Konstantin Zatulin yenə həmişəki ampluasına sadiq qalaraq marazmla absurdu birləşdirərək, kim olduğunu bir daha göstərir...
Təqib qarabasmasına, yəni persekutor maniyasına məruz qalanların müalicəsi ağır, uzunmüddətli olur. Psixiatriya elminin dünyaca məşhur mənsubları belə, həmin pasiyentlərin tam müalicəsinə təminat vermirlər.
Təqib olunduğunu düşünən şəxslərin qarabasmaları, şüurlarındakı fəsadlar müxtəlifdir. Bəzisi otaqda və ya küçədə onu kimlərinsə daim izlədiyini düşünür, bəzisi yadplanetlilərin və yaxud hansısa dövlətin agentlərinin onu tutaraq öldürmək istədiklərinə əmindir, bəzisi də paradoksal təqibçiləri xəyalında sıralayaraq, özünü "qorumağa" çalışır.
Persekutor maniyasına siyasətçi, yaxud parlament deputatı mübtəladırsa, vəziyyət daha da ağırdır.
Məsələn, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Konstantin Zatulin təki.
65 yaşlı Zatulin əslən Gürcüstandandır, Batumi şəhərində doğulub.
Lakin Gürcüstana, gürcülərə nifrət edir və bunu gizlətmir də.
Onun nifrət obyektlərinin arealı "Kartli" ilə hüdudlanmır.
65 yaşlı maniakal depressiv psixozlu, daim təqib hissi ilə yaşayan və siyasəti degeneratlıq səviyyəsinə endirən K.Zatulinin xüsusi antipatiya, hətta zooloji nifrət obyektləri arasında Azərbaycanla Türkiyə xüsusi yer tutur.
Onun son açıqlaması isə, ümumiyyətlə, "xüsusi maraq" kəsb edir.
K.Zatulin deyib: "Türkiyə bizim müttəfiqimiz deyil. Ölkələrimizin liderləri arasında hər hansı yaxşı münasibətlər olsa da, həqiqətən belə olsa belə, biz Türkiyədə baş verənlərin, onun siyasətinin ayıq təhlilinə laqeyd yanaşmamalıyıq. Türkiyənin öz maraqları var və onlar həmişə olub, heç yerdə yoxa çıxmayıb. Türkiyə Qafqaza can atır, Xəzərə can atır, Rusiya Federasiyasının türk xalqları ilə, hətta Yakutiya ilə də dövlətdən yan keçməklə münasibət qurur.
O, keçmiş Sovet Orta Asiyasını özü üçün yenidən təşkil etməyə çalışır, indi Altayla maraqlanmağa başlayıb, Monqolustanla əlaqə saxlayır və s. Bu isə Türkiyənin indiki rəhbərliyinin açıq şəkildə Böyük Turana, onların təsir dairələrinin birləşməsinə yönəlmiş ideologiyasına uyğundur və onlar bizim rəqiblərimizdir – inteqrasiya ya bu ərazilərin Moskva ətrafında, ya da Ankara ətrafında baş verir.
Bizim müəyyən sayda türk lobbiçilərimiz var ki, onlar Türkiyənin etdiyi hər şeyi sadəcə tərifləyirlər. Siz mərkəzi kanallarda, məsələn, İqor Korotçenkonun, Sergey Markovun, yaxud Maksim Şevçenkonun danışdıqlarına qulaq asın...
Bu adamlar Azərbaycanla, Türkiyə ilə münasibətlərə aludə olan insanlardır. Azərbaycan Türkiyənin ən yaxın müttəfiqidir, üstəlik, Azərbaycan və Türkiyə bu gün hərbi-siyasi müttəfiqliyə malikdir".
İqtibas bir qədər uzun olsa da, qaçılmazdır - Anton Çexovun "6-cı Palata"sının pasiyentlərinin davranışını xatırladan əməlləri ilə tanınan Konstantin Zatulinin bəyanatı, əslində, Rusiya Federasiyasının siyasi arenasında olan və Moskvanın normal münasibətlərdə olduğu dövlətlərin təftişini aparmağa çalışan siyasət liliputlarının təmərküzləşmiş mövqeyi, onların istəklərinin məcmusu sayıla bilər.
İqor Korotçenkonu, Sergey Markovu və Maksim Şevçenkonu az qala "Azərbaycanla Türkiyənin təsir agenti" elan edən Konstantin Zatulin, təbii ki, fərdi mövqe, fərqli baxış və fikir nümayiş etdirə bilər.
Rusiyadakı bütün deputatların, siyasətçilərin və ya siyasi analitiklərin Azərbaycanla Türkiyəyə rəğbətlə yanaşmaq məcburiyyəti ilə öhdəliyi yoxdur.
Bunu anlayışla qarşılayırıq.
Anlaşılmaz olan məqam Konstatin Zatulinin Rusiyanın maraqlarının müdafəçisi obrazını yaratmağa çalışaraq, elə həmin maraqlarla RF vətəndaşlarının mənafelərinə zərbələr vurmaqla məşğul olmasıdır.
Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatları, bu əməliyyatlara görə kollektiv Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların sayının 14022-yə (!) çatdığını və Moskvanın çox ciddi problemlərlə üzləşdiyini nəzərə alsaq, hazırda Rusiya üçün Türkiyə ilə əlaqələr əlahiddə önəm kəsb edir.
Suriyada, Liviyada, Afrikanın bir çox bölgələrində, Şərqi Avropada və xüsusilə də Cənubi Qafqazda qarşılıqlı anlaşma, habelə maraqlarla mənafelərin reversiv qaydada nəzərə alınması şərtilə əməkdaşlıqda olan Moskva və Ankara hazırda situativ tərəfdaşlardır. Bəzi məkanlarda isə belə tərəfdaşlıq geosiyasi müttəfiqlik səviyyəsindədir.
Rusiyanın mövcud ağır vəziyyətində Türkiyə ilə əlaqələrin bəsit və aqressiv revizionizm məcrasında "təftiş" olunmasına çağırışlar var, az da deyil.
Lakin Kreml bu çağırışları marazm hesab etdiyi üçün demaqogiya ilə məşğul olanlara fikir vermir. Səbəb məlumdur: Moskva-Ankara əlaqələrinin məhdudlaşdırılması çağırışları Rusiyanın maraqlarına və ən əsası, dövlət mənafeyinə ziddir.
Konstantin Zatulinin isterikası isə "Türkiyə Rusiyaya qarşıdır, Böyük Turan qurmaq istəyir, Azərbaycanla strateji müttəfiqdir" idefiksi üzərində qurulduğundan, o, sifarişin kimlərdən və nə məqsədlə alındığını aşkar göstərir.
Məhz Ermənistanın hakimiyyət dairələri, erməni siyasətçilər və psevdoanalitiklər, həmçinin, müxtəlif ölkələrdəki erməni diaspor təşkilatlarının rəhbərləri sözügedən ifadələri refren kimi təkrarlayır, Türkiyə və Azərbaycan arasındakı qardaşlıq münasibətlərinin Rusiya üçün "çox ciddi təhlükə, geosiyasi çağırış olduğu"nu israrla vurğulayırlar.
Konstantin Zatulinin marionet siyasətçi, praqmatik düşüncə və rasional məntiqdən çox kənar fərd olduğu çoxdan aydın məsələdir. Daha doğrusu, Polişinel sirridir.
Onun ermənidən artıq erməni olmağa çalışması, fasiləsiz olaraq Ermənistanı və qarabağlı erməni separatçıları dəstəkləməsi paradoks deyil.
"Rusiya Erməniləri İttifaqı" adlı kvazidiaspor strukturunun rəhbəri Ara Abramyanla "Taşir" holdinqinin sahibi Samvel Karapetyanın "sadiq köpəyi" - ifadə erməni siyasətçi Vazgen Manukyana məxsusdur - funksiyasını illərdən bəri yerinə yetirən K.Zatulinin hipofiz vəzinin anatomik funksionallığına əsaslanan şüuru heç cür anlamır və anlaya da bilməz ki, İ.Korotçenko, S.Markov və M.Şevçenko təki rusiyalı siyasi ekspertlərin Azərbaycanla, yaxud Türkiyə ilə bağlı mövqeləri merkantilizmə əsaslanmır.
Həmin nüfuzlu siyasi ekspertlər məhz Rusiyanın maraqlarını ön planda saydıqlarından, Moskvanın mənafelərini ümdə məsələ bildiklərindən Azərbaycanla və Türkiyə ilə münasibətlərə xüsusi önəm verirlər.
K.Zatulinin yanaşma tərzindən və təhlil modulyativliyindən asılı olmayaraq, reallıq var: Azərbaycan hazırda Cənubi Qafqazın lider dövlətidir. İqtisadi, siyasi, hərbi, maliyyə, geosiyasi və s. amillər baxımından Azərbaycanla Ermənistanın imkanları, perspektivləri və ələlxüsus da regional çəkisi müqayisəyə gəlmir.
Məhz bu səbəbdən Rusiya Federasiyası üçün Azərbaycanla münasibətlər əlahiddə önəm, Türkiyə ilə əlaqələrsə müstəsna əhəmiyyət kəsb edir.
Böyük Turan məsələsinə gəldikdə isə, burada qeyri-adi və ya konspirativ sayıla biləcək heç bir siyasi ssenari yoxdur.
Britaniya sabiq müstəmləkələrini Taxt-Tac ideologemi, Fransa - frankofoniya narrativi, İspaniya - ispan dünyası motivi əsasında birləşdirməyə çalışırsa, Səudiyyə Ərəbistanı bütün yaxın Şərqdə və Şimali Afrikada məhz ərəb identikliyi əsasında geostrateji tərəfdaşlıq əlaqələrini gücləndirməyə can atır.
Böyük Turan türkdilli xalqların dövlətçilikdən və suverenitetdən imtina edərək, Türkiyənin məhvər rolu oynayacaqı yeni imperiyada birləşməsi, neoosmanizm ideologiyasını dövlət siyasəti qismində qəbul etmələri kimi marazmatik iddia deyil.
Bəhs etdiyimiz ideya türkdilli xalqların mədəni, sosial, iqtisadi, maliyyə və s. sahələrdə əlaqələrinin intensivləşdirilməsidir ki, Qərb bunu dəstəkləyir, K.Zatulinin və onun erməni sifarişçilərinin iddialarına tam əks olaraq, Çin də rəsmi Ankaranın təşəbbüslərini məntiqi sayır.
Rusiya Federasiyasının hakimiyyəti və siyasi isteblişmenti sadəlövhlərdən ibarət deyil - Kreml bilir ki, Ankaranın niyyəti həm də Rusiyannın geostrateji planlarının reallaşmasına xidmət edə bilər.
Çünki məhz Rusiya “Russkiy mir” (“Rus dünyası”) ideoloji konsepsiyasını Qərbin aşkar pressinqinə və ən geniş müstəvilərdə informativ istila cəhdlərinə qarşı effektiv vasitə qismində həyata keçirməyə çalışır.
Azərbaycanla Türkiyə arasında qarşılıqlı əlaqələrin inkişafı, münasibətlərin maksimal dərəcədə intensivləşməsi bütün bölgədə sülhün və stabilliyin bərqərar olmasına əhəmiyyətli təkan verərək regional inkişafı şərtləndirəcək.
Belədirsə, Rusiya nədən cənub sərhədlərində əmin-amanlığa, regional tərəfdaşlıqdan əldə edə biləcəyi əhəmiyyətli dividendlərə etiraz etməlidir ki?!
Konstantin Zatulin bunu dərk etmək istəmir, edə də bilmir.
Pasiyentdə deyəsən, yenə də mövsümi ağırlaşmadır, cənablar...