SAĞDAN ZƏRBƏ: MAKRONUN "QARA GÜNLƏRİ" BAŞLAYIR
ELÇİN ALIOĞLU YAZIR

İki gün sonra Avropa İttifaqında Avropa Parlamentinə seçkilər keçiriləcək. İyunun 9-da başa çatacaq seçkilərdə 27 ölkədə 15 mindən artıq siyasətçi Avropa Parlamentindəki 720 yer uğrunda mübarizə aparacaq.

 

Səsvermə hüququna malik 373 milyon avropalı 7-9 iyun günlərində Avropa Parlamentinin deputatlarını seçəcəklər.

 

Böyük Britaniyanın "Breksit" nəticəsində Avropa İttifaqı tərk etməsindən sonra Avrozonada ilk transmilli seçkilər olacaq bu səsvermənin sonuclarına görə mandatların sayı ölkələrdəki əhali sayından asılı olaraq formalaşacaq. Belə ki, Avropa Parlamentində (AP) Almaniyanın 96, Fransanın - 81 deputatı olacaqsa, Kipr, Malta və Lüksemburq kimi "cırtdan" dövlətlərin hər biri 6 deputatla təmsil olunacaqlar.

 

Avropa İttifaqında heyəti birbaşa seçkilərlə formalaşan yeganə əsas struktur Avropa Parlamentidir ki, Aİ üzvü olan ölkələrin milli parlamentləri ilə müqayisədə onun unikallığı var: avrodeputatların qanunverici təşəbbüsü yoxdur, yəni onlar yeni qanunlar təklif edə bilməzlər.

 

Lakin Avropa Parlamentində qəbul edilən qanunverici qətnamələr sonradan Aİ üzvü olan 27 ölkədə reallaşdırılır.

 

Avropa Parlamentinin deputatları Avropa İttifaqının qanunvericiliyinə dəyişikliklər edir, Avropa Şurası və Avropa Komissiyası ilə razılaşmalardan sonra qanun layihələri ilə bağlı səsvermələr keçirirlər.

 

AP habelə, Aİ üzvü olan ölkələrin vətəndaşları üçün yeni qanunlar hazırlayan Avropa Komissiyasının heyətini təsdiqləyir.

 

Avropa Parlamentinin deputatları Avropa Komissiyasının sədrinə etimadsızlıq votumu elan etmək, Avropa İttifaqının ali rəhbərliyini seçmək hüququna malikdir.

 

Çünki Avropa Komissiyasının sədri Avropa Parlamentində keçirilən və 361 səs toplayan səsvermədən sonra təsdiqlənir.

 

Yeni seçkilərdən sonra Avropa Komissiyasının sədri Ursula fon der Lyayen postunda qala bilər: baxmayaraq ki, onun sosialist Nikolas Şmidt kimi ciddi rəqibi var.

 

… Cümə axşamı Hollandiyada, cümə günü - İrlandiya və Maltada, şənbə günü Latviya və Slovakiyada seçkilər olacaq. Avropa İttifaqının yerdə qalan digər ölkələrində səsvermə bazar günü keçiriləcək.

 

Seçkilərin əsas məzmunu Avropa İttifaqı ölkələrində seçicilər tərəfindən aldıqları dəstəyi sürəkli artıraraq ifrat sağçılarla Avropa İttifaqının perspektivsiz struktur olduğunu deyən siyasətçilərin əldə edəcəkləri mandatların sayıdır.

 

ABŞ və Avropa İttifaqının rəhbərliyi bu partiyaların "Rusiya və Çin ilə sıx təmaslarda olduqlarını" vurğulayırlar. Təbii ki, ittihamlar hələ də hər hansı faktla və ya dəlillə sübuta yetirilməyib.

 

Əsas məsələ AP-yə keçiriləcək seçkilərdə ultrasağçıların, millətçilərin və şovinistlərin daha çox mandata yiyələnəcəkləri təqdirdə Avropa İttifaqının siyasətinin sərtləşəcəyi, xüsusilə də postsovet məkanı ölkələri ilə bağlı strategiyasında "sağa meyl"in yaşanacağı ilə bağlı ehtimallardır.

 

Bildirək ki, Avropa Parlamenti 7 fraksiyadan və 50 müstəqil deputatdan ibarətdir. Ən böyük fraksiyaya malik "Avropa Xalq Partiyası"nda 177 mandat var və bu strukturun yaratdığı eyniadlı franksiya xristian-demokratlardan, mühafizəkar liberallardan və mühafizəkar deputatlardan ibarətdir.

 

Sözügedən fraksiyanın rəhbəri Avropa Komissiyasının sədri Ursula fon der Lyayendir.

 

Sol-mərkəzçi "Sosialistlər və Demokratların Mütərəqqi Alyansı"nın 140; "Liberallarla Demokratların Alyansı" və "Avropa Demokratiya Partiyası"ndan ibarət "Avropanı Yeniyələrək" (Renew) franksiyasının -102; "Yaşıllar-Avropa Azad Alyansı"nın - 72; "Avropa Mühafizəkarları və İslahatçıları" fraksiyasının - 68; sıralarında sosial-demokratları və kommunistləri birləşdirən"Avropanın Sollar Vəhdəti" alyansının 37 mandatı var.

 

Müstəqidl deputatlara gəldikdə isə, onlar heç ibir partiyanın mənsubları olmasalar da, Macarıstanın baş naziri Viktor Orbanın başçılıq etdiyi "Fides" Partiyasının və Slovakiyanın baş naziri Robert Fitsonun sədrlik etdiyi "Smer" partiyasının üzvləri də onların arasında yer alır.

 

Avropa Parlamentinin indiki, bəhs etdiyimiz heyəti "qoca qitə"nin geosiyasətdə, iqtisadiyyatda, siyasətdə, maliyyədə və s. məsələlərdə ABŞ-ın tam əsarəti altına düşməsinin, Brüsselin faktiki olaraq Vaşinqtonun marionetkasına çevrilməsində əlahiddə rol oynayıb.

 

Avropada "sağ intibah", yəni ifrat sağçıların Avropa Parlamentində səs çoxluğu əldə etmələri mümkündürmü? Ola bilər, amma çətinliklə.

 

Avropa Beynəlxalq Münasibətlər Şurasının (ECFR) son hesabatına görə, ifrat sağçılar və Aİ-yə qarşı radikal mənfi mövqe tutmuş partiyalar Fransa, Avstriya, Belçika, Çexiya, Macarıstan, İtaliya, Hollandiya və Slovakiyada lider mövqelərdədirsə, Bolqarıstan, Estoniya, Finlyandiya, Almaniya, Latviya, Portuqaliya, Rumıniya, İspaniya və İsveçdə populyarlıq reytinqlərinin 2-3-cü sıralarında bərqərar olublar.

 

Ehtimallara görə, qarşıdan gələn seçkilərdən sonra Avropa Parlamentində ifrat sağçı deputatların sayı 184-ə, yəni bütün mandatların 25 faizinə çatacaq; sol-mərkəzçilər, "yaşıllar" və liberallar isə əksinə, mandatların əhəmiyyətli qismindən məhrum olacaqlar.

 

Daha dəqiq olsaq, "Sosialistlər və Demokratların Mütərəqqi Alyansı" (S&D) və "Avropanı Yeniyələrək" (Renew) koalisiyası ciddi itkilərə məruz qalacaq.

 

İfrat sağçı "Avropa Mühafizəkarları və İslahatçıları" (ECR" ilə "İdentiklik və Demokratiya" (İD) qruplaşmaları isə mandatların sayını artıraraq) Avropa Parlamentində 2-ci böyük fraksiyaya çevrilə bilər.

 

Hazırda 58 mandata malik İD-nin bu seçkilərdə 84 mandat qazanacağı, ECR-in isə yerlərinin sayını 18 mandat artıracağı təxminlənir.

 

Onlar "Renew" ilə bahəm, "Yaşıllar-Avropa Azad Alyansı"nı da geridə qoya bilərlər.

 

Beləcə, Avropa Parlamentiində (AP) yerlərin təxminən yarısını üç mərkəzi qruplaşmanın "superkoalisiya"sına daxil olmayan avrodeputatlar tutacaqlar. Eyni zamanda, AP tarixində ilk dəfə olaraq ifrat sağçılar, mühafizəkarlar və xristian demokratlar sağ-populist koalisiya formalaşdırmaq imkanı əldə edəcəklər.

 

ABŞ bütün bunları görür və təbii ki, önləyici tədbirlər hazırlayır. Avropa Parlamentində ifrat sağçılar mandatların çoxuna yiyələnərsə, vətəndaşları olduqları ölkələrin xarici siyasətinə birbaşa təsir edə bilərlər. Birləşmiş Ştatlarla yanaşı, Vaşinqtondan asılı olan Brüssel nomenklaturası üçün bu, hadisələrin ən pis inkişaf ssenarisidir.

 

Vaşinqtonu ən çox narahat edən Fransada seçkiqabağı vəziyyətdir.

 

"Harris-Interactive" və "Toluna" şirkətlərinin keçirdikləri son sorğuların nəticələrinə görə, ifrat sağçı Mari Le Penin faktiki lider olduğu, Jordan Bardellanın başçılıq etdiyi "Milli Birlik" ("Rassemblement National", RN) partiyası səslərin 31 faizini qazana bilər. Fransa prezidenti Emmanuel Makronun lider olduğu, Valeri Heyerin sədrlik etdiyi "İntibah" ("Renaissance") partiyasına isə seçicilərin cəmi 15 faizi səs verməyə hazırdır.

 

Fransanın daxili siyasətinin əsl sürprizi isə Rafael Qlüksmanın sədr olduğu "Place Publique" hərəkatı və Sosialist Partiyanın koalisiyasının 14 faizlik səsə iddialı olmasıdır.

 

Emmanuel Makronun partiyasının Avropa Parlamentinə seçkilərdə ölkə lideri olmaq şansı həddən ziyadə azdır.

 

Çünki Valeri Heyerin sədrlik etdiyi bu partiyanın Fransa cəmiyyətində nüfuzunun və elektorat bazasının azalması ilə yanaşı, fransalılar Makronun partiyasının liderini yaxşı tanımırlar.

 

Belə ki, “Eurotrack OpinionWay - VAE Solis”in keçirdiyi son rəy sorğularının nəticələrinə görə, respondentlərin yalnız 37 faizi Vaderi Heyerin kim olduğunu bilir.

 

Rafael Qluksmanı rəyi soruşulanların 66 faizi, Jorjan Bardellanı isə 91 faizi tanıyır.

 

Makronun partiyasının sədri hətta 61 faizlik nəticə göstərmiş Fransua Asselinodan və respondentlərin 66 faizinin tanıdıqları Fransua-Ksavye Bellamidən də geridədir.

 

Emmanuel Makronun partiyasının uğursuzluğu ölkədəki iqtisadi çətinliklər, işsizliyin 7,5 faizlik həddə çatması, təqaüd yaşının artırılmasıdır.

 

Fransa vətəndaşlarının əhəmiyyətli hissəsi Makronu xalqın yox, varlıların prezidenti hesab edir. İri korporasiyaların və konsernlərin gəlirlərinin artdığı zamanda Emmanuel Makron və Fransa hökuməti ardıcıl olaraq sosial ödənişlərlə müavinətləri azaltmaqla məşğuldur.

 

Ölkədə təqaüd yaşı 64-ə qaldırılandan sonra "sarı jiletlilər"in aylarla davam etmiş etirazları bitməmiş Avropa İttifaqının sərtləşən qaydalarına və kəndli təsərrüfatlarını müflis edən transmilli korporasiyaların hücumuna etiraz edən fermerlərin aksiyaları başlandı.

 

Emmanuel Makronun yarıtmaz daxili siyasəti Fransada əhalinin yaşam səviyyəsini və gəlirlərini fasiləsiz azaltmaqdadır. Fransanın xarici siyasətdəki uğursuzluqları, diplomatik təşəbbüslərin əksəriyyətin puça çıxması da E. Makronun kütlədə nüfuzunu artırmayıb.

 

İş o yerə çatıb ki, elektoral bazasını bərpa etmək üçün E. Makron ölkədəki ifrat sağçıları və ultramillətçilərin "Fransamız Fransa olaraq qalmalıdır! " şüarını da "oğurlayıb".

 

Fəqət, bütün bunlar Parisdəki hakimiyyət isteblişmentinə çətin ki, kömək edə bilsin.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.