Son günlər Qarabağa bu və ya digər yüklərin daşınması üçün Laçın yoluna alternativ kimi Ağdam-Xankəndi yolunun adı çəkilir. Bakının təklif etdiyi və Brüsselin də dəstəklədiyi bu təşəbbüs, şübhəsiz ki, Qarabağın və onun əhalisinin reinteqrasiyası prosesində mühüm mərhələdir.
Yerevanın və separatçıların liderlərinin müqavimətinə baxmayaraq, Bakı bu prinsipial məsələdə güzəştə getməyəcək. Bundan sonra Laçın yolundan Ermənistana şəxsi səfərlər və ya xəstələrin oraya müalicəyə göndərilməsi üçün üçün istifadə olunacaq. Bəzi malların və ya irihəcmli əşyaların daşınmasına gəlincə, bu məsələ əvvəlcədən Bakı ilə razılaşdırılacaq və yalnız razılıq əldə edildikdən sonra yüklər Ağdam vasitəsilə çatdırıla bilər.
Ayrı sual yaranır, yüklər Agdama necə gətirilə bilər? Bundan ötrü bir neçə variant var, bunlardan ən məntiqlisi İcevan – Qazax dəmir yolu ilə Bərdə və Ağdama getməkdir.
Bərdə-Ağdam hissəsi fəal şəkildə bərpa olunur və perspektivdə yol sovet dövründə olduğu kimi Əsgərana və sonra mövcud dəmir yolu ilə Xankəndiyə qədər davam etdirilə bilər. Hələlik Bərdə-Ağdam avtomobil yolu işə salına bilər.
Sülhməramlılar üçün yüklərin dəmir yolu ilə Gəncəyə çatdırılması da asandır, oradan Ağdama məsafə 130 km.-ə yaxındır. Perspektivdə təcili yüklər Ağdam aeroportuna da daşına bilər.
Şübhəsiz ki, Ermənistan rəhbərliyi, ilk növbədə Qarabağ ermənilərinin liderləri bu planlara qarşı çıxacaqlar. Onlar bunu Qarabağa yüklərin daşınması üçün alternativ kimi yox, məhz Qarabağ ermənilərinin Azərbaycanın dövlət və hüquq sisteminə reinteqrasiya mərhələsi kimi qəbul edirlər.
Təbii ki, alternativ yolların yaradılması qarşıya qoyulan məqsədə nail olmaq üçün zəruri addımlardan, sadəcə, biridir.
Daha mühüm və hətta həlledici amil reinteqrasiya zamanı təhlükəsizlik və maddi faydalarla yanaşı, Qarabağ ermənilərinin inamının olmasıdır.
Sonrakı mərhələlərdə Qarabağa elektrik enerjisi və qazın indi olduğu kimi, Ermənistandan nəql edilməsi əvəzinə, yerli təchizatı məsələləri həll edilməlidir.
Ticarət- iqtisadi əlaqələrin qurulması daha əməli təsir ola bilər.
Məsələn, Ağdamda "Sədərək" kimi ticarət mərkəzinin yaradılması erməni əhaliyə imkan verəcək ki, mal və məhsulları Xankəndidə olduğundan, hələ Ermənistanı demirik, daha ucuz alsınlar.
Həmçinin ermənilər öz məhsullarını Ağdamda daha sərfəli şərtlərlə sata biləcəklər.
Əlbəttə ki, bu, yalnız sülh sazişi əldə edildikdə mümkün olacaq. Ancaq indidən hazırlaşmaq lazımdır.
Yuxarıda sadalananların hamısı rəsmi Bakının hazırlayıb həm qarabağlılara, həm də dünya birliyinə təqdim edə biləcəyi Yol xəritəsinin bəndləridir.
İqtisadi stimullar ucuz kənd təsərrüfatı kreditlərini, yanacaq və kənd təsərrüfatı texnikasına güzəştləri və ya dövlət dotasiyasını, vergilərdən, rüsumlardan müvəqqəti güzəştləri və s. əhatə etməlidir.
Təhlükəsizlik və mədəni hüquqlar ətraflı araşdırma və hazırlıq tələb edən daha ciddi məsələlərdir, lakin gələcək Yol xəritəsinin ən vacib məqamlarıdır.
Müəllifin bu mülahizələri ermənilərin onsuz da bütün bunlardan imtina edəcəyini və xoşluqla nəyəsə nail olmağın mümkünsüz olduğunu düşünənlərin istehzasına və ya tənqidinə səbəb ola bilər. Ancaq problemin hərbi yolla həll ediləcəyini düşünsək belə, bu cür Yol xəritəsinin olması beynəlxalq birliyin tənqidinin qarşısını almaq üçün Bakının əlində bir kozır olacaq. Hətta ermənilərin müəyyən hissəsi Qarabağı tərk etsə də, əhalinin bir hissəsinin qalmaq istəyəcəyi istisna olunmur.
Öz qonşuları ilə təhlükəsiz, sülh şəraitində yaşayan ermənilər Azərbaycanda insana nifrət haqda təbliğatın ən yaxşı təkzibi olacaqlar.
Bakı Türkiyənin erməni azlığına qarşı siyasətindən istifadə etməlidir.
Hazırda İstanbulda 31, regionlarda 7 erməni kilsəsi fəaliyyət göstərir.
İstanbulda Türkiyə vətəndaşı olan 60 minə yaxın erməni, qazanc dalınca gələn 40 minə yaxın Ermənistan vətəndaşı yaşayır.
Həmçinin İstanbulda erməni dilində 16 məktəb, üç xəstəxana, bir neçə idman klubu, üç qəzet və bir çox ictimai və mədəni təşkilat fəaliyyət göstərir. Türkiyə parlamentində bir neçə erməni deputat var.