ABŞ dövlət katibinin müavini Uzra Zeya İrəvanda Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşərək danışıqlar aparıb. Görüşdə ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq, insan hüquqları ilə təhlükəsizlik arasındakı əlaqə və ABŞ-ın Ermənistanda demokratik islahatlar proqramına dəstəyi barədə vacib məsələlər müzakirə olunub.
"ABŞ regionda misli görünməmiş rifah, təhlükəsizlik və inteqrasiyaya gətirib çıxaracaq layiqli və davamlı sülhü qətiyyətlə dəstəkləyir", - U.Zeya deyib.
Bir qədər əvvəlsə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Azərbaycanla Ermənistan arasında yekun sülh danışıqları ilə bağlı danışıqlar prosesində irəliləyişlərin olub-olmaması ilə bağlı sualı cavablandırarkən söyləyib: "Prosesdə misli görüşməmiş vəziyyət müşahidə olunur. Hər iki tərəf bu vəziyyətə uzun yolu qət edərək gəliblər. Hər iki tərəfdən çətin seçim və köklü güzəştlər tələb edən saziş üçün imkanlar mövcuddur. Bu prosesdə inkişaf və irəliləyiş əldə olunanadək ABŞ Prezidenti Administrasiyası səylərini davam etdirəcək".
U.Zeyanın və M.Millerin açıqlamalarında sülh sazişi ilə bağlı aparılan danışıqlar prosesi barədə konkret sayıla biləcək heç bir fikir, yaxud işarə yoxdur.
Ağ Ev hansı "səylər"dən, konkret olaraq hansı taktikadan bəhs edir - deyilmir.
"Sülh sazişinin imzalanması prosesində əldə edilmiş inkişaf"dan bəhs edərkən Ağ Ev mənsubları nəyi nəzərdə tuturlar? Və ümumiyyətlə, Azərbaycan və Ermənistan üçün "çətin, əsaslı güzəştlər" nələrdən ibarətdir?
İlk baxışdan yetərincə mücərrəd açıqlama və xeyli yayğın bəyanatdır. Fəqət, sadəcə ilk baxışdan belədir.
"Güzəştlərin zəruriliyi"ni vurğulayarkən Vaşinqton rəsmiləri İrəvana yox, məhz Bakıya ünvanlanmış xitabla çıxış edirlər.
Azərbaycanın belə verbal tapmacaları çözməkdə təcrübəçi böyükdür. 1990-cı illərdən 44 günlük İkinci Qarabağ Müharibəsinədək olan dövrdə, yəni ərazilərimizin 20 faizinin erməni işğalında qaldığı 30 ildə kollektiv Qərb, xüsusilə də ABŞ və Fransa Bakıya həmin dönəmdə formalaşmış status-kvonu etiraf edərək tanımağı təklif edirdilər. Bunu "zəruri güzəşt, qaçılmaz kompromis" kimi qələmə verən Vaşinqtonla Paris əslində Bakını erməni işğalı ilə razılaşmağa vadar etməyə çalışırdılar.
Hazırda da təxminən eyni ssenari təkrarlanır. Vaşinqton "zəruri güzəştlər" dedikdə çox yəqin ki, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının təsbitləndiyi ifadələrin aradan qaldırılması üçün zəruri düzəlişlər və dəyişikliklər edilmədən yekun sülh sazişinin imzalanmasını nəzərdə tutur.
Ağ Ev və Dövlət Departamenti "inkişaf" dedikdə nəyi nəzərdə tutur?
Ermənistanın son vaxtlar sürətlə silahlanmasını, Hindistanın və Fransanın böyük miqdarda, fasiləsiz olaraq ermənilərə hücum silahlarını və hərbi texnikasını tədarük etməsini? Bəlkə Ermənistanda ABŞ ilə birgə keçirilən hərbi təlimləri?
U.Zeya və M.Miller bu barədə heç nə demədilər.
ABŞ-ın dövlət katibi Entoni Blinken indiyədək açıqlamalarında və bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin, sərhəd toxunulmazlığının və müstəqilliyinin Vaşinqton tərəfindən tam dəstəkləndiyini dəfələrlə vurğulayıb.
Belədirsə, Vaşinqton hansı güzəştlərdən və kompromislərdən bəhs edir?
Yekun sülh sazişinin imzalanması, Cənubi Qafqazda dayanıqlı stabilliyin formalaşması üçün rəsmi Bakı İrəvana 5 şərtini ünvanlamışdı.
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün zəruri 5 baza prinsipini xatırladaq:
1. Dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
2. Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
3. Dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
5. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Rəsmi Bakı daha sonra Ermənistan Konstitusiyası ilə bağlı şərtlərini açıqladı və bəyan etdi ki, ermənilər əsas qanunlarında Azərbaycana qarşı ərazi iddialarının yer aldığı müddəaları ləğv etməsələr, sülh sazişi yalnız çərçivə anlaşmasına çevriləcək, ermənilər sənədin şərtlərinə əməl etməyəcəklər.
Belədə Ermənistanda revanşizmin güclənəcəyinə, Azərbaycana qarşı yeni müharibə çağırışlarının və işğal tələblərinin yenidən gündəmə gəlməyəcəyinə kimsə təminat verə bilməz.
Bəhs etdiyimiz məqamlar sadə, anlaşılan və konkretdir. Azərbaycan bu prinsiplərdən geri çəkilmək, maraqlarını və mənafelərini qulaqardına vuraraq Ermənistana hansısa güzəştlər etmək niyyətində deyil. Kollektiv Qərb, yəni ABŞ, Fransa və Avropa İttifaqı sülh sazişinin imzalanmasına yönəlmiş prosesin aktivləşməsini, bölgəmizdə stabilliyin bərqərar olmasını istəyirlərsə, ən əsası isə Ermənistanın dövlət statusunun indiki obyektivlikdən beynəlxalq hüquqla qlobal geosiyasətdə subyektivliyə çevrilməsini istəyirlərsə, Bakının şərtlərini mütləq nəzərə almalıdır. Əksi bölgədə yeni eskalasiya, gərginliyin süni şəkildə artırılması və erməni tərəfinin revanşizmlə müharibə çağırışlarının güclənməsidir.
Güzəştlərdən bəhs edən ABŞ Dövlət Departamenti qarabağlı ermənilərin Azərbaycana qayıdışını nəzərdə tutursa, bu məsələdə də Bakının mövqeyi dəyişməyib və əsla dəyişən deyil. Azərbaycanı könüllü (! ) tərk edərək Ermənistana yollanmış qarabağlı ermənilər yalnız bir şərtlə geri dönə bilərlər: Azərbaycan vətəndaşlığını qəbul edir, ölkənin mövcud Konstitusiyası və qanunvericiliyinin tələbləri çərçivəsində yaşayırlar. Əksi mümkün deyil.
Qarabağlı ermənilərsə heç bir halda Azərbaycan vətəndaşlığını qəbul etməyəcklərini, Xankəndidə yenidən separatçı-terrorçu rejim qurmaq niyyətində olduqlarını fasiləsiz bəyan edirlər.
Azərbaycan öz ərazisində başqa ölkənin vətəndaşlarının qanunsuz miqrantlar, özü də silahlı dəstələr yaratmağa çalışan və ekstremizmlə məşğul olan qrup halında kompakt yaşamaqlarına icazə verə bilərmi? Təbii ki, yox və bu, sadəcə, rəsmi Bakının mövqeyi yox, həm də Ermənistanın da imzaladığı beynəlxalq sənədlərlə anlaşmaların şərtlərindən, beynəlxalq hüququn prinsiplərindən irəli gələn məqamlardır.
Sülh sazişinin imzalanması prosesində yeni, süni maneəni elə ABŞ-ın özü yaradıb: “Freedom House” və bir sıra qeyri-hökumət təşkilatlarının qarabağlı ermənilərlə bağlı “müstəqil araşdırması”nı məhz Dövlət Departamenti sifariş verib, işlər Ağ Evin kontrolunda aparılıb.
"Freedom House" və digər beynəlxalq QHT-lərin hazırladığı, Azərbaycanı "etnik təmizləmə", "insanlığa qarşı cinayətlər" və "müharibə cinayətləri"ndə ittiham edən hesabat dərc edib. "Niyə Dağlıq Qarabağda heç bir erməni yoxdur?" adlı xüsusi hesabat dərc edildi. Sənəddə göstərilir ki, bu təşkilatdan başqa həmin hesabatın hazırlanmasında digər beynəlxalq QHT-lər də iştirak edib: "Açıq Cəmiyyət İnstitutu" (Open Society Foundations), "İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq" (International Partnership for Human Rights), sualları hazırlayan Ukrayna QHT-si "Həqiqət İtləri" (Truth Hounds), "Demokratiyanın İnkişafı Fondu" (Democracy Development Foundation), "Helsinki Vətəndaş Assambleyası" (Helsinki Citizens Assembly), "Sərhədsiz Hüquqların Müdafiəsi QHT" (Protection of Rights without Borders), "Hüququn İnkişafı və Müdafiəsi Fondu" (Law Development and Protections Foundation).
Hesabatdan, sadəcə, bir iqtibasa nəzər salaq: "Azərbaycan hakimiyyətinin hərəkətləri və ritorikası, Dağlıq Qarabağın etnik ermənilərinin başlarına gələnlərin birlikdə təhlili onların Qarabağdan məcburi köçünün qəsdən törədildiyi qənaətinə gəlmək üçün məntiqli əsaslar verir. Sübutlar Dağlıq Qarabağı etnik erməni əhalisindən təmizləməyə yönəlmiş koordinasiyalı, uzunmüddətli planın olduğunu göstərir. Müvafiq olaraq, Azərbaycanın sənədləşdirilmiş hərəkətləri keçmiş Yuqoslaviya münaqişəsi kontekstində başa düşülən etnik təmizləmə meyarlarına cavab verir. Etnik təmizləmə məhkəmədənkənar edamlar, işgəncələr, əsassız həbslər və saxlamalar, qida və həyat üçün zəruri olan dərmanlara çıxışın məhdudlaşdırılması, mülki əhalinin zorla çıxarılması, köçürülməsi və deportasiyası, mülki əhaliyə və mülki ərazilərə qəsdən hərbi hücumlar və ya hücumla hədələnməsi və əmlakın məhv edilməsi vasitəsilə həyata keçirilib. Faktaraşdırıcı missiya müəyyən etmişdir ki, bu hərəkətlər, eləcə də bu xülasədə göstərilən digər əməllər Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinə, o cümlədən həmin Əsasnamənin 7-ci (insanlığa qarşı cinayətlər) və 8-ci maddələrinə (müharibə cinayətləri), eləcə də deportasiya və ya əhalinin zorla köçürülməsi anlayışına uyğundur".
Hesabatın ABŞ Dövlət Departamentinin birbaşa göstərişi və sifarişi ilə hazırlandığı şübhə doğurmur: bu güman yox, son aylar Vaşinqtonun Cənubi Qafqaz bölgəsi ilə bağlı yürütdüyü siyasətin və tutduğu mövqeyin təhlili nəticəsində gəlinmiş qənaətdir.
Prosesin ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayenin birbaşa kontrolunda olması da güman edilir. O-Brayenin 2023-cü ilin noyabrında Konqresdəki dinləmələrdəki çıxışını və bu ilin iyun ayında "Azadlıq" radiosunun Ermənistan xidmətinə verdiyi müsahibəsində dediklərini xatırlasaq, kifayətdir.
Sözügedən hesabat sonradan Azərbaycana qarşı müxtəlif məhkəmələrdə, beynəlxalq təşkilatlarda və qanunverici orqanlarda istifadə etmək üçün mənbələrdən biri qisminlə hazırlanıb.
Belədə, rəsmi Bakı Ermənistan Konstitusiyasına zəruri dəyişikliklər edilməsi şərti ilə yanaşı, qarabağlı ermənilərlə bağlı subyektiv, qərəzli və birtərəfli araşdırmalarla hesabatların hazırlanmasına son qoyulması, Dövlət Departamentinin də bu fəaliyyətin maliyyələşdirilməsi və idarə olunmasını dayandırması tələbi ilə çıxış edə bilər.
Sülh sazişinin imzalanması prosesinə gəldikdə isə, Bakı ilə İrəvan problemi vasitəçilik etməyə çalışanların müdaxilələri olmadan da həll edə bilərlər.