Suriyanın müvəqqəti Prezidenti Əhməd əl-Şəra yeni Nazirlər Kabinetinin formalaşması münasibətilə Suriya xalqını təbrik edib.
Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Suriya liderinin “Qasr əş-Şaab” sarayında keçirilmiş təntənəli mərasimdəki çıxışını yayımlayan kanal bildirib ki, o, Kabinetin tərkibini açıqlayıb və onu quruculuq və dəyişiklik hökuməti adlandırıb.
“Ölkəmiz daha yaxşı gələcəyə doğru yolunda yeni tarixi dövrə qədəm qoyur. Biz yenidənqurma işləri ilə məşğul olacaq və islahatlar keçirəcək quruculuq və dəyişiklik hökumətinin formalaşdırılmasını elan edirik”, – o qeyd edib.
Prezident hökumətin bütün işlərinin şəffaf olacağını vurğulayıb: “Biz korrupsiyanın dövlət qurumlarına sızmasına imkan verməyəcəyik”.
Keçid hökumətinin xarici işlər naziri Əsaad Həsən əş-Şibani və müdafiə naziri Murxaf Əbu Kasra yeni Kabinetdə öz vəzifələrini saxlayıblar. Hər iki nazir təntənəli mərasimdə çıxış edib. Daxili İşlər naziri vəzifəsinə Ümumi Kəşfiyyat Xidmətinin rəhbəri olmuş Anas Həsən Xattab təyin edilib.
Maraqlı təyinatlardan biri Hind Kabavatın adı ilə bağlıdır. Tanınmış insan haqları fəalı sosial işlər və əmək naziri təyin edilib. Bununla da o, keçid hökumətin ilk və tək qadın naziri olub.
Hind Kabavat, Suriyada tanınmış insan haqları müdafiəçisi, sülh fəalı və diplomatdır. Kabavat Harvard və Tufts universitetlərində çalışıb və Suriya böhranı ilə bağlı beynəlxalq danışıqlarda iştirak edib. Hind Kabavat devrilmiş Bəşər Əsəd hakimiyyətinin ən sərt tənqidçisi kimi də tanınıb. Kabavat eyni zamanda, Suriyada xristian azlığının üzvüdür…
Daha əvvəl “Al Hadath” Suriyanın yeni keçid hökumətinin 22 nazirdən ibarət olacağını bildirmişdi. Hökumətin işinə martın 13-də qəbul edilmiş konstitusiya bəyannaməsinə əsasən əl-Şəranın özü rəhbərlik edəcək. Telekanalın mənbələri qeyd ediblər ki, hökumət inklüziv olacaq və əsasən texnokrat nazirlərdən ibarətdir. Yeni Kabinet dekabrın 10-dan bəri Məhəmməd əl-Bəşirin rəhbərlik etdiyi keçid hökumətini əvəz edəcək.
Suriyada keçid dövrü beş il davam edəcək, bundan sonra ümumi seçkilər keçiriləcək.