Dünən Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünə, sərhəd toxunulmazlığına və suverenitetinə qəsd etmək istədi. Alınmadı.
Dünən səhər saatlarında Ermənistanın paytaxtı İrəvanın meydanlarından birində sıraya düzülmüş 19 ağırtonnajlı yuk avtomobili (TIR) Azərbaycanla şərti dövlət sərhədinə yollanmağa hazır idi. Avropa İttifaqının Ermənistandakı müşahidə-monitorinq missiyasının təmsiçiləri, İrəvandakı səfirliklərin nümayəndələri, jurnalistlər və s. də meydanda idilər.
360 ton "humanitar yük"ün "aclıq və blokada şəraitindəki qarabağlı ermənilər üçün nəzərdə tutulduğu", Xankəndinə çatdırılacağı deyilirdi.
Onlar Ermənistandakı "Spayka" şirkətinə məxsus TIR-lara baxış keçirdilər, orada "silah-sursat və hərbi texnika olmadığını" dedilər.
Bundan sonra Aİ müşahidəçilərinin, jurnalistlərin və yerli QHT mənsublarının müşayiəti ilə maşın karvanı Azərbaycanla şərti dövlət sərhədinə yollandı.
"Humanitar yük karvanı" adlı bu təxribat Ermənistan rəhbərliyinin bilavasitə iştirakı və göstərişi ilə hazırlanmışdı. Belə ki, şouya baş nazir Nikol Paşinyanın aparat rəhbərinin müavini Taron Çaxoyan rəhbərlik edirdi.
"Karvan"ın Azərbaycanla şərti dövlət sərhədinə yönəlməsindən dərhal sonra ermənilər sosial şəbəkələrdə yazdılar ki, sən demə, bu aksiya Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Sülhməramlı Kontingentinin (RSK) rəhbərliyi ilə razılaşdırılıb.
Paşinyan administrasiyasının mənsubları da erməni mediasına və xüsusilə də sosial şəbəkələrin erməni seqmentinə "etibarlı mənbələrdən alınmış məlumatlar" sousu ilə sızdırmalar edərək vurğulayırdılar ki, sərhəddəki Həkəri çayının üzərindəki körpüyə çatandan sonra maşınların Xankəndinə yollanması məqsədilə RSK komandanlığı ilə danışıqlar aparılıb.
"Aksiya RSK komandanlığı ilə razılaşdırılıb. Avtomobil karvanı heç bir maneə olmadan hərəkət edəcək, Laçında da azərbaycanlı sərhədçilər maşınları saxlaya bilməyəcəklər", - məlumatlarda deyilirdi.
Lakin aksiya RSK bir tərəfə, ən başlıcası Azərbaycanla razılaşdırılmamış təxribat idi.
RSK komandanlığı dünən maşın karvanını saxladı və Azərbaycan ərazisinə buraxmadı.
Rusiyalı zabitlərin dediklərinə görə, "Spayka" şirkətinə məxsus 19 ağırtonnajlı yük avtomobilinin Laçın yolu ilə Azərbaycan ərazisinə keçidi ilə bağlı onlara kimsə əvvəlcədən məlumat verməyib, xəbərdarlıq da etməyib.
Rəsmi Moskvanın da mövqeyi sərtdir.
Adının çəkilməsini istəməyən rusiyalı diplomat bildirdi: "Ermənistanın bu "təşəbbüs"ü bizim üçün pis sürpriz oldu. Daha dəqiq olsaq, bu aksiya rusiyalı sülhməramlıların nüfuzuna zərbə vurmaq, habelə bu günlərdə Moskvada Rusiya, Azərbaycan və Ermənistanın XİN başçıları arasında əldə edilmiş ilkin razılaşmalardan sonra yaranmış situasiyanı süni şəkildə gərginləşdirmək cəhdidir. Hərəkəti Rusiyanın Sülhməramlı Kontingenti ilə əvvəlcədən razılaşdırılmamış maşın karvanı ilə bağlı məsələ bilavasitə Ermənistanla Azərbaycan arasında danışıqlar vasitəsilə həll edilməliydi".
Maşın karvanı Ermənistanla Azərbaycan arasındakı şərti dövlət sərhədinə doğru hərəkətdə olanda şounun müəllifləri, nəzarətçiləri və müşahidəçiləri artıq yerlərini alaraq tapşırılan rolların ifasına başlamışdılar.
Avropa İttifaqının Ermənistandakı müşahidə-monitorinq missiyasının rəhbəri Markus Ritter sərhədə yollanaraq dağ başına çıxdı, oradan ermənilərlə rusiyalı sülhməramlılar arasında mübahisəni binoklla seyr etməyə başladı.
Xankəndidəki separatçı xuntanın "dövlət naziri" olmaq və Rusiyanın təsir agenti qismində yollayaraq situasiyanı maksimum gərginləşdirməyi tapşırdığı Ruben Vardanyanı üstələmək istəyən Samvel Babayan isə dərhal açıqlama verərək dedi: "Bakı ilə danışıqlara getməliyik! Mütləq! Əgər məğlub olubsunuzsa, oyun qaydalarını qəbul edərək özünüzə gəlməyə çalışmalısınız!"
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell isə tələsik bəyanat verdi: "Azərbaycan tərəfinin təklif etdiyi Ağdam-Xankəndi yolu Laçın dəhlizinə alternativ olaraq görülməməlidir. Laçın dəhlizi boyunca təhlükəsizliyə və hərəkət azadlığına tezliklə təminat vermək və böhranın daha da genişlənməsinə imkan verməmək Azərbaycanın vəzifəsidir."
Halbuki "aclıqla üzləşmiş qarabağlı ermənilər üçün humanitar yük" adı ilə şərti dövlət sərhədini yararaq maşın karvanını Xankəndinə istiqamətləndirmək istəyi bilavasitə və birbaşa olaraq Azərbaycanın ərazi bütövlüyünə, sərhəd toxunulmazlığına və suverenliyinə qəsd cəhdi idi.
Aİ müşahidə missiyasının rəhbəri Markus Ritterin və İrəvandakı səfirliklərin mənsublarının şouya qatılmaları aksiyanın əvvəlcədən təfərrüatlı şəkildə hazırlanması ilə yanaşı, Brüsselin və Rusiyanın Azərbaycana qarşı ikili standartlara əsaslanan siyasət yürütdüklərini bir daha, açıq sübut etdi.
Azərbaycan ərazilərinin 20 faizi tam 30 il ərzində Ermənistanın işğalında olanda indi "narahatlıq izhar edən" dövlətlər, təşkilatlar və siyasətçilər nədən Ermənistanı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasına vadar etmədilər, İrəvana qarşı sanksiyalar tətbiq olunmadı? Sadəcə bu fakt hazırda ölkəmizə qarşı təzyiq cəhdlərinin absurdluğunu və hətta əxlaqsızlığını göstərmirmi?
Rəsmi Bakı dəfələrlə bəyan edib ki, RSK-nın müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan ermənilər üçün yüklərin daşınması üçün Ağdam-Xankəndi marşrutundan istifadə oluna bilər.
Üstəlik, Laçın yolundan fərqli olaraq, bu marşrutda yuksək dağlıq aşırımları, dolanbaclar və s. olmadığından daşımalar daha rahat, daha sürətli, daha qısa müddətə həyata keçirilə bilər.
Bakının təklif etdiyi marşrutu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel də təqdir və qəbul edib. Belə çıxır ki, indi "narahat" olan, ermənilərin şousuna qatılan Aİ nümayəndələri Ş.Mişelin mövqeyini heçə sayırlar?!
Axı ermənilərin son təxribatı bölgədə sülhün bərqərar olmasına yox, yeni hərbi əməliyyatlara təkan verməyə yönəlib.
İndi narahat olduqlarını deyən və Azərbaycana təzyiq göstərməyə çalışan avropalı siyasətçilər faktiki olaraq erməni separatçılığını, revanşizmini və aqressiv radikalizmini dəstəkləyir, Azərbaycanın ərazi bütövlüyünə sayğısızlıq nümayiş etdirir, ən başlıcası isə, mövqelərimizdən zərrə qədər geri çəkilməyəcəyimizi anlamırlar.
Vəssəlam, oyun bitdi.
Ağdam-Xankəndi yolunun daşımalar üçün tam hazır olduğunu nəzərə alsaq, Əsgəranda bu yolu kəsərək beton plitləri asfalta düzmək, qarabağlı ermənilərdən girov qismində istifadə etmək, maşın karvanı adı ilə şou düzəltmək isə siyasi möhtəkirlik, manipulyasiya və şantaj cəhdləridir.
Ermənilərin 19 avtomobildən ibarət karvanı hələ də Laçındakı sərhəd nəzarət-burazılış məntəqəmizin qarşısında gözləyirlər.
Artıq 15 saatdır gözləyirlər və anlamırlar ki, sərhədçilərimiz onları ölkəmizin ərazisinə buraxmayacaqlar.
Jozep Borrelin bəyanatına gəldikdə isə, artıq maskaların yırtıldığı zaman çatıb.
Rəsmi Bakı yekun sülh sazişinin imzalanmasına yönəlmiş danışıqlar prosesini Ermənistan tərəfdən Azərbaycanın ərazi bütövlüyünün tanınması mərhələsinə çatdırıb.
Lakin məsələ hüquqi kontekstə və əldə edilmiş razılaşmaların gerçəkləşdirilməsinə çatanda vasitəçilik edən Rusiya, Avropa İttifaq və ABŞ bəyan edirlər ki, sən demə, onlar situasiyanı belə təsəvvür etmirdilər.
Borrelin bəyanatı da bu qəbildəndir. Laçın yolunun dərhal açılmasını, bu yolla heç bir yoxlama və maneə olmadan hərəkətin təminatını tələb edən Borrel Ağdam-Xankəndi marşrutunu Laçın yoluna alternativ saymadığını, qarabağlı ermənilərin üzləşdikləri humanitar problemlərə görə narahat olduğunu deyir.
J.Borreli RSK-nın yerləşdiyi arealdakı humaniar situasiya gerçəkdən də belə narahat edirsə, nə üçün o, rəsmi Bakını qarabağlı ermənilər üçün humanitar yardımları Azərbaycanın məqbul hesab etdiyi bütün marşrutlarla, dərhal daşımağı tələb etmir.
Bu, Avropa İttifaqından aydın messic, Azərbaycanın ərazi bütövlüyünün tanınmasının və şübhə altına alınmadığının bəyanı olardı.
Bakıy qarşı bəyanatlar verənlər bir incə məqamı dərk etmirlər.
Onlar anlamırlar ki, Nikol Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb, bütün dünyaın da bu mövqedə olduğunu deyir, amma ABŞ-ın Azərbaycandakı səfiri Şuşaya getmir, Jozep Borrel Laçın yolunun dərhal açılmasını tələb edir. Beləcə, ermənilərdə rəy yaradılır ki, Qərb Bakıya sən demə, təzyiq edir, Paşinyan isə ermənilərə və Ermənistana xəyanət edir.
Bəyanatlar verənlər və tələb edənlər bir qərara gəlməlidir: onlara nə gərəkdir - “humanitar dəhliz”, yoxsa qarabağlı ermənilərin humanitar problemlərinin həlli?