Real TV-nin baş direktoru Mir Şahin Ağayev son günlər məcburi köçkünlərlə bağlı səslənən çağırışlara və bu mövzuda sosial şəbəkələrdə aparılan müzakirələrə reaksiya verib.
Senzor.az bildirir ki, tanınmış jurnalist həmkarlarına və ictimaiyyətə müraciət edərək, bu məsələlərdə diqqətli olmağın vacibliyini vurğulayıb və onları düşmənin əlinə oynamamağa çağırıb. Xatırladıb ki, dediklərimizi, yazdıqlarımızı düşmən də eşidir, görür: “Keçmiş köçkünlərdən kiminsə indiyədək yerləşdiyi mənzildən çıxmaq istəməməsi və ya tək-tük sakinin qayıtdığı yurdda öz mənzilini kirayəyə verdiyi barədə deyilənlər medianın (xüsusilə də sosial medianın!) ifasında şişir, dəfələrlə böyüyür. Eləcə də Cıdır düzünə atılmış zibillər... Eləcə də səhnəni incik tərk edən addımlar... Eləcə də su axıdan kranlar... Eləcə də suvağı pozulmuş divarlar... Bax bütün bunlar düşmən mediasında üçə vurulur, dördə vurulur, yüzə vurulur... və Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə dönmək istəməməsi məzmununda rəy yaratmaq istəyən qüvvələrin əlində əlverişli alətə çevrilir. Bu aləti düşmənə biz veririk: Azərbaycan!
O Azərbaycan ki, onun Ali Baş Komandanı 44 günlük müharibənin gedişində Ordumuzda bir fərarinin belə olmadığını bu bün də qürurla dünyaya bəyan edir. 10 mindən artıq fərarisi olmuş Ermənistanın və havadarlarının üzünə çırparaq! Bəs biz nəyi sübut etmək istəyirik? Axı düşmən tirajladığımız elə tək-tük faktları fərariliyə bərabər tutur! İzləmirsiz Ermənistan mediasını? Bilirsiniz nədən yazırlar? Qarabağ ermənilərinin Rusiya ordusunda xidmət keçmək üçün müraciətlərinin artması, sonra Ukraynaya qarşı vuruşmaq üçün cəbhəyə yollanması və o döyüşlərdə təcrübə toplayaraq revanşa hazırlanması... tək mövzulardan. Bəs Rusiya mediası hansı mövzuları işıqlandırır? İrəvanın mərkəzində 5000-ə yaxın erməninin mitinq keçirməsini və burada irəli sürülən tələbləri. Hansıdır o tələblər? Buyurun: “Bizi - “Artsax”dan çıxmış(çıxarılmış!) bütün erməniləri kompakt şəkildə geri qaytarın!” Tutuşdura, müqayisə edə bilirik? Guya azərbaycanlı keçmiş köçkün öz yurduna qayıtmaqdan boyun qaçırır, azad edilmiş ərazilərdə yaşamaq istəmir, amma minlərlə erməni İrəvanda mitinq keçirir, təkcə Ermənistandan yox, Rusiyadan, Fransadan da tələb edir ki, bizi “Artsax”a qaytarın! Başa düşürük nə baş verir? Anlayırıq? Xəbəriniz var ki, artıq məskunlaşdığı ünvandan çıxmayan köçkün mövzusu yalnız bizim sosial medianın prioritetlərinə başçılıq etmir?! Özü də ilin-günün bu vaxıtnda: hamılıqla diqqətimizin Böyük Azərbaycanın Qələbəsinə yönəlməli olduğu bir zamanda. Elə bir məqamda ki Azərbaycana böyük hesabla və böyük rüsvayçılıqla uduzan erməni lobbisi, bir zamanların məşhur erməni diasporu (elə dünya gücləri də daxil olmaqla) - öz məğlubiyyəti ilə barışmaq niyyətində deyil. O, revanş götürmək məqsədilə dəridən-qabıqdan çıxır. Uduzmuş əzələlərini masaj etdirir...”.