Abşeron rayonu ərazisində svetoforun qırmızı işığından keçən, sərnişinlərin həyatını təhlükəyə atan iki avtobus sürücüsü saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, sürücülər, sərnişindaşıma fəaliyyəti ilə məşğul olan Quliyev Kəmaləddin Yavər oğlu (“İsuzu” markalı 10-TG-026 dövlət qeydiyyat nişanlı) və Rəcəbov Firdovsi Abgül oğlu (“İsuzu” markalı 90-RB-533 dövlət qeydiyyat nişanlı) sərnişin dolu avtobusla həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına ataraq nizamlayıcının qırmızı işığından keçiblər. Onlar DYP-yə dəvət olunaraq profilaktiki söhbətlər aparılıb və pozmuş olduqları qayda pozuntusu ilə bağlı hər iki sürücü barəsində qanuni tədbirlər görülüb.
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə də sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edərək onları hərəkət zamanı qaydalara ciddi şəkildə riayət etməyə, özləri ilə yanaşı sərnişinlərin də həyat və sağlamlığına cavabdeh olduqlarını unutmamağa çağırır", - məlumatda qeyd olunub.
Qeyd edək ki, sosial şəbəkələrdə Xırdalanın Heydər Əliyev prospektində müxtəlif marşrut xətləri üzrə hərəkət edən iki marşrut avtobusunun ötüşməsi və işıqforun qırmızı işığında keçməsini əks etdirən görüntülər yayılıb.