Azərbaycanın toyuq və yumurta bazarı: İSTEHSALÇILAR HÖKUMƏTƏ MÜRACİƏT ETDİLƏR
İQTİSADÇI “ONLAR QİYMƏTLƏRİ DAHA DA BAHALAŞDIRMAQ İSTƏYİRLƏR” DEYİR

Toyuq və yumurta istehsalı ilə məşğul olan şirkətlər ölkəmizə xaricdən məhsul gətirilməsinə etiraz edirlər. Ekspertlər isə bu qənaətdədirlər ki, idxala məhdudiyyət qoyulsa, quş əti məhsulları və yumurta bahalaşacaq. Tək istehsalçını yox, istehlakçını da nəzərə almalıyıq.
 

Yerli quşçuluq sənayemiz problemlərlə üzləşib. Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası hökumətə müraciət edib. Belə ki, ölkəyə xaricdən 2-3 manata quş əti gətirilir. Həmçinin, yumurta da xaricdən idxal olunur. Bununla əlaqədar yerli istehsalçıların satışlarının məhdudlaşdığı qeyd olunub. Bildirilib ki, bütün bu məsələlər yerli istehsalımıza mənfi təsir göstərir. Belə davam edərsə, yerli quşçuluq sənayemizi nə gözləyir?


10-dan çox ölkəyə yumurta ixrac edirik

 

“Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli bildirdi ki, yerli istehsalda xeyli irəliləyiş mövcuddur: “Ölkədə tələbatın 130-140 faizi civarında süfrə yumurtası istehsalı var. Hətta süfrə yumurtasını Yaxın Şərq ölkələri, Əfqanıstan, İraq, İsrail, Qətər, Səudiyyə Ərəbistanı kimi 10-a yaxın ölkəyə ixrac edirik. Həmçinin, bazara kifayət qədər ucuz yumurta çıxarırıq. Keçən il 16 qəpiyə satılan yumurta, hazırda 12 qəpikdir. Bu, yemin qiymətinin aşağı düşməsi ilə bağlıdır. Damazlıq yumurta istehsalında isə tələbatımızın 100-105 faizi civarında istehsal gücünə malikik. Ölkədə hazırda toyuq saxlaya biləcək fermaların sayı 765-dir. Aylıq 15 min ton civarında quş əti istehsal edə bilərik. Bu halda illik istehsal 180 min tondur. Bizim ölkənin tələbatı isə 150-160 min tondur. 20 min ton artıq quş əti qalır. Yəni, quş əti istehsalında da heç bir problemimiz yoxdur”. 

Yerli fabriklər satış problemi yaşayırlar

 

M.Həsənlinin sözlərinə görə, bu qədər gücümüz olsa da, xaricdən gətirilən məhsullar yerli istehsalçılara mane olur: “Nəticədə istehsal gücümüzü azaldırıq. Səbəbi xaricdən gələn quş əti, damazlıq və süfrə yumurtalarıdır. Rusiya və Belarusun Avropaya çıxışının olmaması bu ölkələrdə yumurtanın qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olub. Onlar da bizim bazarda rəqabəti pozur. Maya dəyərindən aşağı qiymətə mal satılması yerli fabriklərin istehsalının zəifləməsinə gətirib çıxarır. Yerli fabriklər satış problemi yaşayırlar. Həmçinin, damazlıq və süfrə yumurtasının da istehsalı zəifləyib”.


İxrac şirkətləri rüsumdan necə yayınır?

 

Sədr deyir ki, ixrac şirkətləri rüsumdan qaçmaq üçün müxtəlif yollara əl atırlar: “Xaricdən gələn yumurtaya 10 sent gömrük rüsumu var. Ancaq türk şirkəti rüsumu verməmək üçün yumurtanı Gürcüstanda inkubasiya edir və cücə şəklində Azərbaycana satır. Gürcüstan MDB ölkəsi olduğuna görə 10 sent gömrük rüsumundan azaddır. Gürcüstanda istehsal olunan yumurta özlərinin tələbatını qarşılaya bilmir. Amma Gürcüstan illik 40 milyondan çox yumurta ixrac edir”.


Onlar öz daxili bazarını qoruyursa, biz də qorumalıyıq

 

M.Həsənli qeyd edir ki, bizim ixracla bağlı problemlər mövcuddur: “Belarus, Rusiya, Gürcüstana ixrac mümkün deyil. Satmaq istəyirik, lakin onlar bizim qarşımıza xeyli şərtlər qoyur. İşçinin, ailəsinin sertifikatı, yaxud bələdiyyənin, icra hakimiyyəti orqanının icazəsi kimi bəhanələr gətirərək, bizdən məhsul almırlar, amma bizə sata bilirlər. Onlar öz daxili bazarını qoruyursa, biz də qorumalıyıq. İstehsalçını qorumalıyıq ki, fabriklər rəqabətə davam gətirə bilsinlər”. 

 

Sədr bildirir ki, onlar Dövlət Gömrük Komitəsinə müraciət ünvanlayıblar: “10 sent rüsumu cücəyə də tətbiq etməlidirlər. Çünki bu, bizim bazarda böyük problemlər yaradır. Fəsadı 6 aydan sonra görünəcək. Əvvəl xaricdən asılılığımız yox idi. Asılılıq yaranmasın deyə, bu gün həyəcan təbili çalırıq. Çünki istehsalçılar bu vəziyyətə dözə bilməyəcək və idxaldan asılılıq yaranacaq. Dövlət xaricdən idxal olunan ətin, yumurtanın qarşısını müəyyən kvota ilə almalıdır. Xaricdən gətirməyə davam etsək, yerli istehsal fabrikləri dayanacaq. Dayanandan sonra həmin fabrikləri yenidən hərəkətə gətirmək çətindir”.

Alıcıları da düşünmək lazımdır

 

İqtisadçı Xalid Kərimli isə düşünür ki, istehsalçıların fikirləri birtərəflidir: “Əvvəl toyuq ətinin 1 kiloqramını 4-5 manata alırdıq. İndi isə 7-8 manatdan aşağı tapmaq mümkün deyil. Yumurta 10-15 qəpik idi, indi 20 qəpikdən yuxarıdır. Bu sektorda bahalaşma var. Amma xərclər də artıb. Lakin quşçuluqla məşğul olan insanları bu bahalaşma qane etmir. Dövlətə müraciət edərək qiymətləri daha da bahalaşdırmaq istəyirlər. Onlar deyir ki, yumurtanı 20 qəpiyə yox, 35 qəpiyə sataq. Toyuğun 7-8 manat olması onları qane etmir, 11-12 manata satmaq istəyirlər. Amma məsələnin ikinci tərəfi - alıcılar da var”. 

 

İqtisadçının fikrincə, onların hökumətə müraciət etməsi qiymətləri daha da bahalaşdıra bilər: “Hökumətdən ixracı saxlamasını tələb etmək doğru deyil. Hökumətin məqsədi odur ki, yerli istehsalı qorumaq şərti ilə, rəqabət şəraitində ədalətli qiymətlər müəyyənləşsin. İstehsalçılar yerli istehsalı ön plana çəkib əlavə dəstək istəyirlərsə, bu, qiymətlərin daha da bahalaşmasına səbəb ola bilər. Əgər hökumət onların dedikləri məhdudlaşdırmaları etsə, rüsumları artırsa, qiymətlər daha da bahalaşacaq. Baxmaq lazımdır ki, Azərbaycan tipli ölkələrdə toyuq, yumurta neçəyədir. Çünki Azərbaycandakı qiymətlər onsuz da bahadır”.


Xarici şirkətlər işlərini düzgün həyata keçirmirsə...

 

X.Kərimli düşünür ki, əgər xarici şirkətlər işlərini düzgün həyata keçirmirsə, yalnız o halda müdaxilə etmək olar: “Xaricdən bazara məhsul ixrac edən şirkət dotasiya, subsidiya alsa, qiymətləri bilərəkdən ucuzlaşdırsa, o vaxt bunu edə bilərlər. O halda şirkət xərclərin bir hissəsini aldığı pulla bağlayır və məhsulu daha ucuz qiymətə satır. Bu halda antidempinq gömrük vergiləri tətbiq etmək olar. Amma bu hal yoxdursa, hər hansı üstünlük tələb etməkdə haqlı deyillər”.(Kaspi.az)

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.