15-17 oktyabr tarixlərində Türkiyənin İstanbul Universitetinin Prof.Dr. Fuad Sezgin konqres mərkəzində Romada yerləşən Beynəlxalq YOCOCU Assosiasiyası və İstanbul Universitetinin təşkilatçılığı, İtaliya Atmosfer Elmləri və İqlim İnstitutu, Türkiyə Mədəni İrsin Dostları İctimai Birliyi (KUMİD), İtaliya Kalabriya Universiteti, Mədəni Mülkiyyətlərin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəz (ICCROM), Azərbaycan "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Rumıniya Timişoara Milli İncəsənət Muzeyi, Türkiyə Konservasiyaçılar və Bərpaçılar İctimai Birliyi (KRD), Çexiya Yaşıl Laboratoriya Təşkilatı, İtaliya EMEC Su Cihazları Şirkəti, Heritage jurnalının dəstəyi ilə “Mədəni İrsin Konservasiyasında Gənclər - YOCOCU" IX beynəlxalq konfransı keçirilib.
Senzor.az bildirir ki, konfransda Türkiyə, İtaliya, Azərbaycan, Yunanıstan, İspaniya, Almaniya, Rumıniya, Portuqaliya, Fransa, Avstriya, ABŞ, Xorvatiya, Rusiya, Böyük Britaniya, İran, Pakistan, Hindistan, Misir, Avstraliya və digər ölkələrdən 120-dən çox alim və tədqiqatçı canlı, poster və onlayn məruzələrlə çıxış edib. Konfrans müxtəlif mövzular üzrə sessiyalarda işini davam etdirib.
"Mədəni irs strategiyaları: innovativ muzeylər, təhsil və qiymətləndirmə" adlı birinci bölmədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti "Orta Əsr Ağsu Şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Şölə Bayramova "Ağsu Qoruğu: Arxeoloji irsin təqdimatı" mövzusunda məruzə edib.
O, arxeoloji irsin mühafizəsi məsələlərinə toxunub, Ağsu Qoruğunda aparılan son arxeoloji qazıntılar, onların nəticələrindən və Qoruğun tarixi-mədəniyyət abidələrindən danışıb.
Daha sonra Ağsu arxeoloji ekspedisiyasının rəisi Prof.Dr. Qafar Cəbiyev Azərbaycan arxeologiyası, Qarabağın arxeoloji abidələrinin öyrənilməsi, erməni vandalizminin nəticələri haqqında geniş məlumat verib.
Konfrans çərçivəsində iştirakçılar arxeoloji materialların konservasiyası və bərpasında yeni yaşıl məhsullarının praktik təlimi, arxeoloji tekstil materiallarının işlənməsi, parça üzərində basmanaxış üzrə vorkşop, Özgür Sarıcanın ebru sənəti üzrə ustad dərsi, Fatih Çamlıbelin Səthin Qorunması üçün Nanosilikat Örtük tətbiqi mövzusunda seminarı, Taner Günerin “Yeniqapı” gəmi təqdimat layihəsi, Banu Çakan və Hale Çelik Hekimin Yaşıl bərpa-konservasiya materialları sərgisi və ənənəvi tekstil istehsalı mövzusunda seminarında iştirak ediblər.
Mədəni İrsin Qorunmasında apolar, toksik və innovativ məhlullar üçün Sellüloz Efir əsaslı gellərin tətbiqi laborator sessiyada gel və digər məhlullarla işləyiblər. İştirakçılar SADBERK HANIM Muzeyi,Türk Əlyazmalar, Kitab və Arxiv İnstitutu, İstanbul Arxeologiya Muzeyi, İstanbul Rəsm və Heykəltəraşlıq Muzeyi, bərpa və konservasiya laboratoriyasında olublar.
İştirakçılar sertifikatla təltif olunublar.
Konfransın yekununda Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Dr. Fariz Xəlilli Beynəlxalq YOCOCU Assosiasiyasının növbəti “Mədəni İrsin Yaşıl Konservasiyası" VI beynəlxalq elmi-praktiki konfransının 2025-ci ildə Şuşa şəhərində keçirilməsi təşəbbüsü ilə çıxış edib və təklifini İdarə heyətinə təqdim edib.
Senzor.az