Əfqanıstanda “Taliban” hökumətinin Tehrandakı müvəqqəti işlər vəkili sentyabrın 20-də İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Məlumatı “Mehr” agentliyi yayıb.
Bildirilib ki, nazirlikdə diplomata Əfqanıstan nümayəndəsinin konfransda İranın dövlət himni ifa edilən zaman ayağa qalxmamasının qəbuledilməz olduğu çatdırılıb: “Qonağın ev sahibi ölkənin rəmzlərinə hörmət etməsi, dövlət himnlərinə sayğı göstərməsi zərurətdir. Bu, beynəlxalq aləmdə qəbul edilmiş davranışdır. Əfqanıstan nümayəndəsinin hərəkətləri tədbirdə iştirakın yüksək məqsədlərinə uyğun deyildi”.
Müvəqqəti işlər vəkili ölkəsinin İran İslam Respublikasına xüsusi ehtiramını vurğulayaraq Əfqanıstan nümayəndəsinin hərəkətlərinin şəxsi xarakter daşıdığını, heç bir halda ölkəsinin fikirlərini əks etdirmədiyini vurğulayıb.
O, İranın etirazlarını dərhal Kabilə çatdıracağını da əlavə edib.
**11:09
Tehran “İslam Birliyi 38-ci beynəlxalq konfrans”ın açılış mərasimində İranın dövlət himni ifa ediləndə Əfqanıstanı təmsil edən “Taliban” hökumətinin nümayəndəsi ayağa qalxmayıb.
Məlumatı “RadioFərda” yayıb.
Bildirilib ki, İranın bir sıra dövlət məmurları “Taliban” nümayəndəsinin bu hərəkətini “hörmətsizlik”, “dövlət qəbulu qaydalarına etinasızlıq” kimi qiymətləndiriblər.
Məlumata görə, konfransın açılış mərasimində iştirak edən İran Prezidentinin Əfqanıstan işləri üzrə xüsusi nümayəndəsi Həsən Kazemi Qumi də bu hərəkəti “diplomatik prinsiplərə hörmətsizlik” adlandırıb.
Keçmiş prezident Həsən Ruhaninin müşaviri Husaməddin Aşna deyib ki, təhlükəsizlik xidmətinin iki, maksimum dörd əməkdaşı onun əl-ayağından tutub konfrans zalından bayıra ata bilərdi.
Konfransın açılış mərasimində İran prezidenti Məsud Pezeşkian da iştirak edib.
Qeyd edək ki, sentyabrın 18-də Pakistanın Peşavar şəhərindəki “Taliban”ın baş konsulu da paytaxt İslamabadda keçirilən tədbirdə ölkənin himni ifa edilən zaman ayağa qalxmayıb. Pakistan Xarici İşlər Nazirliyi baş konsulun hərəkətini “təhqiramiz davranış” adlandırıb.
“Report” xatırladır ki, “Taliban”ın idarə etdiyi Əfqanıstanın dövlət himni naşiddir. Naşid ənənəvi olaraq kişi vokalçılar tərəfindən solo və ya xorla musiqi alətlərinin müşayiəti olmadan ifa olunan müsəlman tərənnümüdür. Bir çox ilahiyyatçının, o cümlədən İslamın dörd əsas məzhəbinin banilərinin fikrincə, musiqi alətlərindən istifadəyə icazə verilmir. Müasir naşid ifaçıları arasında həm ərəblər, həm də ərəb olmayan ölkələrin başqa dillərdə oxuyan sənətçiləri var.
İslamabadda baş konsulun dövlət atributu ifa ediləndə ayağa durmamasını onlar himndə musiqinin olması ilə əlaqələndiriblər.