Lökbatan Tibb Mərkəzinin nəznində yerləşən 4 saylı Doğum evində tibb işçisinin yeni doğulan körpənin atasından pul istəməsi ilə bağlı məsələ araşdırılır.
Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, iyunun 19-u saat 11:05 radələrində 2005-ci il təvəllüdlü şəxs doğuş üçün adıçəkilən Doğum evinə müraciət edib və Doğum şöbəsinin həkimi mama-ginekoloq Sevinc Məmmədovanın iştirakı ilə saat 13:30-da radələrində pasiyentin qız övladı dünyaya gəlib.
"Görüntülərdə əks olunan hadisə ilə bağlı hazırda TƏBİB tərəfindən araşdırılma aparılır. Araşdırma yekunlaşdıqdan sonra əlavə məlumat veriləcək", - məlumatda vurğulanıb.
Xatırladaq ki, görüntülərdə körpənin atası Qarabağ qazisi və doğum evinin dövlət xəstəxanası olduğunu deyərək pul istənilməsini düzgün saymadığı, tibb işçisinin isə buna məhəl qoymadığı əks olunub.