X Qlobal Bakı Forumunun ikinci günü - YENİLƏNİB
Miqrasiya problemini yaradan amillərlə bağlı müzakirələr aparılıb

Azərbaycan paytaxtında keçirilən “Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu martın 10-da işini panel iclaslarla davam etdirir.


Forumun beşinci panel iclası “Miqrasiya qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi” mövzusuna həsr olunub.


Dünyanın qlobal məsələlərindən olan miqrasiya problemini doğuran səbəblər və onun həlli yollarına həsr olunmuş panel iclasa İsveç İnkişaf Naminə Əməkdaşlıq Agentliyinin sabiq Baş direktoru, BMT-nin İKT üzrə işçi qrupunun üzvü, UNESCO-nun Kommunikasiyanın İnkişafı üzrə Hökumətlərarası Şurasının sabiq sədri, “Globethics.net” platformasının prezidenti Valter Fust moderatorluq edib.

V.Fust bildirib ki, dünyada milyonlarla insan öz vətənini tərk edərək yaxşı yaşayış və təhsil almaq üçün başqa ölkələrə üz tutur. Münaqişə və müharibələr, çətin yaşayış şəraiti, iqlim dəyişikliyi miqrantların sayını getdikcə artırır. Moderator miqrasiya məsələsinin dünyanın qlobal problemlərindən birinə çevrilməsindən və bu problemin həllində inteqrasiyanın rolundan danışıb. Qərbi Avropaya köç edənlərin sayının daha çox olduğunu diqqətə çatdıran moderator son illərdə 200 min miqrantın öz ölkəsinə qayıtdığını deyib.


Latviyanın sabiq Baş naziri Laymdota Strauyuma miqrasiya problemi ilə bağlı ölkəsinin təcrübəsindən bəhs edərək bildirib ki, 1990-cı ildən sonra Latviyanı 600 min insan tərk edib. O, buna səbəb kimi sovet dövründə insanların üzləşdikləri problemləri, iqtisadi çətinlikləri göstərib. O qeyd edib ki, ölkəsi miqrasiya problemini yalnız 2021-ci ildə balanslaşdıra bilib. Lakin Ukraynadakı müharibə ilə əlaqədar olaraq Latviyaya xeyli sayda qaçqın gəlib.

Moldovanın sabiq Baş naziri Çiril Qaburiçi çıxış edərək bir çox ölkələrin miqrasiyadan zərər gördüyünü vurğulayıb. O, ölkəsində əhalinin 30 faizinin başqa ölkələri köç etdiyini bildirib: “Həmin miqrantların çoxu bizim ölkəyə töhfə verə biləcək insanlar idi. Moldova son illərdə milyondan artıq qaçqın qəbul edib”.


Vurğulanıb ki, miqrasiya problemini həll etmək üçün əvvəla onu doğuran səbəblər araşdırılmalıdır. Sabiq baş nazir miqrasiya probleminin həlli üçün qlobal layihənin hazırlanması təklifi ilə çıxış edib.


Miqrasiyanın mürəkkəb fenomen olduğunu diqqətə çatdıran Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məsələyə optimist nöqteyi-nəzərindən yanaşmanın vacibliyini qeyd edib. Bildirib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan çox soydaşımız öz doğma yurdlarını tərk edib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra onların doğma torpaqlarına qayıtmasını təmin etməyə başlayıb. Əsas məsələnin miqrasiyanı doğuran kök səbəblərin aradan qaldırılması olduğunu deyən V.Hüseynov Azərbaycanın miqrasiyanı inkişaf amili kimi də qəbul etdiyini vurğulayıb.

İqlim dəyişikliyi, yoxsulluq, münaqişələr nəticəsində miqrasiya edənlərin sayının artdığını qeyd edən Dövlət Miqrasiya Xidmətinin rəisi bu məsələnin qlobal gündəmi zəbt etdiyini bildirib. Qeyd edib ki, COVID-19 pandemiyası da miqrasiyada rəqəmlərin artmasına öz təsirini göstərib. O, miqrasiya probleminin həlli üçün qeyri-bərabərliyin aradan qaldırılmasının vacibliyini vurğulayıb. V.Hüseynov bu məsələdə həmrəyliyin və beynəlxalq sənədlərdən istifadənin əhəmiyyətini qeyd edib.


Kolumbiyanın sabiq xarici işlər naziri Mariya Angela Holquin Latın Amerikası ölkələrinə dəstək verilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, miqrasiya probleminin həllində QHT-lərin fəaliyyətindən istifadə olunmalıdır. xanım Holquin miqrasiya probleminə humanitar məsələ kimi baxılmasının vacibliyini qeyd edib, ölkəsinin üzləşdiyi çətinliklərdən və onlardan çıxış yollarından danışıb. Deyib ki, miqrasiya probleminə dərhal reaksiya vermək lazımdır.


Qlobal Bakı Forumunun təşkilinə və qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edən ISESCO-nun sabiq Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri forumda dünyanı narahat edən problemlərin müzakirə olunduğunu diqqətə çatdırıb. Miqrasiya məsələsinə toxunan sabiq Baş direktor bəzi ölkələrdə müharibələrə və iqtisadi baxımdan çətinliklərə görə əhalinin öz yurdlarını tərk etdiyini bildirib.

“Mən bir çox Afrika ölkəsində olmuşam. Afrikalılara qarşı göstərilən münasibət çox da yaxşı deyil. İnsanları yaxşı və ya pis olaraq ayırmamalıyıq. Onları rəngə, irqə, dinə görə bölmək qəbuledilməzdir”, - deyə əl-Tüveycri vurğulayıb.


O, bu məsələnin həllində beynəlxalq əməkdaşlığın rolunu qeyd edib.


Ekvadorun sabiq Prezidenti Rozaliya Arteaqa Serrano bildirib ki, qaçqınların 50 faizi qadınlardır. Çünki onlar zorakılığa məruz qalırlar. İnsanların öz vətənlərini tərk etməmələri üçün bərabərlik və iş imkanları olmalıdır. O, ölkəsində miqrasiya ilə bağlı ədalətli qanunların qəbul olunduğunu bildirib.


Müsəlman Ağsaqqallar Şurasının Baş katibi Muhəmməd Mahmud Abdelsalam isə çıxışında dünya dövlətlərini miqrasiya probleminin həlli üçün irqçiliyə, ayrı-seçkiliyə son qoymağa çağırıb.


Dünyanın üzləşdiyi çətinliklərin həlli yollarının müzakirəsi üçün X Qlobal Bakı Forumunda iştirak eetməsindən məmnunluğunu ifadə edən Baş katib deyib ki, miqrasiya məsələlərində ərəb və Afrika ölkələri də unudulmamalıdır. “Miqrantlar ölkələrindən iqtisadi böhran, iqlim dəyişikliyi və digər səbəblərdən köçürlər. Bəzi miqrantlar köçüb getdikləri ölkələrə iqtisadi baxımdan böyük töhfələr verirlər. Miqrantlar arasında çox savadlı olan şəxslər də var. Bəzi ölkələr də var ki, onlar qaçqınları qorumaq istəmir. Biz bu problem qarşısında bir olmalı, beynəlxalq həmrəylik üçün çalışmalıyıq”, - deyə o vurğulayıb.

Panel iclası müzakirələrlə davam edib.


Qeyd edək ki, Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.


Azərbaycan Respublikası Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Qlobal Bakı Forumu öz işinə martın 11-də yekun vuracaq.

**10:27

Xəbər verdiyimiz kimi, martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.

 

Senzor.az bildirir ki, forum panel müzakirələri ilə işini davam etdirir. 

 

Bugünkü panel müzakirələrə aşağıdakı mövzular daxildir:

 

-"Yeni qlobal səhiyyənin qurulması struktur: Sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət";

 

-"Miqrasiya qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi";

 

-"Avrasiya zonasında yeni enerji və nəqliyyat dəhlizlərinin rolu";

 

-"Qlobal inkişaf və təhlükəsizlikdə Çinin rolu".

 

Xatırladaq ki, Qlobal Bakı Forumu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Sayca 10-cu olan builki forum sabah da davam edəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.