"Mədəni İrs" Forumu çərçivəsində Bilgəh qalasının mühafizəsi və bərpası ilə bağlı gələcək planlardan danışılıb.
Mədəni irsin qorunması, bərpası və inkişafı Dövlət Xidmətinin rəisi Səbinə Haciyeva bildirib ki, ictimaiyyət və media arasında bu kimi problemlərin yaddan çıxmaması, davamlı olaraq araşdırılması təqdirolunası haldır:
"Abidələrlə bağlı problemlərin aradan qaldırılması mütləq prioritetdir. Sadəcə bütün bunlar, təəssüf ki, bir ayın, bir ilin içərisində həllini tapacaq məsələ deyil. Deyə bilərəm ki, bu kimi problemlərin hazırda təsnifatlaşdırılması aparılır. Öncəlik, sözsüz ki, daha təhlükəli vəziyyətdə olan abidələrə verilir.
Siz dediyiniz Bilgəh qalası ilə bağlı məsələ ilə bağlı hesab edirəm ki, hüquqşünaslarla işləməli olacağıq. Bu da zaman alacaq, yenə də təkrar edirəm, bu proseslər tez-bazar həll olunası deyil. Bölgələrimizdə beşinci əsrə aid abidənin üzərində əlavə dəmir tavanın, dəmir hasar inşa edilməsi faktı var əlimizdə. Təəssüfedici haldır, amma var və lazımi addımlar atılacaq".
Qeyd edək ki, XIII–XIV əsrlərdə Şirvanşahlar dövründə ağ daşdan tikilmiş qala Bilgəh qəsəbəsində, hazırda şəxsi mülklərdən birinin ərazisində yerləşir. Bu səbəbdən ziyarətçilərin qalanı ziyarət etməsi çətinləşir.