Qərb ölkələri Ukraynanın müdafiəsini təmin etmək üçün sülh sazişi bağlandıqdan sonra həyata keçirmək niyyətində olduqları “təxmini plan” hazırlayıblar.
Senzor.az bildirir ki, öz mənbələrinə istinad edən “Financial Times” (FT) nəşrinin məlumatına görə, plana üç müdafiə xəttinin yaradılması daxildir.
Birinci müdafiə xətti Ukrayna və Rusiya ilə razılaşma əsasında üçüncü ölkənin neytral sülhməramlı qoşunlarının patrul xidməti göstərəcəyi demilitarizasiya zonasını əhatə edəcək.
İkinci sıraya “NATO qoşunları tərəfindən silahlanmış və təlim keçmiş” Ukrayna qoşunları daxil edilməlidir.
Üçüncü müdafiə xəttində isə, Avropanın rəhbərlik etdiyi “çəkindirici qüvvə” Ukraynanın dərinliklərində yerləşdiriləcək. Bu qüvvələrin arxadan Amerika qoşunları tərəfindən dəstəklənəcəyi ehtimal olunur.
“Birləşmiş Ştatlar bundan əvvəl Qərbin istənilən təhlükəsizlik planı üçün kəşfiyyat resurslarının və döyüş meydanına nəzarətin təminatına, habelə Ukrayna üçün hava hücumundan müdafiə sisteminin qurulmasında iştirak etməyə hazır olduğunu bildirmişdi”, - “FT” xatırladır.
Bununla belə, ABŞ öz qoşunlarının Ukraynada yerləşdirilməsinin əleyhinədir və Müdafiə naziri Pit Heqset də daxil olmaqla Tramp administrasiyasının rəsmiləri müharibədən sonrakı təminatlarda hər hansı iştiraka şübhə ilə yanaşırlar.
Avropalı mənbələr, öz növbəsində nəşrə açıqlamalarında etiraf ediblər ki, xarici qüvvələrin Ukraynada istənilən şəkildə yerləşdirilməsi yalnız ABŞ-ın “Avropa qoşunlarına təminat verəcəyi, prosesə nəzarət edəcəyi və onları qoruyacağı barədə öhdəlik götürəcəyi təqdirdə” baş tuta bilər.
Moskvanın mövqeyinə gəlincə, Rusiya Xarici İşlər Nazirliyi NATO-ya üzv ölkələrin hərbçilərinin Ukrayna ərazisində hər hansı mövcudluğunun onlar üçün qəbuledilməz olduğunu və gərginliyin ciddi şəkildə artmasına səbəb ola biləcəyini vurğulayıb.