Son günlər Kür çayında suyun səviyyəsinin minimum həddən aşağı düşməsi ilə bağlı həyəcan təbili çalınır. Mart ayının 4-də Kürdə suyun səviyyəsi minimum həddən 60-70 santimetr aşağı düşdüyündən vəziyyət kritik həddə çatdığı bildirilirdi. Martın 11-dən başlayaraq Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsində artım müşahidə olunur. İki gündə çayda suyun səviyyəsi 20 santimetrdən bir qədər artıq qalxıb. Bununla belə, rayonun yaşayış məntəqələrində vəziyyət kritik olaraq qalır.
Artıq Mərkəzi Aran rayonlarında, Füzuli, Beyləqan, İmişli, Biləsuvar, Saatlı, Sabirabadda su qıtlığı hiss olunur, halbuki hazırda taxıl sahələrinin suvarılması vaxtıdır. Martın 13-də Saatlının Nabatkənd və Orta Muğanlı kəndlərinin sakinləri susuzluqdan əziyyət çəkdiləri üçün magistral yolu bağlayaraq etiraz etməyə cəhd ediblər. Onlar su çatışmazlığına görə əkinlərini suvara bilmədiklərini bildirirdilər...
Son illər aparılan monitorinqlər onu göstərir ki, daxili və tranzit çaylarda suyun səviyyəsi azalıb.Amma son 10 ildə azalma özünü daha çox büruzə verir. 2020-ci ilin iyul ayında da Kür ətrafı rayonlarda eyni problem yaşanırdı.
Kür niyə quruyur? Kürün quruması hansı problemləri yarada bilər?
ASTNA-nın mövzu ilə bağlı bu və digər suallarını ekoaktivist, Ecofront təşkilatının rəhbəri Cavid Qara cavablandırıb:
- Cavid bəy, son günlər Kür çayının quruması ilə bağlı yenə də çayətrafı rayonlardan həyəcan siqnalları gəlir. Nə baş verir? Kür niyə quruyur?
-Kür və Araz çaylarının qurumasının əsas səbəbi Azərbaycanda su sərfiyyatının kəskin artmasıdır.
Digər səbəblər arasında qonşu ölkələrdə də sərfiyyatın qismən artması, yağıntıların azalması və fəsillərarası bölgünün dəyişməsidir. Qışda qar yağıntısı daha kəskin azaldığı üçün yaz yağışları başlayana qədər çaylarda su artmır və yay ayları daha quraq keçir.
Azərbaycanda sərfiyyatın kəskin artmasının əsas səbəbi iriölçülü aqroparkların salınması və qış otlaqlarının suvarma əkininə cəlb edilməsidir
- Ermənistanın işğalı altında olan rayonlar azad olunandan sonra belə bir fikirlər dolaşırdı ki, həmin ərazilərdə olan su ehtiyatı Azərbaycanda su qıtlığının qarşısını alacaq. Bu həm də o demək idi ki, Kür çayına yüklənmə azalacaq. Bəs biz bunu niyə görə bilmirik? Həmin ərazilərdəki təbii su ehtiyyatları Kürün qurumasının qarşısını almaq üçün çarə ola bilmədimi?
- İşğal altında olan rayonların azad edilməsi su qıtlığına bir neçə istiqamətdə təsir edə bilərdi. Sərsəng su anbarına nəzarəti tam ələ keçirsəydik, bölgənin əsas çayı olan Tərtərçaydan daha səmərəli istifadə edə bilərdik. Digər böyük çaylar onsuz da öz axarı ilə Araz çayına qovuşurdu.
İşğalda olan ərazilərdə də əkin işləri aparılırdı. Azad edildikdən sonra qayıdış sürətləndikcə daha çox əkin işləri aparılacaq. Əksinə su qıtlığı daha da dərinləşəcək.
- Kür çayının 2010-2013- cü illər ərzində indi quruduğu ərazilərdə dəfələrlə sel fəlakəti yaşatdığının şahidi olmuşuq. Bundan çox qısa zaman sonra, 2019-cu ildə isə ciddi quruma təhlükəsi olduğunu da gördük. Həmin vaxtlar çayın qurumasını üzərində tikilmiş stansiya ilə əlaqələndirirdilər. Ola bilərmi, bu qurumalar 2013-cü ildən sonra bir daha həmin ərazilərdə sel fəalkəti yaranmasın deyə aparılan işlərlə əlaqəli olsun?
- Sel daşqınlarının qarşısının alınması üçün sonradan hansısa tədbirlər görülübsə belə, bunun Kür çayının qurumasına təsiri ola bilməz. Adətən daşqınların qarşısını almaq üçün tətbiq olunan bu cür qurğular idarəedilə bilən qurğular olur.
- 2019- cu ildən sonra, Kürün qurumasının ilk siqnalları barədə həyəcan təbili çalınandan sonra bunun qarşısını almaq üçün heç bir addım atılmaıdımı? Atılıbsa, bəs niyə yenə də həmin problemlə üzləşməli oluruq?
- Doğrusu, Kür çayının quruması ilə bağlı ilk həyəcan siqnallarından bəri heç bir ciddi iş görülməyib. Hətta o vaxtdan bəri sərfiyyat daha da artıb.
- Və son olaraq, Kürün və digər çayların quruması hansı təbii fəalkət və nəticələrə gətirib çıxara bilər? Vəziyyətdən çıxmaq üçün, Kürü, təbiəti, ekologiyanı qurtarmaq üçün hansı addımlar atılmalıdır?
- Kür və Araz çaylarının quruması, su resurslarının ədalətsiz, qeyri-bərabər bölüşdürülməsi kəndli fermerləri sıradan çıxaracaq, yerli etirazlar artacaq və həmin bölgələrdən paytaxta və sonda ölkədən kənara köç artacaq. Bunun qarşısını almaq üçün birincisi, suvarmaya cəlb edilmiş qış otlaqları geri qaytarılmalı, təyinatı üzrə qış otlağı olaraq istifadə edilməlidir. İkinci, su sərfiyyatı çox olan azgəlirli sahələrdən imtina edilməlidir. Məsələn, pambıqçılıq, suvarma taxıl əkinləri və bu kimi sahələrdən imtina olunmalıdır (Azərbaycanda əkin sahələri son 20 il ərzində təqribən iki dəfə artıb. Əgər 2000-ci ildə Azəbaycanda 1 milyon hektardan bir az artıq torpaq əkilirdisə, bu gün əkilən torpaqların sahəsi 2 milyon hektara yaxındır. Bu da suya olan tələbatın da artması deməkdir. Bütün bunlar da Kür çayının hesabına baş verir ki, nəticədə Kürdə suyun səviyyəsi kəskin azalır – ASTNA).
Üçüncüsü, torpaq kanallar beton kanallarla və borularla əvəz edilməlidir. İri kanallarımızın çoxu torpaq kanallardır. Torpaq kanallarından infiltrasiya olunan su həm itkiyə gedir, həm də torpağı şoranlaşdırır. Dördüncü, suvarma suyu və içməli su ödənişli olmalıdır. Amma limitli yanaşma ilə. Müəyyən limitə qədər çox ucuz və ya pulsuz. Limitdən artıq istifadə isə baha qiymətə satılmalıdır.
Hökümət əhalini inandırmalıdır ki, su qiymətlərinin artırılması daha çox pul toplamaq yox, suya qənaəti təbliğ etmək məqsədi daşıyır. Sənaye də daxil olmaqla sudan istifadənin bütün növləri ödənişli olmalıdır. Əks halda heç kim suya qənaət etməyəcək.