələstin Administrasiyasını qorumaq naminə atacağı mümkün sərt cəza tədbirləridir. Əgər Təl-Əviv bu mövcud quruluşu sökməyə razılaşarsa, nəticələri bütün Yaxın Şərq üçün silinməz olacaq - çünki fələstin ərazilərinin əmiratlaşdırılması təcrübəsi təkcə Qərb Sahilini deyil, bütövlükdə bölgədəki milli öz müqəddəratını təyinetmə ideyasına əsaslanan münaqişə mexanizmini alt-üst edə bilər.


Əslində Həbrun ətrafında gedən bu təşəbbüsün arxasında sırf yerli kompromisdən daha irimiqyaslı bir niyyət görünür. Burada söhbət fələstin siyasi kimliyinin köklü şəkildə yenidən baxılmasından, yəni islahat dövründən əvvəlki tayfa və qəbilə idarəetmə modelinə qayıdışdan gedir. Üstəlik, məhz bu ənənəvi sistemin İsraillə birgə yaşayış qaydalarını yenidən yazması nəzərdə tutulur. Bu qaydalarda artıq klassik fələstin dövlətçiliyi obrazı yoxa çıxır və əvəzində sərt danışıqlara və hakimiyyəti hər vasitə ilə qorumağa öyrənmiş tayfa ittifaqları əsas meyara çevrilir.


Hazırda İsrailin siyasi və hərbi çevrələrində qızğın müzakirələr gedir və bu diskussiyanın gələcəkdə bütün Qərb Sahilinin taleyini həll edə biləcəyi istisna deyil. Müzakirənin mərkəzində bir sual dayanır: parçalanmış klan və nəsil şəbəkələrinə güvənərək, getdikcə iflas edən və nüfuzdan düşən Fələstin Administrasiyasının yerini doldurmaq mümkünmü?


Bir çox yüksək rütbəli israilli zabit buna skeptik yanaşır. Onların fikrincə, silahlı dəstələri, mürəkkəb daxili iyerarxiyası olan geniş ailə şəbəkələri stabil hakimiyyət qurmağa qadir deyil. İsrail ordusunun Mərkəzi Komandanlığının keçmiş rəhbəri, general-mayor Qadi Şamni açıq xəbərdarlıq edir: “Onlarla ailə ilə işləməyi sınayın, hərəsi yalnız öz qaydasına tabedir və silahlıdır - xaos tələsinə düşərsiniz”. Onun qənaətinə görə, mərkəzləşdirilmiş idarəetmə olmadan nə hüquq-mühafizə sistemi, nə də İsrail vətəndaşları üçün minimal təhlükəsizlik təmin edilə bilər.


İsrail ekspert dairələrinin içində fərqli baxış da mövcuddur. Məsələn, təsirli İsrail Müdafiə və Təhlükəsizlik Forumu adlı platformanın qurucusu, istefada olan briqada generalı Amir Avivi hesab edir ki, Fələstin Administrasiyası illər ərzində radikalizmin ocağına çevrilib - məktəblərdə zorakılığı təbliğ edən proqramlardan tutmuş, terrorçuların ailələrinə maliyyə dəstəyi göstərən sistemə qədər. Avivi düşünür ki, məhz klanlara arxalanmaq real alternativ ola bilər, xüsusən də əgər ŞABAK yaxın gələcəkdə yeni rəhbəri, sağ düşərgəyə yaxın hərbçi David Zininin başçılığı ilə prioritetlərini dəyişsə.


Avivi xüsusilə Həbrunun məşhur şeyxi Cabarinin fiquruna diqqət çəkir. Onun fikrincə, Cabari Qərb Sahilində nadir rast gəlinən bir tayfa ittifaqı qurmağı bacarıb və kifayət qədər nüfuz, resurs sahibi kimi Fələstin Administrasiyasına meydan oxumaq, hətta onu iri şəhər mərkəzlərindən sıxışdırıb çıxarmaq potensialına malikdir. Özləri də açıq deyirlər ki, İsrail maneə yaratmasa, Həbrunda Fələstin Administrasiyasının institutlarını cəmi bir neçə günə yerlə yeksan etməyə qadirdirlər. Onların hesablamasına görə, ABŞ prezidenti Trampın rəhbərlik etdiyi yeni administrasiya Oslodan imtinanı nəzərdə tutan daha sərt ssenarilərə hazırdır və onları dəstəkləyəcək.


Şeyxlərin arqumentləri az qala biznes-plan kimi səslənir. Onlar deyirlər ki, əvəzində müdaxilə olunmasa, bölgədə asayişi özləri təmin edə bilərlər, çünki radikal elementləri yerindəcə tanıyıb zərərsizləşdirmək onların öz marağındadır: “Kim kimdir, biz daha yaxşı bilirik - çünki öz torpağımızda yaşayırıq”. Bu tayfa elitaları üçün əsas təhlükə İsrail yox, məhz onların hakimiyyətini, ənənəvi iqtisadi bazasını və sosial dayaqlarını məhv edən ekstremist ideologiyadır.


Əlbəttə, bəzi kinayəli müşahidəçilər bunu sadəcə pulların bölüşdürülməsi uğrunda mübarizə kimi qiymətləndirirlər. Fələstin Administrasiyasının əlində olan vəsaitlərin həcmi az deyil, və bir çox klan həmin axını öz əlinə keçirmək istəyir. Xüsusən də son illərdəki toqquşmalar göstərib ki, Administrasiyanın tayfa bölgələrindəki avtoriteti sürətlə əriməkdədir. Hələ 2007-ci ildə Cabari klanından olan bir yeniyetmənin fələstin polisinin gülləsindən ölməsi faktiki üsyana səbəb olmuşdu: yerli silahlı dəstələr polis maşınlarını yandırmış, onlarla təhlükəsizlik əməkdaşını girov götürmüş, nəticədə hətta Mahmud Abbasın özü onlardan üzr istəmiş və kompensasiya ödəməli olmuşdu. Bu hadisədən sonra Həbrun demək olar ki, Ramallahın nəzarətindən tam çıxmışdı.


Bu gün isə şeyxlər həmin prosesin davamı olaraq tarixi fürsət duyurlar. Onlar özlərini İsraillə fələstinli əhali arasında yeni vasitəçi qismində görməyə hazırdırlar - və bu vasitəçilər milli-azadlıq şüarlarından yox, sərt praqmatizmdən çıxış edəcəklər.


Mən özüm şeyx Cabaridən soruşdum ki, bəs onu fələstin işinə xəyanətdə ittiham etməkdən qorxmurmu? Cavabı sadəcə gülümsəmək oldu: “Xəyanəti Osloda etdilər - milyardlarla yardımı alıb bizi əbədi yoxsulluq və zorakılığa məhkum etdilər. Mən bunu hamıdan yaxşı xatırlayıram”. Bu sözlər yeni tayfa liderləri nəslinin manifestinə bənzəyir: onların missiyası artıq uydurma milli dövlət qurmaq yox, qalan torpaqları və xalqı xilas etməkdir.


Doğrudur, bu ideyanın reallaşması son dərəcə riskli görünür və böyükmiqyaslı eskalasiya ehtimalını istisna etmir. Amma Fələstin Administrasiyasına artan inamsızlıq və gəncliyin radikallaşması fonunda bu qurumun çökməsi artıq çox da qeyri-mümkün təsir bağışlamır. O halda İsrail həqiqətən seçim qarşısında qala bilər - xaos, ya da bu gün danışıqlardan çəkindiyi klanlar arasında.(BakuNetwork)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.