BMT son illərdə missiyasını yerinə yetirməkdə çətinlik çəkir.
Senzor.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, BMT getdikcə daha passiv, hərəkətsiz bir quruma çevrilir.
Ərdoğan söyləyib ki, müxtəlif regionlarda baş verən hadisələr də bunu göstərir...
Türkiyə lideri bəyan edib ki, “Dünya Fələstin Dövlətini tanımalıdır”.
O qeyd edib ki, Fələstini tanımayan digər dövlətlər də bu addımı ataraq bu gərgin dövrdə tarixin doğru tərəfində olmalıdırlar: “Beynəlxalq sülh və təhlükəsizliyin 5 imtiyazlı ölkənin şıltaqlığına buraxılmayacaq qədər vacib olduğunun şahidi oluruq. Bunun ən dramatik nümunəsi Qəzzada 353 gündür davam edən qırğındır. Səhnə önündə Qəzzada atəşkəs üçün səylər göstərənlər pərdə arxasından İsrailə silah-sursat göndərməyə davam edir".
R.T.Ərdoğan həmçinin xatırladıb ki, Kipr adasında iki xalq və iki dövlət mövcuddur, federasiya sistemi artıq qəbuledilməzdir.
Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) adada sülhün və əməkdaşlığın tərəfdarı olduğunu vurğulayan Ərdoğan beynəlxalq ictimaiyyəti ŞKTC-ni də tanımağa və onunla iqtisadi əlaqələr qurmağa çağırıb.
Türkiyə Prezidenti ali kürsüdən bir daha bəyan edib ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyirlər.
O bildirib ki, Ankara tərəflər arasında dialoqun müsbət nəticə verəcəyinə ümid edir: “Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması bizimlə Ermənistan arasında əlaqələrə də təsir edəcək”.
Türkiyə lideri Bakıda təşkil olunacaq COP-29 tədbirinin iqlim dəyişmələri ilə bağlı problemlərin həllinə kömək edəcəyinə inandığını da vurğulayıb. Qeyd edib ki, heç bir ölkə emissiyanın azaldılması və iqlim dəyişikliyinə uyğunlaşmanı təkbaşına bacara bilməz. Ərdoğanın sözlərinə görə, bu məsələdə inkişafda olan ölkələr üçün ən vacib amillərdən biri maliyyə, texnologiya idxalı və imkanların artırılmasıdır.
R.T.Ərdoğan daha bir vacib məsələyə - Türk Dövlətləri Təşkilatı (TDT) məsələsinə toxunub və bildirib ki, bu qurum artıq cazibə mərkəzinə çevrilir.
O, Mərkəzi Asiya ölkələri ilə də münasibətlərin dərinləşdiyini qeyd edərək, TDT-nın nümunəvi əməkdaşlıq modeli halına gəldiyini vurğulayıb: “Birlik və bərabərliyimizi gücləndirəcəyik”.
Türkiyə lideri, həmçinin, əlavə edib ki, ölkəsi uyğur türklərinin təməl haqq və azadlıqlarını Çinin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmaq şərti ilə müdafiə etməyə davam edəcək.
Daha ətraflı videoda:
[media=https://www.youtube.com/watch?v=hQwfc5ArBAI]