Ermənistanın baş naziri Nikol Paşinyan canlı efirdə Qarabağla bağlı debatlar keçiriləcəyi təqdirdə Ermənistanın keçmiş prezidentlərini "divara yapışdıracağı" ilə hədələyib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, parlamentdə çıxış edərkən danışıb.
Onun sözlərinə görə, 2020-ci ildən keçmiş prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarqsyan Paşinyanın hakimiyyətə gəlişi ilə qaçılmaz olan ikinci Qarabağ müharibəsində təslim olmağa görə onu günahlandırmağa çalışırlar.
Məhz buna görə də baş nazir keçmiş prezidentləri canlı debatlara dəvət edir, lakin onlar bundan imtina edirlər. Onun sözlərinə görə, eks-prezidentlər nəsə demək istəyirlərsə, o zaman efirə çıxsınlar, vasitəçilərdən istifadə etməsinlər.
"Amma onlar deyirlər ki, mənimlə müzakirə edəcəkləri heç nə yoxdur. Lakin sonra övladlarını, nəvələrini mətbuat konfransına göndərirlər. Müzakirə edəcəyiniz bir şey yoxdursa, oturun və yerinizdən tərpənməyin. Mən sizinlə müzakirə etməyəcəyəm, sizi divara yapışdıracağam. Oradan da siyasi meyitlərinizin qalıqlarını aparacaqlar. Hər üçünüzə aiddir. Əsəblərimizlə oynamağa son qoyun. Mən sizi tapdalayacağam, heç bir müzakirə olmayacaq", - Paşinyan bildirib.
Baş nazir həmçinin qeyd edib ki, onlar bu barədə məlumatlıdırlar, ona görə də müzakirəyə qatılmaqdan imtina edirlər.