"Məhəmməd Əmin Rəsulzadənin zəngin fəaliyyəti yenidən tədqiqata cəlb edilməlidir"
AMEA PREZİDENTİ

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Məhəmməd Əmin Rəsulzadənin zəngin fəaliyyətini yenidən tədqiqata cəlb etməyin zəruri olduğunu bildirib.


Senzor.az xəbər verir ki, o, bu barədə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucu liderlərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə “Milli istiqlalın görkəmli nümayəndəsi Məhəmməd Əmin Rəsulzadə” mövzusunda keçirilən elmi konfransda deyib.


AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan tarixində mühüm rol oynamış siyasi, ictimai və ədəbi şəxsiyyətlərin zəngin irsinin, onların həyat və yaradıcılıqlarının dərindən öyrənilməsi, gələcək nəsillərə ötürülməsinin ölkədə strateji xətt kimi müəyyənləşdirildiyini qeyd edib: "Prezident İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” sərəncamına əsasən, bu il ölkədə görkəmli ictimai-siyasi xadim, AXC-nin banilərindən biri, əsas ideoloqu, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadəyə həsr edilən silsilə tədbirlər keçirilib. Sərəncamın icrasından irəli gələrək AMEA-da da tədbirlər planı hazırlanıb, artıq iki elmi müəssisədə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər təşkil edilib".


İ.Həbibbəyli bildirib ki, Məhəmməd Əmin Rəsulzadənin dövlət quruculuğundakı xidmətləri ilə yanaşı, ədəbi yaradıcılığı da diqqətəlayiqdir. Onun zəngin qaynaqlar əsasında yazdığı “Azərbaycan şairi Nizami” adlı monoqrafiyası orta əsrlər ədəbiyyatımız haqqında sanballı tədqiqat işi olmaqla yanaşı, dünya Nizamişünaslığının da mühüm nailiyyətlərindəndir. AMEA prezidenti Məhəmməd Əmin Rəsulzadənin “Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri” məqalələr toplusunu tarixi əhəmiyyətə malik qiymətli əsər kimi dəyərləndirib. O həmçinin mərhum professor Şirməmməd Hüseynovun Məhəmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində və təbliğindəki xidmətlərini qeyd edib, alimin Rəsulzadə əsərlərini 5 cilddə toplayaraq çap etdirməsini xüsusi söyləyib. Məhəmməd Əmin Rəsulzadə irsinə diqqətin artırılmasının vacibliyini qeyd edən akademik ictimai-siyasi xadimin zəngin fəaliyyətini yenidən tədqiqata cəlb etmək, onun irsini daha dərindən öyrənmək, indiyədək bizə məlum olmayan fəaliyyətini araşdırmaq və əsərlərini üzə çıxarmağın önəmini vurğulayıb.


Daha sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mühacirət ədəbiyyatı şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Abid Tahirlinin “Məhəmməd Əmin Rəsulzadənin publisistikasında Azərbaycan Xalq Cümhuriyyəti qurucuları” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları haqqındakı yazıları, həm onun yaradıcılığını dərindən öyrənmək, həm haqqında bəhs etdiyi xadimlərin həyat və fəaliyyəti ilə daha yaxından tanış olmaq, həm də dövrün ictimai-siyasi, ədəbi-mədəni olayları ilə bağlı təsəvvürləri zənginləşdirmək baxımından əhəmiyyətlidir.


O qeyd edib ki, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin dövrünün salnaməsi kimi səciyyələndirə biləcəyimiz publisistik yaradıcılığında Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları Nəsib bəy Yusifbəyli, Əhməd bəy Ağaoğlu, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Üzeyir Hacıbəyli və başqaları haqqında publisistik məqalələri mühüm yer tutur. Publisistik, siyasi, ədəbi-tənqidi və elmi əsərləri ilə Azərbaycanın ictimai fikir tarixində iz qoymuş Məhəmməd Əmin Rəsulzadənin çoxşaxəli irsi haqqında son 30 ildə müxtəlif səpkili tədqiqat əsərlərinin yazıldığını deyən Abid Tahirli hazırda da bu istiqamətdə mühüm araşdırmaların aparıldığını, müxtəlif layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.


Digər məruzəçilər də Məhəmməd Əmin Rəsulzadənin keşməkeşli həyatından, onun Azərbaycanın ictimai fikir və istiqlal uğrunda mücadilə tarixində rolundan, həmçinin bolşevik rejiminə, kommunist ideologiyasına qarşı bənzərsiz xidmətlərindən və müqəddəs amalı uğrunda ömrünün sonuna qədər mübarizə aparmasından danışıblar.


Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il dekabrın 30-da Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.