İran İslam Respublikası Silahlı Qüvvələrinin general-mayoru Məhəmməd Əhədinin başçılıq etdiyi nümayəndə heyəti bu gün Müdafiə Nazirliyində danışıqlardan sonra Bakıdakı Hərbi Qənimətlər Parkında olub.
2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsində məhv edilən və ya sıradan çıxarılan texnika ilə dolu olan bu parkı dolaşan iranlı generallarla hərbçilər Ermənistanın Rusiyadan satın və hədiyyə aldığı texnikalara baxıblar.
Qənimətlər Parkı həm də ermənilərin Məğlubiyyət və Rəzalət Parkıdır və bu baxımdan İran hərbçilərinin nümayəndə heyətinin ora baş çəkməsi təsadüfi deyil.
Elə həmin Parkda general Əhədi guya İranın Azərbaycanla sərhədə böyük sayda canlı qüvvə və hərbi texnika toplaması ilə bağlı yayılan dezinformasiyaları yalanladı.
"İranın Azərbaycanla sərhədə qoşun toplaması barədə məlumat tamamilə əsassızdır. Hazırda İran hərbi nümayəndə heyəti birgə Komissiyanın iclasında iştirak etmək üçün Bakıda səfərdədir. Nümayəndə heyətinin iclasdan əvvəl Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüşü də keçirilib və görüşdə hərbi sahədə əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəlinib", - deyə İran Islam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Beynəlxalq Əlaqələr və Müdafiə Diplomatiyası İdarəsinin rəisi general-mayor Məhəmməd Əhədi bildirib.
Bu arada bildirək ki, Azərbaycanın Müdafiə Nazirliyi və İran Silahlı Qüvvələrinin Baş Qərargahı arasında hərbi sahədə əməkdaşlığa dair birgə komissiyanın ölkəmizdə keçirilən 3-cü iclası başa çatıb.
Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən iclasda aparılan danışıqların nəticələri müzakirə edilib və hərbi sahədə əməkdaşlığın bir neçə istiqamətində münasibətlərin genişləndirilməsi ilə bağlı bir daha fikir mübadiləsi aparılıb.
İclasın yekun çıxışında son günlər bəzi qüvvələrin əsassız və yalan məlumat yaymaqla ölkələrimiz arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinə xələl gətirməyə cəhd göstərdiyini diqqətə çatdıran general-mayor Məhəmməd Əhədi bu baxımdan qarşılıqlı səfərlərin və işçi səviyyəsində keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb.
Birgə komissiyanın iclasında icra edilən tədbirlər yüksək qiymətləndirilib, ölkələrimiz arasında ikitərəfli, regional və beynəlxalq səviyyədə əməkdaşlığın inkişafı üçün yaxşı zəmin olduğu vurğulanıb.
Sosial şəbəkələrin Ermənistan və Rusiya seqmentlərində yayılan açıqlamalara, paylaşılan "ekspert şərh"lərinə rəğmən, Ermənistanın baş naziri Nikol Paşinyanın son vaxtlardakı bəyanatları, xüsusilə də qəbul etdiyi qərarlar Tehranı, yumşaq desək, ciddi qayğılandırıb.
Paşinyanın və komandasının xarici siyasətdə aşkar şəkildə Qərbə meyillənməsi, Fransadan alınan təlimatlar əsasında hərəkət etməsi, ölkə ərazisində ABŞ ilə birgə hərbi təlimlərin keçirilməsinə hazırlıq İranı qıcıqlandırır.
Avropa İttifaqının Müşahidə və Monitorinq Missiyası (EUMA) adı ilə Ermənistan ərazisində hazırda onlarla avropalı hərbçi ilə peşəkar kəşfiyyatçının fəaliyyət göstərmələri, yaxın perspektivdə onların sayının minimum 400 nəfərə çatdırılacağı ilə bağlı İrəvan-Brüssel anlaşması Tehranın səbr kasasını daşdırıb.
İranın hakimiyyət dairələri çox gec olsa da, artıq anlayırlar ki, Ermənistan rəhbərliyi verdiyi vədlərin praktik olaraq, heç birinə əməl etməyib, etmir və belə niyyəti də yoxdur.
Hərbi ekspertlərlə siyasi analitiklər hesab edirlər ki, İranın qoşunları Araz çayını keçərsə, bu keçid Azərbaycan yox, Ermənistan ərazisində olacaq.
Səbəblər çox və aşkardır.
Bakı ilə Tehran arasındakı münasibətlərin bütün mürəkkəbliyinə rəğmən, İranın isteblişmenti Azərbaycanın sözünə əməl edən dövlət olduğuna əmindir.
Ermənistanla bağlı belə əminlik, ümumiyyətlə yoxdur.
EUMA missiyasının Ermənistanda yerləşdirilməsi ilə bağlı müzakirələr aparılanda rəsmi Bakı bəyan etmişdi ki, İrəvanın yeni avantürası sadəcə Azərbaycana yox, bölgənin bütün başqa dövlətlərinə qarşı geosiyasi təhdid ola bilər.
Tehran o zaman Bakının xəbərdarlıqlarını gərəkli səviyyədə qəbul etmədi və yalnız indi, ermənilərin amerikalılarla birlikdə Ermənistanda birgə təlim keçirmək qərarlarını açıqlaimalarından sonra hərəkətə gəldi.
Ermənistan mediasında və sosial şəbəkələrdə iranlı general-mayor Məhəmməd Əhədinin rəhbərlik etdiyi heyətin Hərbi Qənimətlər Parkına baş çəkməsi ilə bağlı xəbərlər, foto və videogörüntülər yayılmayıb.
İranın Azərbaycanla sərhədinə qoşun yığması ilə bağlı xəbərlərin aşkar yalan olması ilə bağlı iranlı generalın təkzibi də erməniləri pərişan etdiyindən onlar susurlar.
İranın dövlət başçısı İbrahim Rəisinin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında sərt tonu seçməsi də təbii, təsadüf deyil.
Bu telefoon danışğını şərh edərkən İranın vitse-prezidenti Məhəmməd Cəmşidinin dediyi sözlər maraqlıdır: "Başqa ölkələrlə hərbi təlimlər keçirmək (Ermənistan-ABŞ təlimləri nəzərdə tutulur - müəllif), şübhəli səfərlərin edilməsi (Paşinyanın arvadı Anna Akopyanın Kiyevə səfəri) və bu kimi məsələlər bölgədəki vəziyyəti daha da gərginləşdirir. 3+3 formatından (Azərbaycan, Ermənistan, Gürcüstan+Türkiyə, Rusiya, İran) kənar təmaslar Cənubi Qafqazdakı situasiyanı ağırlaşdırır".
Aşkar görünən budur ki, Ermənistan rəhbərliyi bu dəfə "çoxgedişli və çoxvektorlu diplomatiya" strategiyasını reallaşdırmağa çalışaraq bir tərəfdən İran və Rusiya ilə, digər tərəfdən Fransa, Avropa İttifaqı, ABŞ, Hindistan və Yunanıstanla sıx əlaqələr qurmaqla problemləri həll etməyə can atır.
Ermənistan Qərb ölkələrinin kəşfiyyat servislərinin özlərini asudə hiss etdikləri məkana çevrilir, İrəvan Rusiya qoşunlarının Ermənistandan çıxarılmasına çalışır, NATO və Aİ-ni bölgəyə gətirmək istəyir, ABŞ ilə hərbi təlimlər keçirir, Rusiya rəsmilərinin ünvanına açıq təhqirlər səsləndirir.
Di gəl, bütün bunlarla yanaşı, Rusiyadan və İrandan dəstək istəyir.
Rusiya ilə İran Paşinyanın oyunlarının mahiyyətini anlamayacaq qədər sadəlövh deyillər. Ermənistan səfirinin ilk dəfə olaraq Rusiya XİN-ə çağırılaraq etiraz notasının verilməsi, İran prezidentinin Paşinyanla telefon danışığında "əcnəbilərlə təlimlər", "şübhəli səfərlər" haqda dedikləri də bunu bir daha sübut edir
İran prezidenti İbrahim Rəisinin telefon danışığ zamanı Paşinyana xatırlatdığı 3+3 formatına gəldikdə isə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş və Türkiyənin də dəstək verdiyi təşəbbüs bölgədə sülhlə stabilliyin bərqərar olması istiqamətində real sxemə çevrilə bilər.
3+3 formatı çərçivəsində bu yaxınlarda XİN başçıları səviyyəsində görüşün keçiriləcəyi gözlənilir. Daha sonra isə formatı təşkil edən ölkələrin dövlət və hökumət başçılarının sammiti istisna edilmir.
Ermənistanın çtox təhlükəli davranışı İranı da səbrdən çıxarıb.
Tehran ona vədlər vermiş İrəvanla yeni təmaslar formatını seçmək məcburiyyətindədir.
Elçin Alıoğlu (Trend)