Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında Azərbaycanın ünvanına ittihamlarla çıxış edib.
"Həkəri köprüsü yaxınlığında Azərbaycanın təxribatından sonra iyunun 15-dən Dağlıq Qarabağ bütün növ malların təchizatından məhrum edilib. Hətta Dağlıq Qarabağda yerləşən Rusiya sülhməramlılarının yük daşımaq imkanı yoxdur, çünki Laçın dəhlizi tamamilə bağlanıb", - Paşinyan bildirib.
Paşinyan, Ermənistan silahlı qüvvələri bölmələrinin Qarabağda olduğunu da inkar etməyə başlayıb, baxmayaraq ki, bir neçə gün öncə erməni tərəfi Qarabağda hərbi toqquşmalarda öldürülən iki hərbçinin cəsədlərinin Ermənistana aparılmasına icazə verilməsini xahiş edib.
Ermənistanın baş naziri Azərbaycanı "Dağlıq Qarabağ ermənilərinə qarşı etnik təmizləmədə və soyqırımda" ittiham edib.
O həmçinin Azərbaycanın "Fransaya qarşı genişmiqyaslı təbliğat aparmasından" gileylənib.
Eyni zamanda Paşinyan Ermənistanın "Zəngəzur dəhlizi"ni açmaq istəmədiyini nümayiş etdirib.
"Ermənistan heç vaxt heç bir yerdə, nə yazılı, nə də şifahi şəkildə dəhliz öhdəlikləri götürməyib və heç vaxt belə şərhləri qəbul etməyəcək. Regional kommunikasiyaların ölkələrin yurisdiksiyası və suverenliyi altında açılmasına gəlincə, Ermənistan buna hazır olduğunu dəfələrlə təkrarlayıb", - Paşinyan deyib, baxmayaraq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndində qeyd olunur ki, "Ermənistan hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir".
Bundan əlavə o, Azərbaycanı "Ermənistanın blokadası üzrə 30 illik siyasətini davam etdirərək Ermənistana yol vermək" istəməməkdə ittiham edib.
Görünür, Ermənistanın baş naziri unudub ki, bu 30 il ərzində Ermənistan Azərbaycanın ərazilərini işğal edib və Naxçıvana gedən yolları indiyədək bağlı saxlayır.
İyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə keçiriləcək görüşə toxunan Paşinyan bildirib ki, "Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni hələ imzalanmağa hazır deyil". "Ümid edirəm ki, Vaşinqtonda qeydə alınan müsbət şeylər qarşıdakı görüş zamanı predmetli olacaq", - Paşinyan deyib.
Paşinyanın öz ritorikasını sərtləşdirməsindən belə çıxır ki, erməni tərəfi Azərbaycanla danışıqlarda əvvəlki razılaşmaları pozmaq qərarına gəlib, görünür, məqsəd danışıqlar prosesini tamamilə pozmaq olmasa da, heç olmasa yubatmaq ola bilər.
“Turan” xatırladır ki, Paşinyanın bəyanatı onun Rusiya prezidenti Vladimir Putinlə dünənki telefon danışığından sonra səslənib. Ermənistan KİV-in məlumatına görə, həmin danışıq Qarabağ separatçılarının lideri Araik Arutyunyanın "xahişilə" baş tutub.
Daha bir vacib məqamı qeyd edək ki, Rəsmi Bakı sülh sazişinin imzalanması üçün mütləq şərt kimi Ermənistan silahlı qüvvələrinin və qeyri-rəsmi erməni silahlı birləşmələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasının vacibliyini irəli sürüb.