Ermənistanın rəsmi tələbi və xahişi ilə BMT-nin Təhlükəsizlik Şurasında (TŞ) bu gün Qarabağdakı situasiya və Laçın yolu ilə bağlı təcili iclas keçiriləcək.
"Dağlıq Qarabağ sakinlərinin məruz qaldıqları tam blokada nəticəsində humanitar vəziyyətin pisləşməsi ilə bağlı BMT TŞ-nin təcili, fövqəladə iclasının keçirilməsini xahiş edirik", - Ermənistan XİN-in bəyanatında deyilirdi.
Rəsmi İrəvanın iddialarına görə, "Laçın dəhlizinin blokadası səbəbindən qarabağlı ermənilərin gündəlik tələbat malları, ərzaq, dərman preparatları və yanacaq təminatında çox ciddi problemlər yaranıb".
Bu ilin aprelində Azərbaycanla Ermənistanın şərti dövlət sərhədində, Laçında sərhəd nəzarət-buraxılış məntəqəsinin işə düşməsindən sonra rəsmi İrəvan, qarabağlı erməni sepapratçıları və müxtəlif ölkələrdəki erməni diaspor təşkilatları unison olaraq genişmiqyaslı dezinformasiya-propaqanda kampaniyasına başlayıblar.
Kampaniyanın məqsədi Qərb ölkələrini və beynəlxalq təşkilatları Azərbaycana qarşı sərt sanksiyalar tətbiq etməyə, Laçın yolu ilə Ermənistandan Xankəndiyə və əks istiqamətdə heç bir yoxlama, nəzarət, təftiş olmadan hərəkətin başlanmasına nail olmaqdır.
Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Azərbaycan ərazisidir" bəyanatından sonra Cənubi Qafqaz regionunda geosiyasi situasiyanın köklü şəkildə yenidən dəyişməyə başladığını anlayan Rusiya Federasiyası ermənilərin "Laçın dəhlizi" adlandırdığı Laçın yolu ilə bağlı isterik ssenarisinin pərdələnən, hələlik açıqlanmayan nəticələrinin nədən ibarət olacağını anlayır.
Rəsmi Moskva hesab edir ki, BMT TŞ-nin təcili iclasını çağırmaqda Ermənistanın əsas məqsədi Rusiya Sülhməramlı Kontingentini (RSK) hazırda müvəqqəti yerləşdiyi ərazilərdən çıxarılmasına və onların beynəlxalq hərbi kontingentlə əvzələnməsinə nail olmağa çalışır.
Rusiyalı siyasi analitiklər, siyasətçilər və sosial şəbəkələrdə populyar olan səhifələrlə kanalların müəllifləri birmənalı şəkildə bəyan edirlər ki, Azərbaycanla şərti dövlət sərhədinin mühafizəsi ilə təhlükəsizliyinin təmin olunması məqsədilə MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müşahidəçi-monitorinq missiyasının Ermənistana göndərilməsini təklif etmişdi.
Daha sonra Moskva bu təklifini daha da konkretləşdirmiş, sərhəddə qazaxıstanlı, qırğız, belarus və tacik hərbçilərdən ibarət kontingentin yerləşdirilə biləcəyini də demişdi.
Ermənistanın baş naziri Nikol Paşinyan rusiyalıların təklifini qulaqardına vurdu, İrəvan heç bir cavab vermədi.
İndisə ermənilərin BMT TŞ-yə üz tutmalarını Moskvaya cavab saymaq olar.
Rusiya dilemma qarşısındadır: BMT TŞ-də ermənilərin isterik tələblərinin və istəklərinin müzakirəsi zamanı adekvat davranaraq Ermənistanın indiyədək atdığı addımları, qəbul etdiyi qərarları və erməni siyasətçilərlə siyasi fəalların əməllərini xatırlayaraq veto hüququndan istifadə etmək, bununla da Ermənistana tərs şillə vurmaq - yoxsa laqeydlik və ya ermənilərin tələblərini dəstəkləyərək Azərbaycanla münasibətləri korlamaq?
Bugünkü iclas ərəfəsindəki günlərdə Ermənistanın təxribatları və yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesi pozmaq üçün fəallığı pik həddə çatmışdı.
Şərti dövlət sərhədinin yaxınlığında müxtəlif məkanlarda Ermənistan Müdafiə Nazirliyi şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdirilməsi ilə məşğul olur, yeni mövqelər və istehkarlar inşa edirdi.
Eyni zamanda, RSK-nın müvəqqəti yerləşdiyi ərazilərdəki qarabağlı erməni separatçıların silahlı dəstələri, həmçinin Ermənistanın hələ də Azərbaycan ərazisindən çıxarılmamış hərbi birləşmələri aktiv diversiyalar taktikasına keçdilər.
Mövqelərimiz sürəkli atəşə tutulur, erməni silahlılar və hərbçilər yerlərini dəyişir, özlərini rahat hiss edir, situasiyanı süni şəkildə gərginləşdirirlər.
Avropa İttifaqının Ermənistandakı müşahidə-monitorinq missiyasının (EOMA) fəaliyyətinin səviyyəsi, keyfiyyəti, məramı və məqsədləri artıq bəlli olduğundan İrəvanın qəflətən cəsarətlənməsinin bazisini müəyyənləşdirmək çətin deyil.
Nikol Paşinyan administrasiyasını radikallaşdıran, BMT TŞ-yə müraciət edərək yekun sülh sazişinin imzalanması prosesindən İrəvanın faktiki kənarlaşmağa başlamasını təsdiqlətdirən əsas qüvvə Fransadır. Prezident Emmanuel Makron geosiyasi uğurlar əldə etmək məqsədilə Afrikada, Yaxın Şərqdə, Ukraynada və Cənubi Qafqazda eyni vaxtda hücum diplomatiyası yürüdür.
Bilavasitə Cənubi Qafqazda E.Makronun geosiyasi proseslərə təsir rıçaqı qismində gördüyü ölkə Ermənistandır və məhz bu səbəbdən rəsmi Paris ermənilərin sürətlə silahlanmasına bütün vasitələrlə dəstək olur.
Ermənistanla Hindistan arasında 440 milyon dollarlıq silah-sursat və hərbi texnika anlaşması da bilavasitə Emmanuel Makronun səyləri nəticəsində baş tutmuş olaydır.
Ötən il BMT TŞ-də Azərbaycana qarşı qətnamənin qəbuluna hesablanmış prosedura start verilməsinin də təşəbbüskarı, Ermənistanın rəsmi nümayəndə heyətinin davranışının ssenari müəllifi də məhz Fransa idi.
Bugünkü müzakirəyə gəldikdə isə, təbii ki, qarabağlı ermənilərlə bağlı məsələnin — dezinformasiya və feyk propaqanda əsasında olsa da - Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BTM TŞ) Azərbaycan diplomatiyası üçün ciddi sınaqdır.
TŞ-nin reqlamentinə və qaydalarına uyğun olaraq, müzakirələr sonucunda qəbul edilə biləcək ən yüksək səviyyəli sənəd qətnamədir.
Fransanın hazırladığı tezisləri səsləndirəcək Ermənistan nümayəndə heyəti qətnamənin qəbuluna nail ola bilməzsə, TŞ-nin iclasına sədrlik edən dövlətin daimi nümayəndəliyinin rəhbəri xüsusi bəyanat verəcək.
Bu mərhələdə də ermənilər uğursuzluğa duçar olsalar, BMT TŞ-nin adi, rutin mətbuat açıqlaması ilə kifayətlənmək məcburiyyətində qalacaqlar.
İrəvanın Qarabağdakı humanitar vəziyyətlə bağlı apardığı dezinformasiya və beynəlxalq ictimaiyyəti yanıltma kampaniyasına qarşı Azərbaycanın diplomatik arsenalında da yetərincə ciddi arqumentlər, sübutlar və dəlillər var.
Həmin arqumentlər arasında ən bəsiti guya blokadaya, aclığa, qıtlığa və humanitar fəlakətə məruz qaldıqlarını iddia edən qarabağlı ermənilər üçün Ağdam-Xankəndi yolunun istifadəsinin Bakı tərəfindən təklif edilməsidir.
Bu marşrutdan ermənilər istənilən intensivlikdə və istənilən miqdarda yüklərin daşınması üçün yararlana bilərlər.
Laçın yoluna gəldikdə isə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşlarının faktiki olaraq hər gün Laçındakı SBNM-dən avtomobillərlə keçərək Xankəndidən Ermənistana hərəkət etmələri faktını danmaq, yaxud görməzdən gəlmək mümkün deyil.
Ermənistan və qarabağlı ermənilər Laçın yolu və Ağdam-Xankəndi marşrutlarından eyni vaxtda, paralel istifadə edə bilərlər.
Azərbaycanın mövqeyi ilə təklifləri beynəlxalq hüququn tələblərinə tam cavab verir və İrəvanın kənardan idarə olunan mexanizm qismində iddialarla çıxış etməsinə rəğmən, tələblərinin əsassız olduğunu göstərir.
Həmin tələblərin məcmusu Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və sərhəd toxunulmazlığına qarşı yönəldiyindən təbii ki, rəsmi Bakı tərəfindən qəbul edilmir, edilə də bilməz.
Bu gün Bakı vaxtı ilə 23.00-da olacaq BMT TŞ-dəki müzakirələrin nəticəsi kimi səsvermə prosedurunda isə Rusiya və Britaniyanın veto hüquqlarından istifadə edəcəkləri istisna deyil. Lakin bu ölkələr vetoya əl atmasalar belə, Qoşulmama Hərəkatının üzvü olan dövlətlər, habelə aralarında Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya, Səudiyyə Ərəbistanı, Qətər, Oman və s. olan Qohulmama Hərəkatı üzvləri sənədin əleyhinə səs verəcəklər.
Fransa prezidenti Emmanuel Makronun göstərişi ilə BMT-dəki fransız heyəti sadalanan dövlətlərin nümayəndə heyətlərinə təsir etməyə, onları Ermənistanı dəstəkləməyə sövq etməyə çalışırlar.
Makron administrasiyasının səyləri real nəticələr verməyib. Latın Amerikası ölkələri Venesuela, Surinam, Qayana, habelə Karib hövzəsindəki dövlətlərlə bağlı Parisin siyasətindən çox narazıdır.
Cənub-Şərqi Asiya və Okeaniya ölkələrində situasiya fərqli deyil: Fransanın geosiyasi doktrinası, daha doğrusu, doktrinal aqressiyası ciddi müzakirə obyektidir.
Afrika ilə də situasiya Fransa üçün əlverişli deyil. Daha doğrusu, geostrateji fəlakət həddindədir: Nigerdəki dövlət çevrilişindən sonra Parisin qərarları və addımları komprador elitalar tərəfindən idarə olunan ölkələrin isteblişmenti istisna olmaqla, afrikalılarda hiddət doğurur.
Fransanın işi çətin, ermənilərin durumu tragikomikdir.
BMT TŞ-dəki müzakirələrin nəticəsini gözləyək...