
ABŞ Prezidenti Donald Tramp şənbə günü ABŞ paytaxtındakı bir oteldə keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulundan təhlükəsizlik insidenti səbəbindən təxliyə edilib.
Senzor.az bildirir ki, canlı yayım görüntülərinə görə, zalda yüksək tonda danışıqlar eşidilib, ardınca çaxnaşma baş verib.
Məxfi Xidmət agentləri Prezidenti, birinci xanım Melaniya Trampı, Vitse-prezident Ceyms Devid Vensi və Ağ Evin mətbuat katibi Kerolayn Livitti zaldan çıxarıblar.
**
"Axios" portalının müxbiri Barak Ravid "X" sosial şəbəkəsində bildirib ki, tədbirdən qısa müddət əvvəl zalda silah səsləri eşidilib.
Daha sonra atışmanın tədbirin keçirildiyi hotelin foyesində baş verdiyi bildirilib. Keytlin Kollins CNNN-in efirində bildirib ki, silahlı şəxs zərərsizləşdirilib.
Bu arada, Ağ Evin Mətbuat xidmətinin əməkdaşları da ABŞ Məxfi Xidmətinə istinadən hücum edənin tutulduğunu bildiriblər.
Bir az keçmiş Amerika liderini müşayiət edən Ağ Evin Mətbuat bölməsi məlumat yayıb ki, Prezident Donald Tramp əvvəlki kimi qəbul zamanı atışmanın baş verdiyi "Washington Hilton" hotelindədir.
"Mətbuat bölməsi hələ də Hiltondadır. Bu o deməkdir ki, ABŞ Prezidenti məkanı tərk etməyib", - müxbirlər hadisə yerindən bildiriblər.
**
ABŞ Prezidenti "Truth Social" sosial şəbəkəsində qəbul zamanı atəş açan şəxsin saxlanıldığı barədə paylaşım edib.
"Atıcı saxlanılıb və mən şounun davam etməsinə icazə verilməsini tövsiyə etmişəm, amma hüquq-mühafizə orqanlarının göstərişlərinə tam əməl edəcəyəm. Onlar tezliklə qərar verəcəklər", - Amerika lideri yazıb.
"Qərardan asılı olmayaraq, mərasim planlaşdırıldığı kimi getməyəcək və biz sadəcə bunu yenə etməli olacağıq", - o, ABŞ Məxfi Xidmətinin və hüquq-mühafizə orqanlarının "fantastik işini" tərifləyərək əlavə edib.
**
Donald Tramp hadisədən sonra keçirilən mətbuat konfransında bildirib ki, qəbulda atəş açan şəxsin bir neçə silahı olub.
"Kişi təhlükəsizlik məntəqəsinə bir neçə silahla hücum edib və ABŞ Məxfi Xidmətinin cəsur üzvləri tərəfindən tutulub, onlar çox cəld hərəkət ediblər", - Tramp vurğulayıb. 

Onun sözlərinə görə, Məxfi Xidmətin zabitlərindən biri odlu silahdan açılan atəşlə xəsarət alıb, lakin onun zirehli geyimi ağır xəsarətlərin qarşısını alıb.
"O, çox yaxın məsafədən çox güclü silahla vurulub, lakin zirehli geyimi işə yarayıb. Mən zabitlə danışdım, o özünü yaxşı hiss edir", - ABŞ lideri qeyd edib.
Tramp həmçinin əlavə edib ki, ilkin məlumata görə, atəş açan şəxs çox güman ki, təkbaşına hərəkət edib və istintaq bunu təsdiqləməlidir.
**
ABŞ Prezidenti "Truth Social" media platformasında hoteldəki qəbul zamanı atışmada şübhəli bilinən şəxsin fotolarını və videolarını paylaşıb.
Paylaşılmış görüntülərdə əlləri arxasına qandallanmış vəziyyətdə yerdə uzanan kişi görünür. 
Prezident həmçinin hadisə anını əks etdirən müşahidə kamerasının videosunu da paylaşıb. Görüntülərdə silahlı kişinin təhlükəsizlik məntəqəsindən keçməyə çalışdığı, daha sonra təhlükəsizlik işçilərinin ona atəş açdığı görünür.
"New York Post" qəzetinin jurnalisti Kerol Markoviçin məlumatına görə, şübhəli Kaliforniyanın Torrans şəhərindən olan 31 yaşlı Koul Tomas Allendir. O, həbs olunub.
**
Kolumbiya dairəsinin baş prokuroru Janin Pirro atışmada şübhəli bilinən şəxsə iki bənd üzrə ittiham irəli sürüldüyünü bildirib.
"Hazırda cavabdehə iki bənd üzrə ittiham irəli sürülüb: zorakı cinayət törətmək üçün odlu silahdan istifadə və federal agentə təhlükəli silahdan istifadə edərək hücum", - deyə o mətbuat konfransında bildirib.
Pirro əlavə edib ki, şübhəli bazar ertəsi hakim qarşısına çıxarılacaq.
Senzor.az