Azərbaycanın xarici siyasətini hər hansı başqa ölkənin diplomatiyasının "törəməsi" hesab edənlərin klounadası davam edir. Onlar sakitləşmirlər, çünki rəsmi Bakının yürütdüyü siyasətin rasional, soyuqqanlı, praqmat və məntiqli olması bu fərdlərlə təşkilatları, qurumları və dövlətləri qıcıqlandırır.
Cənubi Qafqazda Rusiya, Türkiyə, İran və Qərb arasında geosiyasi qarşıdurmanın olduğu Polişinel sirridir. Tərəflərdən hər biri məqsədinə çatmaq, maraqlarını təmin etmək, mənafelərini reallaşdırmaq üçün bütün imkanlardan istifadə edir və təsir dairəsini qorumaqla yanaşı, genişləndirməyə çalışır.
Bölgə ölkələrinin tutduğu mövqedən və ya baş verənlərə reaksiyasından asılı olmayaraq, əsrlər əvvəl başlamış proseslər indi də davam edir.
Əvvəllər imperiyaların qarşıdurmasına meydan olan Cənubi Qafqaz indi regional və subregional güclərin mübarizə meydanına çevrilib.
Bölgənin üç dövlətinin ikisi - Azərbaycan və Gürcüstan - müstəqil siyasət yürüdərək "dövlət vətəndaş üçündür" prinsipini reallaşdırır, mübarizəyə qatılan güclərin hər hansı birinin yanında yer alaraq birmənalı satellit və ya forposta çevrilmək niyyətindən çox uzaq olduğunu nümayiş etdirir.
Ermənistan isə tam əksinə - bölgədə təsir və təzyiq rıçaqlarını gücləndirməyə çalışan dövlətlərin hər biri (!) ilə ayrı-ayrılıqda, öz aləmində "kuluar" sövdələşmələr apararaq mənafelərini gerçəkləşdirməyə can atır.
Baş nazir Nikol Paşinyan eyni zamanda Rusiya, İran, ABŞ, Aİ və Fransa kimi geostrateji antoqonistlər olan güclərlə sövdələşməyə çalışaraq, onların hər birindən mənfəət əldə etmək fikrindədir.
Bu isə irrasional davranış, diplomatiyanın ən primitiv və hətta bisavad formasıdır.
Qərblə Şərq arasında barraj vurmağa can atan və bunu effektiv diplomatiya hesab edən rəsmi İrəvan hər iki tərəfə vədlər verir, təlimatlar alır və yaşananları optimal siyasət kimi vətəndaşlarının şüurlarına yeritməkdədir.
Halbuki əsla belə deyil və yetər ki, tərəflərdən birinin mövqeyini görək.
"Qərb Ermənistanı Rusiyaya qarşı hibrid müharibənin aləti kimi nəzərdən keçirir".
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
"Məqsəd aydındır – regionda yeni bir gərginlik ocağı yaratmaq üçün erməni “plasdarmı”ndan istifadə etmək. Qərb paytaxtlarında respublikanın sosial-iqtisadi vəziyyətini və onun təhlükəsizliyini riskə atmağa hazırdırlar. ABŞ, Avropa İttifaqı və NATO nümayəndələri İrəvanı Moskva ilə bütün əlaqələri kəsməyə və bizim ümumi inteqrasiya birliklərimizdən çıxmağa çağırırlar", - o, "Komsomolskaya Pravda"ya verdiyi müsahibədə söyləyib.
Rusiyalı diplomatın sözlərinə görə, Moskva digər dövlətlərin daxili işlərinə qarışmaq adətinə malik deyil.
Azərbaycanla Ermənistanın xarici siyasətini kökündən fərqləndirən cəhətlərdən biri də məhz Rusiya ilə olan əlaqələr və həmin təmasların regional proseslərə inikasının təsirlərinə münasibətdir.
44 günlük İkinci Qarabağ Müharibəsi başa çatandan sonra, 2020-ci ilin noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın bir çox müddəaları sonradan İrəvan tərəfindən icra olunmasa da, sənəd problemin həllində ciddi rol oynayaraq əhəmiyyətli amilə çevrildi.
Rusiya Sülhməramlı Kontingenti (RSK) da məhz bu sənədin əsasında Azərbaycan ərazisinə, Qarabağ bölgəsinə yerləşdirilmişdi.
RSK-nin fəaliyyətini xatırlamaq və yenidən şərh etmək niyyətində deyilik: faktlarla prosedurlar Azərbaycan ictimaiyyətinə yetərincə məlumdur.
Təbii, RSK-nin fəaliyyətindən rəsmi Bakı tam razı deyildi və bəzi hallarda narazılıq çox yüksək səviyyəyə çatırdı. Amma RSK bütün hallarla bölgədə sülhlə stabilliyin bərqərar olmasında əhəmiyyətli vasitələrdən biri idi.
Rusiyalı sülhməramlıların statusu ilə bağlı Azərbaycan heç bir sənəd imzalamamış, ölkə parlamentində müzakirə və sonrakı ratifikasiya prosedurları da reallaşmamışdı.
RSK-nin fəaliyyət müddəti üçtərəfli bəyanatda 2025-ci ilədək göstərilmişdi.
Ötən ilin sentyabrında Azərbaycan Ordusu lokal antiterror tədbirlərini həyata keçirərək, Xankəndidəki separatçı-terrorçu rejimin tam çökməsinə və kapitulyasiyaya uğradılaraq, özünü buraxmasına nail olandan sonra rusiyalı sülhməramlıların fəaliyyət məkanındakı mövcudluqlarının məntiqi, siyasi, hərbi, humanitar və s. əsasları qalmadı.
RSK, beləcə, səlahiyyət müddəti bitməmiş Azərbaycanı tərk etdi.
Proses Azərbaycanla Rusiya arasında aparılmış intensiv danışıqlardan sonra baş tutdu: hər iki tərəf çıxarılışda maraqlı idi.
İlk baxışdan paradoksal görünə bilər - RSK-nın ölkəmizdən çıxarılması Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarını zəiflətmək əvəzinə, daha da artırdı.
Səbəb? Bəsitdir: Qərbin, xüsusilə də Fransa, ABŞ və Avropa İttifaqından ibarət trionun Ermənistan vasitəsilə bölgədə Rusiyaya qarşı ikinci cəbhə açmaq, sonradan Tbilisini və Bakını da plana alət etməyə can atmaq cəhdlərini Moskva görürdü.
Bakı Qərbin sadə ssennarisini anladığından tam müstəqil və suveren siyasətini davam etdirməklə yanaşı, Moskva ilə müzakirələrdə sözügedən plandan bəhs etmişdi. Moskva da planın reallaşmaması üçün imkanlarından yararlandı.
Qərbdəki bir sıra siyasətçilər, blogerlər və mass-media mənsublarının bəhs etdiyimiz proseslə unikal, paradoksal, məntiqdən kənar, regiondakı proseslərə əsla dəxli olmayan və olması da mümkünsüz “təxmin”ləri var.
Belə ki, onların dediklərinə görə, sən demə, Moskvanın hərbi kontingentləri yerləşdirməsi ilə bağlı yürütdüyü strategiya Qərbdə “Rusiya qoşun yeritdiyi ölkələrdən hərbçilərini heç vaxt könüllü çıxarmır” tipli idefiksdən ibarətdir.
İdefiksə görə, RSK Azərbaycan ərazisində yer almışdısa, uzun illər boyu ölkəmizdə qalacaqdı və rəsmi Bakının sərt reaksiyasından sonra nə zamansa səlahiyyət arealını tərk edəcəkdi.
RSK-nin vaxtından əvvəl çıxarılması isə həmin “analitik”lərin fikrincə, Moskvanın özü barədə Qərbdə mövcud olan “idefiks”i təkzib etmək niyyəti ilə bağlı olub.
Həddən ziyadə primitiv olan bu narrativ təsadüfi deyil və müəlliflərin Vaşinqtonla Brüsseldə olduğu, propaqanda məqsədi daşıdığı ehtimal edilə bilər.
Propaqanda olmasına rəğmən, ağ yalan və absurd təsirli iddia olması cəhdin cılızlığını göstərir.
Ermənistandan ən yaxşı halda bölgədəki proseslərə təsir mexanizmi, ən pis halda isə təlimatları yerinə yetirən növbəti “banan respublikası” qismində yararlanan Qərbin strateji hədəfi Cənubi Qafqazdakı prosesləri tam kontrolda saxlamaqdır.
Bakı və Tbilisi, təbii ki, Qərblə münasibətləri inkişaf etdirmək, əməkdaşlıqla tərəfdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəltmək istəyirlər.
ABŞ və Avropa İttifaqı Azərbaycanın stabil tərəfdaşlarıdır - infantil siyasət yürüdən Emmanuel Makronun prezidentlik etdiyi Fransa barədə bu sözləri demək mümkün olmasa da.
Diplomatiya mümkünsüzlərin gerçəkləşdirilməsi sənətidir və Qərb gec də olsa, birdəfəlik anlamalıdır ki, Cənubi Qafqazda nüfuzunu artırmaq istəyirsə, əməkdaşlığı seçməlidir.
Diqtə, primitiv propaqanda və ya təsir elementlərindən istifadəni yox.