"Avropa Siyasi Cəmiyyət"inin İngiltərənin Oksford şəhərində keçirilən zirvə toplantısında Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina edərək, daha doğrusu, qaçaraq, danışıqlar prosesində ciddi maneə yaratmışdı.
Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası, yekun sülh sazişinin imzalanması, nəqliyyat kommunikasiyalarının bərpası və yeni marşrutların yaradılması ilə bağlı aparılan ikitərəfli danışıqlar prosesinin formatını dəyişmək istəyənlər az deyil.
Oksforddakı görüşdən yayınan Paşinyan bu minvalla ABŞ və ya Fransanı vasitəçi qismində prosesə qataraq danışıqları üçtərəfli formata çevirməyi arzulayır.
Rəsmi Bakı təbii ki, belə primitiv strategiya ilə bəsit taktikanı qəbul etmir və Ermənistanla birbaşa danışıqlara üstünlük verir.
Situasiyadan Rusiya da faydalanmaq niyyətindədir.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Bakı ilə İrəvanı danışıqları Moskvada davam etdirməyə, daha doğrusu, danışıqların "Moskva formatını bərpa etməyə" çağırıb.
"Biz Bakı və İrəvana danışıqlar üçün məkan təqdim edərək onlara maksimum komfort şəraiti yaratmağa hazırıq. Sülh razılaşmasının layihəsi ilə bağlı Rusiya dəfələrlə Azərbaycanla Ermənistan arasında danışıq görüşləri keçirib. Belə anlaşma Cənubi Qafqaz bölgəsində sarsılmaz təhlükəsizlik arxitekturasının yaradılması üçün şərtdir", - M.Zaxarova söyləyib.
Rusiyanın təşəbbüsü anlaşılandır. Oksforddakı zirvə toplantısında Azərbaycan və Ermənistan liderlərinin görüşünün təşəbbüskarı Britaniyanın baş naziri Kir Starmer idi. Rəsmi London vasitəçilik və ya moderatorluq fikrində olmadığını bəyan etsə də, Cənubi Qafqazdakı proseslərdə Britaniyanın aktiv iştirakı, xüsusilə də bölgədəki geosiyasi proseslərə təsir rıçaqlarını gücləndirmək niyyəti göz qabağındadır.
Oksfordda görüşün təşəbbüskarları arasında ABŞ da yer aldığını vurğulayır. Rəsmi Vaşinqtonun açıqlamalarına görə, Oksford sammiti ərəfəsində Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken və onun müavini Ceyms O-Brayen Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına yönəlmiş danışıqlar prosesinin aktivləşməsi üçün "gərəkli səyləri göstərməyə çalışıblar".
Bütün bunlarla yanaşı, o da məlumdur ki, Oksfordda olarkən Fransanın prezidenti Emmanuel Makronla görüş zamanı aldığı yeni təlimatı yerinə yetirən Nikol Paşinyan görüşdə mütləq şəkildə E.Makronun, ya da Avropa Şurasının sədri Şarl Mişelin iştirakını istəyib. İmtina cavabı alanda isə o, Azərbaycan Prezidenti ilə təkbətək görüşə cəsarət etməyərək mükalimədən qaçıb.
Beləliklə, görüşdən boyun qaçıran, daha doğrusu, qaçan Nikol Paşinyan birbaşa danışıqlardan imtina edərək sülh sazişinin imzalanması ilə yanaşı, Cənubi Qafqazda regional təhlükəsizlik və stabillik mexanizmlərinin bərqərar olmasına yönəlmiş cəhdləri minimallaşdırmağa çalışır.
Belə şəraitdə Rusiya yenə təşəbbüsü ələ alaraq Fransanın və ABŞ-ın göstərişlərindən sonra Ermənistanın qətiyyətlə boyun qaçırdığı "Moskva formatı"nı bərpa etməyə çalışır.
ABŞ və Fransadan fərqli olaraq, Rusiya danışıqlar prosesinə, xüsusilə də yekun sülh sazişinin layihəsinin müzakirələrinə destruktiv elementlər əlavə etmək, Ermənistanın mövqelərini gücləndirmək, "qarabağlı ermənilər" idefiksini şüar edərək Azərbaycanı könüllü tərk edərək Ermənistana yollanmış ermənilərin geri qayıdışını "mütləq şərt" qismində sülh sazişinin mətninə daxil etməkdə israrlı deyil.
Bu səbəbdən də danışıqlar prosesində Rusiyanın məkan sahibi qismində iştirakına Bakı etiraz etmir, çünki ölkəmiz sülh sazişinin imzalanmasına nail olmaq üçün Ermənistanla siyasi dialoqla bağlı istənilən imkanları və təklifləri, o cümlədən danışıqların üçüncü tərəfin ərazisində keçirilməsini də dəstəkləyir.
Səbəb sadədir: danışıqların harada yox, necə keçiriləcəyi önəmlidir.
Rusiyanın təklifinə rəsmi İrəvan hələ cavab verməyib. Reallıq odur ki, Moskvanın təşəbbüsünə İrəvandan müsbət reaksiya gözləməyə dəyməz: Fransanın, Avropa İttifaqının və ABŞ-ın sürətlə silahlandırdığı, kollektiv Qərbin Cənubi Qafqazda hərbi, siyasi və geosiyasi plasdarma çevirməyə çalışdığı Ermənistanın xarici siyasəti indi bütünlüklə Qərb farvaterindədir.
Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa, bu da alınmasa regional proseslərə Moskvanın təsir imkanlarını minimuma endirməyə can atan Qərbin strategiyasında təbii ki, Rusiyanın yardımı ilə əldə ediləcək sülhə yer yoxdur, ola da bilməz.
Tam əksinə, 44 günlük İkinci Qarabağ Müharibəsində məğlub olan və kapitulyasiyaya uğradılan Ermənistanda aktiv remilitarizasiya prosesi ilə məşğul olan Qərb dünya siyasi tarixində neonasistlərin presedentini təkrarlamaq fikrindədir.
Birinci Dünya Müharibəsində uduzandan sonra çox ağır şərtlərlə kapitulyasiya müqavilələri imzalayan, kontribusiyalara məruz qalan, təzminatlar ödəyən Almaniyanı məhz ABŞ şirkətləri sonradan Veymar Respublikasının zəifliyindən çıxmaqda dəstəkləmişdilər.
Almaniyaya əksər hallarda gizli şəkildə kreditlər ayıran Qərb bu minvalla Avropada güc mərkəzlərinin parçalanmasına, Fransaya və Sovetlər Birliyinə rəqibin yaranmasına can atırdı.
Birinci Dünya Müharibəsindən sonra Almaniyanın iqtisadi və hərbi potensialının yenidən qurulması prosesi Qərb ölkələrinin, xüsusən də ABŞ-ın dəstəyi ilə həyata keçirilmişdi. Bu dəstəyin müxtəlif formaları, o cümlədən kreditlər, sənaye investisiyaları və hərbi yardımlar, 1920-30-cu illərdə Almaniyanın sürətlə silahlanmasına və neonasistlərin hakimiyyətə gəlməsinə şərait yaratdı.
1919-cu ildə imzalanan Versal Müqaviləsi Almaniyanın iqtisadiyyatını zəiflətdi və ölkəni ağır təzminatlar ödəməyə məcbur etdi. Bununla belə, Almaniyanın tamamilə dağılmasını istəməyən Qərb dövlətləri, xüsusilə ABŞ və Böyük Britaniya Almaniyanın iqtisadi və siyasi sabitliyini qorumaq üçün müxtəlif tədbirlər gördülər.
Amerikan bankir Çarlz Geyts Daues tərəfindən hazırlanan "Daues Planı" Almaniyanın təzminat borclarını yenidən tənzimləmək və ölkənin iqtisadiyyatını bərpa etmək məqsədi daşıyırdı. Plan çərçivəsində ABŞ bankları və sənaye korporasiyaları Almaniyaya böyük miqdarda kreditlər ayırdılar. Bu kreditlər, Almaniyanın sənaye potensialını yenidən qurmaq və iqtisadiyyatını sabitləşdirmək üçün istifadə edildi.
"Daues Planı"nın davamı olaraq hazırlanan "Yanq Planı" Almaniyanın təzminat borclarını daha da azaldır və ödəmə müddətini uzadırdı. Bu plan da Almaniyanın iqtisadiyyatını gücləndirməyə və ölkənin sabitliyini təmin etməyə xidmət edirdi.
Daha sonra Amerika və Avropa şirkətləri Almaniyanın sənaye sektoruna böyük investisiyalar etdilər. Qərb dövlətlərinin Almaniyaya hərbi yardımları da mühüm rol oynadı. Almaniya Versal Müqaviləsi ilə qadağan edilən silahları gizli yollarla istehsal etməyə və hərbi potensialını artırmağa başladı. ABŞ-ın bəzi şirkətləri və siyasətçiləri bu prosesdə Almaniyaya dolayısı ilə dəstək oldular.
Almaniyanın iqtisadi sabitliyi neonasistlərin siyasi gücünü artırmağa kömək etdi. 1929-cu il "Böyük Depressiya"sı zamanı iqtisadi böhran Almaniyada siyasi qeyri-sabitliyə və sosial narazılığa səbəb oldu. Bu şəraitdə Adolf Hitlerin rəhbərlik etdiyi nasist partiyası alman xalqına sabitlik və güc vəd edərək hakimiyyətə gəldi.
Hitlerin iqtidara gəlməsi, qismən Qərb dövlətlərinin Almaniyaya verdiyi iqtisadi və hərbi dəstək sayəsində mümkün oldu. 1933-cü ildə Hitlerin kansler olması ilə nasistlər Almaniyanın bütün dövlət strukturlarını nəzarət altına aldılar və ölkəni sürətlə silahlandırmağa başladılar.
Sadəcə, faktlara nəzər salaq. ABŞ-ın "Standard Oil" şirkətisə Almaniyanın "IG Farben" kimya şirkəti ilə əməkdaşlıq edərək nasistləri sintetik yanacaq və digər strateji materiallarla təmin etdi. Həmin materiallar Almaniyanın hərbi gücünü artıraraq II Dünya Müharibəsində Qərb dövlətlərinə qarşı istifadə edildi.
Amerikalılar nasistlərə avtomobil və hərbi texnika istehsalında kömək etdilər. Bu şirkətlərin Almaniyadakı zavodları, nasist ordusunun hərbi təchizatını təmin etdi.
Qərb ölkələrinin, xüsusən də ABŞ-ın Birinci Dünya Müharibəsindən sonra Almaniyaya verdiyi iqtisadi və hərbi dəstək, neonasistlərin hakimiyyətə gəlməsinə və II Dünya Müharibəsinin başlanmasına şərait yaratdı. Bu dəstəyin tarixi faktlarla izahı, həmin dövrün siyasi və iqtisadi proseslərini daha yaxşı anlamağa kömək edir. Qərb dövlətlərinin bu hərəkətləri, yalnız iqtisadi maraqlar çərçivəsində deyil, həm də Avropanın siyasi sabitliyini qorumaq məqsədi daşısa da, nəticədə nasistlərin güclənməsinə və Avropada böyük fəlakətlərin baş verməsinə səbəb oldu.
Eyni situasiya indi Ermənistanda yaşanır. Qərb şovinist, militar, qisasçı əhval-ruhiyyənin sosiumda hələ də güclü olduğu, həddən ziyadə zəif olmasına rəğmən yeni müharibəni və Azərbaycan ərazilərinin işğalını arzulayan İrəvana tam, hətta total dəstək verməklə təbii ki, ermənilərdə “Qərb yanımızdadır, güclənməliyik” illüziyasını yaradır.
Halbuki elə həmin Birinci və İkinci Dünya Müharibəsindəki qalib ölkələrdən fərqli olaraq, qalib Azərbaycan məğlub Ermənistanı parçalara bölmədi, işğal zonalarına ayırmadı, Ermənistandakı sənaye müəssisələrini məhv edərək avadanlıqları Bakıya daşımadı, Ermənistanın resurslarını istismar etmədi.
Tam əksinə, Azərbaycan Ermənistan qarşısında iki sadə, amma çox sadə şərt qoyub:
1. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən məqamlar aradan qaldırılmalı, ləğv olunmalıdır.
2. Şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası başa çatmalı, sərhəddə təxribatlara son qoyulmalıdır.
Qalib dövlətin məğlub ölkə qarşısındakı bu sadə şərtləri reallaşmayınca Cənubi Qafqaz bölgəsində sülh, əmin-amanlıq və stabillik olmayacaq.
Ermənistanın Qərb tərəfindən sürətlə silahlandırmasını isə rəsmi Bakı soyuqqanlı və sakit şəkildə müşahidə edən deyil.
Elçin ALIOĞLU(Trend)