İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun polisə təhvil vermədiyi ikinci mobil cihazının HTS qeydləri əldə olunub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, araşdırma zamanı onun eyni istintaq çərçivəsində saxlanılan şübhəlilərlə sıx ünsiyyətdə olduğu müəyyən edilib.
İstanbul Prokurorluğun məlumatında onun “İmamoğlu İnşaat”a 50 milyon TL köçürdüyü iddia edilən Hüseyn Köksalla beş dəfə danışdığı vurğulanıb.
Onun eyni istintaq çərçivəsində həbs edilən “Kültür AŞ”nin keçmiş baş direktoru Serdal Taşkınla 8, Murat Abbasla 11, İBB Əmlak İdarəetmə Departamentinin rəhbəri Kağan Sürmegözlə iki dəfə danışdığı müəyyən edilib.
Bundan başqa, telefon məlumatlarına əsasən, İmamoğlu istintaq sənədlərində “təşkilatın idarəçilərindən biri” kimi qələmə verilən Fatih Keleşlə 135, “Media Inc” İdarə Heyətinin sədri Murat Ongun ilə 521, İPA sədri Buğra Gökçe ilə 38, Necati Özkanla 469 dəfə danışıb.
Qeyd edək ki, HTS - məhkəmə istintaqlarında hakim və prokurorların tələbi ilə insanların telefon danışıqlarının və siqnallarının araşdırılmasıdır. Telekommunikasiya vasitəsilə əldə edilən bilgilərdən məhkəmə araşdırmalarında aydınlaşdırıcı məlumat kimi istifadə olunur.