Almaniya Prezidentinin sosial media profilində artıq keçmişin qalığı olan qondarma rejimin bayrağının yerləşdirilməsi və onun altında yazılan mətn Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olub. Dərhal iki ölkənin Prezident administrasiyaları və Xarici İşlər nazirlikləri arasında təmaslar başlayıb. Almaniya tərəfi bu postun səhvən yerləşdirildiyini etiraf edərək onu dərhal çıxarıb.
Almaniya Prezidenti Administrasiyasının rəhbəri adından ünvanlanmış məktubda baş vermiş bu hadisəyə görə üzrxahlıq ifadə olunaraq, məktubun mediaya verilməsinə razılıq bildirilib.
Senzor.az məktubu və onun Azərbaycan dilində tərcüməsini təqdim edir.
Almaniya Federativ Respublikasının
Prezidenti Administrasiyasının rəhbəri
Dövlət katibi Dörte Dinger
31 mart 2025-ci il
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevə
Hörmətli Hikmət Hacıyev.
Federal Prezidentin sosial media hesabında qısa müddət ərzində Azərbaycanın bir regionuna aid bayrağın yanlış təsviri və onunla bağlı mətn dərc olunub. Səhv aşkar edildikdən sonra paylaşım dərhal silinib.
Bu paylaşım texniki səhv səbəbindən dərc edilib və Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə dair məlum mövqeyi ilə bağlı heç bir məna kəsb etmir.
Belə bir səhvə yol verilməsinə görə çox məyusam. Paylaşımın Azərbaycanda bəzi insanlarda yaratdığı yanlış təəssürata görə səmimi-qəlbdən üzr istəyirəm.
Federal Prezidentin qarşıdan gələn səfəri Azərbaycan-Almaniya tərəfdaşlığını möhkəmləndirmək və regionda davam edən sülh prosesinə dəstək vermək məqsədi daşıyır.
Hörmətlə,
D. Dinger