ABŞ və Avropa İttifaqı (Aİ) da Zəngəzur dəhlizi layihəsinin maksimum qısa müddətdə reallaşmasını istəyir, bunun üçün "gərəkli tədbirlərin həyata keçirilməsini və səylərin göstərilməsini zəruri" sayırlar.
Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizi layihəsi ilə bağlı vəziyyət uzun müddətdən bəri davam edən dalandan çıxır. Rusiya 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsini Ermənistandan tələb edir.
Xatırladaq ki, Rusiya, Azərbaycan və Ermənistanın imzaladığı həmin sənədin 9-cu bəndində deyilir: "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir.
Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək".
Ancaq Vaşinqtonla Brüssel birmənalı olaraq Zəngəzur dəhlizinin təhlükəsizliyinin rusiyalı sərhədçilər tərəfindən təmin olunmasına qarşı çıxırlar. Qərb hesab edir ki, bu minvalla Rusiya Ermənistanda hərbi kontingentini artırmaq, Zəngəzurda faktiki olaraq ikinci hərbi bazasını yaratmaq üçün legitim imkanlar əldə edir.
Azərbaycan və Türkiyənin bəhs etdiyimiz məsələdə mövqeləri idetikdir: Bakı ilə Ankara mütləq şəkildə Zəngəzur dəhlizi üçün xüsusi rejim tələb edirlər. Belə ki, dəhlizin başlanğıcında, Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədində Ermənistanın xüsusi nəzarət-buraxılış məntəqəsi olmamalı, dəhlizlə hərəkət edəcək yüklər və fiziki şəxslər Ermənistanın hərbçiləri, polisləri və gömrük əməkdaşları tərəfindən yoxlama-təftiş prosedurlarına məruz qalmamalıdır.
Ermənistanın mövqeyi məlum: baş nazir Nikol Paşinyan indiyədək dəfələrlə bəyan edib ki, Zəngəzur dəhlizi Ermənistan ərazisindən keçdiyi üçün ölkə qanunvericiliyinin şərtləri və qanunları bütünlüklə bu layihəyə şamil edilməli, dəhlizlə hərəkət edən yüklərlə şəxslər Ermənistanın müvafiq dövlət qurumlarının əməkdaşları tərəfindən yoxlanmalı və təftiş edilməlidir.
"Zəngəzur dəhlizi hər şansı ekstraterritiallıq statusuna malik olmamalıdır, orada Ermənistan qanunları işləməlidir. Dəhlizin Ermənistan ərazisindən keçən hissəsinə Ermənistandan savayı hansısa dövlətin vətəndaşlarının nəzarəti ilə bağlı təkliflər müzakirə mövzusu ola bilməz. Əks təqdirdə, layihə baş tutmayacaq. Biz Ermənistan ərazisində 44 kilometrlik yerdə Ermənistan qanunlarının işlək olmaması ideyası ilə razılaşa bilmərik", - Nikol Paşinyan dəfələrlə deyib.
İrana gəldikdə, rəsmi Tehran, ümumiyyətlə, bu layihənin qəti və kəskin əleyhdarıdır. İranın hakimiyyət dairələri hesab edirlər ki, Zəngəzur dəhlizi layihəsi ölkənin Ermənistanla sərhədində əlavə məhdudiyyət-qapatma zolağı funksiyasını daşıyacaq, İranı Ermənistan vasitəsilə Qara dəniz limanlarına çıxış imkanlarından məhrum edəcək və s. Rəsmi Tehran bəyan edir ki, ABŞ və Avropa İttifaqının bu layihə ilə bağlı "tələsdirmə" taktikası, əslində, Vaşinqtonla Brüsselin sürətlə Cənubi Qafqazda möhkəmlənmək, geosiyasi və iqtisadi təsir rıçaqlarına yiyələnmək istəyindən xəbər verir.
Təbii ki, bütün bunları İran özünə, maraqlarına və regional planlarına təhdid sayır.
... Rusiyanın Cənubi Qafqazda Ermənistan dövlətini süni şəkildə yaratması və Ermənistan ərazilərinin böyük qisminin qədim və tarixi Azərbaycan torpaqları olması məsələsi Rusiya imperiyasının və onun varisi olan Sovet İttifaqının Cənubi Qafqazda apardığı siyasətin tərkib hissəsi idi. Bu siyasət Rusiyanın regionda mövqeyini möhkəmləndirmək, öz strateji maraqlarını təmin etmək və Azərbaycan xalqını zəiflətmək məqsədi daşıyırdı.
18-ci əsrin sonu və 19-cu əsrin əvvəllərində Rusiya imperiyası Cənubi Qafqazda öz təsir dairəsini genişləndirmək üçün İranla bir sıra müharibələr apardı. 1804-1813-cü illər arasında baş verən Birinci Rusiya-İran müharibəsi nəticəsində Rusiya Qacar İranını məğlub edərək, 1813-cü il Gülüstan müqaviləsini imzalamağa məcbur etdi. Bu müqavilə ilə Azərbaycan xanlıqlarının böyük bir qismi, o cümlədən, Qarabağ, Gəncə, Şəki və digər xanlıqlar Rusiya imperiyasının tərkibinə daxil oldu. 1826-1828-ci illər arasında baş verən İkinci Rusiya-İran müharibəsi isə 1828-ci il Türkmənçay müqaviləsi ilə nəticələndi. Bu müqavilə nəticəsində Azərbaycanın Naxçıvan və İrəvan xanlıqları da Rusiyanın əlinə keçdi.
İrəvan və Naxçıvan xanlıqları Azərbaycanın qədim torpaqları idi və bu ərazilərdə Azərbaycan türkləri, yəni müsəlman əhali üstünlük təşkil edirdi. Rusiya imperiyası bu bölgələri işğal etdikdən sonra həmin məkanlarda süni şəkildə erməni əhalisini artırmağa başladı. 1828-ci ildə Türkmənçay müqaviləsi imzalandıqdan sonra Qacar İranından və Osmanlı İmperiyasından on minlərlə erməni ailəsi Cənubi Qafqaza, xüsusilə də İrəvan və Naxçıvan xanlıqlarına köçürüldü. Bu köçürmələr nəticəsində İrəvan xanlığı ərazisində ermənilərin sayı sürətlə artdı. Nəticədə regionun etnik tərkibini ciddi şəkildə dəyişdirdi.
Rusiya imperiyası tərəfindən həyata keçirilən bu köçürmə siyasətinin məqsədi Cənubi Qafqazda Rusiyaya sadiq bir xristian dövləti yaratmaq və bu dövləti Azərbaycan torpaqlarında formalaşdırmaq idi. Bu siyasət nəticəsində İrəvan xanlığı ərazisində erməni əhalisinin sayı 1830-cu ildə 20 min nəfərdən artıq idi və bu rəqəm 1897-ci ilə qədər davamlı şəkildə artaraq, 200 mindən çox olmuşdu. Bu dövr ərzində ermənilərin Cənubi Qafqazda formalaşması, Rusiyanın Cənubi Qafqazda apardığı siyasətin nəticəsi idi və bu siyasət Azərbaycan xalqının milli maraqlarına zidd idi.
Rusiyanın erməniləri Cənubi Qafqaza köçürmə siyasəti nəticəsində 1918-ci ildə Cənubi Qafqazda Ermənistan Respublikası elan olundu. Həmin "dövlət"in yaradılması prosesində Rusiya və Sovet İttifaqı mühüm rol oynadı. 1920-ci ildə Ermənistanın Sovet Rusiyası tərəfindən işğal edilməsi ilə Sovet Ermənistanı yaradıldı, sözügedən dövlətin ərazisi Azərbaycan torpaqları hesabına genişləndirildi. Xüsusilə Zəngəzur, Göyçə və Qarabağ kimi tarixi Azərbaycan torpaqları Ermənistanın tərkibinə daxil edildi. Bu proses Azərbaycanın tarixi torpaqlarının erməni dövləti tərəfindən işğal edilməsi ilə nəticələndi.
Son 200 il ərzində Rusiya Ermənistan üzərində hamilik və sahiblik siyasəti yürütməkdə davam edir. Ermənistanın iqtisadi, hərbi və siyasi cəhətdən Rusiyadan asılı olması, bu ölkənin müstəqil siyasət yürütməsinə imkan vermir. Rusiya Ermənistanı Cənubi Qafqazda bir vassal dövlət kimi istifadə edir və onun vasitəsilə regionda öz maraqlarını təmin edir.
Bu siyasətə misal olaraq Ermənistanın 1992-ci ildə MDB üzvlüyünə qəbul olunması, 1997-ci ildə Rusiya-Ermənistan hərbi ittifaq müqaviləsinin imzalanması və Rusiyanın Gümrü şəhərində 102-ci hərbi bazasını yerləşdirməsi göstərilə bilər. Sadalanan hadisələr Ermənistanın Rusiya üçün strateji əhəmiyyətini və Rusiyanın bu ölkə üzərindəki təsir gücünü bir daha sübut edir.
Rusiyanın Cənubi Qafqazda apardığı siyasət nəticəsində Ermənistan dövləti süni şəkildə yaradılıb, onun ərazisi qədim və tarixi Azərbaycan torpaqları hesabına genişləndirilib. Rusiyanın son 200 il ərzində Ermənistana və ermənilərə verdiyi dəstək bu dövlətin regionda mövcudluğunu təmin edib. Bəhs olunan siyasət Azərbaycan xalqının milli maraqlarına zidd olaraq regionda etnik və milli gərginliklərə səbəb olub. Ermənistana verilən bu dəstək Rusiyanın Cənubi Qafqazda öz strateji maraqlarını təmin etmək məqsədinə xidmət edib və bu prosesin nəticələri bu gün də hiss olunmaqdadır.
"Ermənistan Zəngəzur dəhlizində nəqliyyat axınına Rusiya FTX-nın nəzarətindən imtina edib".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüü Mariya Zaxarova Ermənistan XİN-in Sergey Lavrovun Bakıda “Ermənistan 10 noyabr üçtərəfli razılaşmasını sabotaj edir” açıqlamasına şərhinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistan üçün əsas öz uğursuzluqlarına görə başqalarını günahkar çıxarmaqdır.
M.Zaxarova 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini bir daha Ermənistan tərəfinə xatırladıb. Bildirib ki, kommunikasiyaların açılması üçün görülən böyük iş “İrəvanın sərhəd nəzarəti məsələlərində qeyri-bərabərliyi və Rusiya sərhədçilərinin Ermənistan və Azərbaycan tərəfində olmasını təkid etdiyi üçün dayanıb”.
“Beləliklə, İrəvan Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti tərəfindən nəqliyyat axınına nəzarətdən imtina edib və faktiki olaraq işçi qrupda iştirakını dondurub”, - M.Zaxarova söyləyib.
Mariya Zaxarovanın son açıqlamaları regionda kommunikasiya xətlərinin açılması mövzusunda yeni müzakirələrə səbəb olub. Onun bəyanatları fonunda Rusiya və Ermənistan arasında davam edən proseslərin, eləcə də, beynəlxalq aktorların mövqelərinin necə inkişaf edəcəyinə dair mühüm suallar ortaya çıxır.
Son dövrlərdə üçtərəfli hökumətlərarası komissiyanın kommunikasiya xətlərinin açılması ilə bağlı apardığı işlər diqqət mərkəzindədir. Komissiyanın üzvləri müxtəlif aspektlər üzrə razılığa gəlsələr də, Ermənistan tərəfi son anda bu məsələdə əlaqəyə çıxmaqdan çəkinib. Xüsusilə İrəvanın avtomobil yolunun dəmir yolu ilə paralel olmaması və ölkənin suverenliyi məsələləri ilə bağlı istəklərinin təmin edilməsi faktı qeyd olunmalıdır. Bu, Ermənistanın prosesdə irəli sürdüyü tələblərin qarşılanmasına baxmayaraq, son anda geri çəkilməsi və əlaqəni dayandırması ilə nəticələnib.
Rusiya Cənubi Qafqazda kommunikasiya xətlərinin açılması prosesində mühüm tərəf kimi iştirak edir və bu rolu itirmək istəmir. 44 günlük müharibədən sonra Moskvanın əldə etdiyi bu strateji üstünlük regionda Rusiyanın maraqlarını qorumaq baxımından çox əhəmiyyətlidir. Moskva Ermənistanın prosesdən çıxması və ya qərar qəbulunda tərəddüd etməsinə qarşı sərt mövqe tutmaqdadır.
Zaxarovanın açıqlamaları fonunda bu məsələnin Putin-Paşinyan danışıqlarının gündəmində əsas yer tutacağı ehtimal olunur.
Kommunikasiya xətlərinin açılması məsələsinin sülh müqaviləsindən əvvəl həyata keçirilə biləcəyi ehtimalı da gündəmə gəlir. Bu prosesin həyata keçirilməsi Moskvanın təsir gücündən və Putinin Ermənistana qarşı hansı addımlar atacağından asılı olacaq. M.Zaxarovanın açıqlamaları bu ehtimalın ciddi olduğunu və regiondakı güc balansının bu prosesdən necə təsirlənəcəyini göstərir.
S.Lavrov və M.Zaxarovanın bəyanatlarından belə nəticə çıxarmaq olar ki, Moskva İranın ali dini lideri Seyid Əli Xameneinin "Zəngəzur dəhlizinin Ermənistanın maraqlarına uyğun olmaması" ilə bağlı bəyanatından narazıdır. Rusiya Cənubi Qafqazda Ermənistanın maraqlarını müəyyən etmək hüququnu yalnız özündə saxlamaq istəyir və bu prerogativin digər aktorlarla paylaşılmasını qəbul etmir. Bu narazılıq Moskvanın iki əsrlik himayədarlıq siyasətinin davamı kimi qiymətləndirilə bilər.
Rusiya kommunikasiya xətlərinin açılması mövzusunun sülh müqaviləsindən kənarlaşdırılmasından Bakı ilə də müəyyən dərəcədə narazıdır. Azərbaycan Ermənistanla danışıqlarda konstruktiv mövqe nümayiş etdirir və bu mövzunun sülh müqaviləsindən "sonrakı mərhələyə" keçirilməsi bu mövqenin bariz nümunəsidir. Lakin Moskva üçün bu, narahatlıq yaradan bir amildir və bu narazılığın gələcək danışıqlarda özünü necə göstərəcəyi maraqla izlənilməkdədir.
İrəvan hazırda mürəkkəb bir vəziyyətlə üz-üzədir. Bir tərəfdən Rusiya qərarların icrasını tələb edir və bu tələb Ermənistanın üzərinə ciddi təzyiq yaradır. Digər tərəfdən, Qərb Rusiyanın bu prosesdəki iştirakına qarşı çıxır və situasiya İrəvan üçün əlavə bir maneə yaradır. Eyni zamanda, Azərbaycan və Türkiyə Zəngəzur dəhlizi üçün xüsusi rejimin tətbiqini tələb edir, əks halda digər məsələlərin açılması mümkün olmayacaq. Bütün bunların fonunda ABŞ və Aİ Ermənistan üzərindən keçən dəhlizin reallaşmasını istəyir, İran isə Zəngəzur dəhlizinə qarşı çıxır. Bu çoxşaxəli təzyiqlər İrəvanı siyasi qərarlar qəbul etmədə çətin bir vəziyyətə salır və Ermənistanın hansı istiqamətdə addım atacağını qeyri-müəyyən edir.
M.Zaxarovanın açıqlamaları kommunikasiya xətlərinin açılması mövzusunun regionda necə həssas bir məsələ olduğunu bir daha vurğuladı. Rusiya Cənubi Qafqazda əldə etdiyi strateji üstünlüyü itirməmək üçün bütün vasitələrdən istifadə edir və bu, Moskvanın regiondakı maraqlarının nə qədər dərin olduğunu göstərir.
Ermənistanın isə bu prosesdəki qərarsızlığı həm Rusiya, həm də digər beynəlxalq aktorlar üçün narahatlıq yaradır və regionun geosiyasi şəraitini daha da mürəkkəbləşdirir. İrəvanın çıxılmaz vəziyyətdə qalması, bu prosesin necə inkişaf edəcəyini və regiondakı güc balansının necə dəyişəcəyini göstərir. Nəticədə, kommunikasiya xətlərinin açılması prosesi yalnız regiondakı aktorların maraqları ilə deyil, həm də beynəlxalq arenada formalaşan yeni reallıqlarla müəyyən olunacaq.