"Ətirli qızıl"dan yüz milyonlarla gəlir əldə etmək olar
Azərbaycan xurma istehsalı və ixracatında dünya liderinə çevrilə bilər

Qədim Romada "Diospyros" adlanan xurmanı Şərqdə "ətirli qızıl" sayırdılar. Ətirli və şirin dadlı meyvə minillərdən bəri kulinariya ilə bahəm, təbabətdə də istifadə olunur.

 

Azərbaycanda xurma, yəni "Şərq xurması" və ya "Diospyros kaki" əsasən Lənkəran zonasında (Astara, Lənkəran, Masallı), bundan başqa  Göyçay, Ağdaş, Ağdam, Gəncə,Balakən Zaqatala rayonlarında becərilir. Şərq xurmasından başqa Azərbaycanda iki növ yabanı xurmaya da rast gəlinir. Bunlar da Qafqaz xurması ("Diospyros lotus") və Virgin xurması ("Diospyros virginiana") adlanır.

 

Azərbaycanda becərilən Şərq xurmasının tərkibində 13-16% qlükoza və fruktoza şəkəri, 0,8%-ə qədər üzvi turşular, aşı maddələri, karotin, C vitamini və yod birləşmələri olduğuna görə onun mühüm müalicəvi əhəmiyyəti vardır. Şərq xurmasını zəiflik, qanazlığı, vitamin azlığı, xroniki mədə-bağırsaq xəstəlikləri zamanı yedikdə çox faydalıdır. O, həzm prosesinin fəaliyyətini artırır, maddələr mübadiləsini nizama salır, həmçinin triotoksikoz, ürək-damar sistemi xəstəliklərinin müalicəsinə yaxşı təsir göstərir.

  

Dünya miqyasında xurma istehsalçısı və ixracatçısı olan ölkələrin ilk onluğunda Azərbaycan lider İspaniyadan sonra 2-ci yerdədir. İlk onluqda sonrakı yerlərdə Çin, Özbəkistan, Hollandiya, Polşa, Litva, ABŞ, Livan və Fransa bərqərar olublar.

 

Bütün bunlarla bağlı internetdə, o cümlədən sosial şəbəkələrdə yetərincə, müfəssəl və dolğun məlumatlar var.

  

Bəs Azərbaycanda xurma istehsalı ilə bağlı vəziyyət nə yerdədir?

  

Ölkəmizdəki xurma istehsalçıları məhsullarını əsasən Rusiya Federasiyası, Ukrayna, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiya, Çexiya və bəzi Avropa ölkələrinə ixrac edirlər. 

Fəqət, ixracat həcmləri qənaətbəxş səviyyədə deyil.

 

Statistikaya nəzər salsaq, 2021-ci ildə Azərbaycan xaricə 174158,19 ton xurma satıb.

 

Bu göstərici 2020-ci illə müqayisədə 38,5% və ya 48 386,39 ton çoxdur.

 

Ölkənin xurma satışından gəlirində də artım müşahidə olunur. Belə ki, 2021-ci illdə 125895,03 min ABŞ dolları dəyərində xurma satılıb. Bu da illik müqayisədə 37,5% və ya 34 308,35 min ABŞ dolları çoxdur.

 

2022-ci ildə də sürətli artım ola bilərdi, lakin gözləntilər doğrulmadı. Rusiyanın Ukraynada başladığı hərbği əməliyyatlar nəticəsində ölkəmiz əsas xurma icracı bazarlarından olan Ukraynaya satışları faktiki olaraq, dayandırmaq məcburiyyətində qalıb.

  

Azərbaycan hər il Ukraynaya birbaşa olaraq təqribən 28-30 min ton xurma yollayırdı. Bundan başqa, Rusiyayaya göndərilən xurma həcminin bir qismi Rostov şəhərinə çatandan sonra yerli şirkətlər Azərbaycan xurmasını satın alaraq Ukraynaya istiqamətləndirirdilər. Beləcə, Ukraynaya birbaşa və Rusiya vasitəsilə çatdırılan xurmanın ümumi illik həcmi 60 min tona çatırdı.

 

Rusiya Federasiyasına qarşı Qərb ölkələrinin tətbiq etdiyi çoxsaylı, genişmiqyaslı və ağır sanksiyaların nəticəsində yerli əhalinin orta statistik alıcılıq qabiliyyətində geriləmə müşahidə olunduğundan, Azərbaycan xurmasının satışlarında da azalma yaşanır. Hazırda Azərbaycandan Rusiyaya sutkada ortalama hesabla 400-500 ton xurma göndərilir ki, bu da əhəmiyyətli icrac həcmi sayıla bilməz.

 

"Ətirli qızıl"dan əldə edilən potensial gəlirlərin azalmasının digər səbəbi ölkədəki jurma istehsalçısı olan fermerlərin suvarma ilə bağlı problemlərlə üzləşməsidir.

 

Belə ki, yerli istehsalçılar hazırda dünyada aqrar sektoru inkişaf etmiş ölkələrdə olduğu kimi, damlama suvarmadan yox, selləmə suvarmadan istifadə edirlər.

 

Selləmə suvarma üçünsə fermerlər yetərli həcmdə su tapmağa çətinlik çəkirlər.

 

Havaların əvvəlcə çox isti, sonra bol yağıntılı keçməsi və sonda yenilən istilər də təbii ki, məhsul istehsalına ciddi şəkildə, mənfi təsir edib.

 

Xurma istehsalında istifadə olunan gübrələrin, kimyəvi vasitələrin və xüsusilə də zərərvericilərə qarşı preparatların bahalaşması da yerli istehsalçılar üçün problemlər yaradıb.

  

Sadalanan məqamlarla yanaşı, Azərbaycanda yerli istehsalçılar üçün bazarlarda ixracla bağlı maraqlı perspektivlər yaranıb.

 

Belə ki, ötən il dünya bazarlarında xurmaya olan tələbat təkliflə müqayisədə üstünlük təşkil etdiyindən bahalaşma yaşanır. Rusiya Federasiyasında azərbaycanlı istehsalçıların satışa çıxardıqları xurmanın qiyməti də təqribən 25-28 faiz artıb.

 

Əsas səbəb Ukraynada aparılan hərbi əməliyyatlar, Rusiyadan Ukraynaya xurma daşımalarının dayanması və sanksiyalar nəticəsində Avropa İttifaqı ölkələri ilə müxtəlif xarici dövlətlərin Rusiyaya xurma satmaq imkanlarını itirmələridir.

 

Məsələn, hər il dünya bazarına təqribən 485-523 min ton xurma çıxaran İspaniyada güclü quraqlıq nəticəsində istehsal və avtomatik olaraq, ixracat səviyyəsi aşağı düşüb. Rusiyanın xurma satışı bazarında əhəmiyyətli yer tutan İspaniya şirkətləri nəticədə mövqelərinin zəifləməsi ilə qarşılaşıblar.

 

Eyni situasiya Çin, Braziliya, İsrail və Özbəkistan şirkətlərinin üzləşdiyi proseslərdə də müşahidə olunur.

 

Belə situasiyada Azərbaycan nə edə bilər?

 

İlkin addım Rusiya Federasiyasına ixracatın artırılması olmalıdır. Sonra isə bəhs etdiyimiz Rostov-Ukrayna marşrutu qapandığından, Ukrayna kimi böyük bazara Azərbaycan xurmasının satışlarını Gürcüstan və Rumıniyadan tranzit ölkələr qismində yararlanaraq bərpa etmək mümkündür.

 

Eyni zamanda, Avropa İttifaqı ölkələrində də təmsilçiliyimizi gücləndirməliyik. Bunun üçün ilkin mərhələdə Azərbaycan istehsalçılarının müəyyən səbatlı mövqelərə malik Şərqi Avropa ölkələrinə ixracatı artırılmalıdır.  

İlkin araşdırmaların nəticələrinə görə İtaliya, Qazaxıstan, Tayland, Kanada, Litva, Latviya, Estoniya, Belarus, Polşa və Böyük Britaniya yerli istehsalçılarımız üçün növbəti mərhələdə ən əlverişli bazarlardır.

 

BMT-nin Ərzaq və Aqrokültür Təşkilatının (FAO) müvafiq reyestrində "0587 - Persimmons" kimi adlandırılan Azərbaycan xurması dünya bazarında 20,25 faizlik yer tutur.

 

Həmin mövqeni gücləndirmək olar və mümkün yolları sadaladıq. Çünki Azərbaycanda xurma bağlarının ən azı 1 hektarından 280 sentner məhsul alınarsa, həmin sahədən təqribən 17 min manat mənfəət əldə etmək olar. Belə olan halda rentabellik səviyyəsi 53% təşkil edəcək.

 

Amma ixracat səviyyəsi artarsa, mövcud çətinliklər də aradan qaldırılmalıdır.

 

Məsələn, ixrac prosesində ixracatçı müəssisələrimizin Rusiya Federasiyası və digər xarici ölkələrin şirkətləri ilə bağladıqları müqavilələrə əsasən tərtib olunan “Gömrük bəyənnamə”sində mallar haqqında məlumatlar, onların həcmi və dəyəri göstərilir. Mal ixrac olunduqdan 180 gündən gec olmamaq şərti ilə müvafiq bəyannamədə göstərilən məbləğ məcburi qaydada ixracatçının müvəkkil bank hesabına köçürülməlidir.

 

Qanunvericiliyə əsasən “Gömrük bəyənnaməsi”ndə göstərilən valyutanın geri qaytarılmayan hissəsinin 40%-nə qədəri məbləğində ixracatçılara cərimələr tətbiq olunnmalıdır.

 

İxracatçılardan asılı və ya olmayan səbəblərdən məhsulların bir hissəsi xarab olduğu təqdirdə alıcı şirkət həmin məbləği ödəməkdən imtina edir və “Gömrük bəyənnaməsi”ndə göstərilən məbləğin bir hissəsinin xaricdən alınaraq ölkəyə qaytarılması mümkün olmur. Eyni zamanda ixracatçıya ala bilmədiyi məbləğə görə əlavə olaraq Dövlət Gömrük Komitəsinin tərtib etdiyi inzibati xəta haqqında protokollara əsasən məhkəmələr tərəfindən cərimə də tədbiq olunur.

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli "İXM-nin 483-cü maddəsinin sərh edilməsinə dair" Qərarına əsasən xarici iqtisadi fəaliyyətdə məcburi köçürülməli olan valyuta vəsaiti ixracatçı tərəfindən əldə olunmadığı və respublikaya qaytarmaq imkanı olmadığı hallarda, onun hərəkətlərində inzibati xətanın tərkibi yaranmadığı nəzərə alınmaqla o, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz.

 

Təcrübə göstərir ki, "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nda meyvə və tərəvəz ixracatçılarına 10%-ə qədər təbii itkiləri nəzərə almaqla, yumşaltmalar tədbiq olunarsa bu problem qismən də olsa öz həllini tapmış olar.

 

... Azərbaycan "ətirli qızıl"ın istehsalı, ixracı və satışı ilə bağlı çox ciddi potensiala malikdir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun önəmli seqmentlərindən birinə çevrilə biləcək xurma istehsalı ilə satışının həcmlərinin artırılması ölkəmizi dünya xurma satıcıları arasında lider etməklə yanaşı, valyuta gəlirlərimizi də əhəmiyyətli dərəcədə artıra bilər. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.