ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Habbard bir neçə həftə əvvəl Rusiya-Ukrayna danışıqlarına dair heç bir məlumatı müttəfiq kəşfiyyat icmaları ilə paylaşmamaq barədə göstəriş verib.
Bu barədə “CBS News” telekanalına anonimlik şərti ilə ABŞ kəşfiyyatının bir neçə rəsmisi məlumat verib.
Sözügedən memorandumu Tulsi Habbard iyunun 20-də imzalayıb. Sənəd məlumatın “Beş Göz” alyansı ölkələrinə (ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya) ötürülməsinə qadağa qoyur.
“Danışıqlarla bağlı bütün analitik materiallar və məlumatlar “NOFORN” - xaricə paylaşma foxdur, – kimi qeyd edilir. Bundan sonra yalnız rəsmi dərc olunmuş məlumatlar paylaşıla bilər. Materialların paylanması həmçinin onları hazırlayan qurumlarla da məhdudlaşdırılır. Yeganə istisnalar açıq şəklidə artıq dərc edilmiş məlumatlara aiddir”, - mənbələr deyiblər.
Bununla belə, sənəd digər kanallar vasitəsilə əldə edilən diplomatik məlumatların və ya danışıqlara aid olmayan hərbi məlumatların, o cümlədən ABŞ-ın müdafiə üçün Ukrayna ordusuna ötürdüyü məlumatların mübadiləsinə qadağa qoymur.
Telekanalın məsələnin şərhi ilə bağlı sorğusunu Milli Kəşfiyyat Direktorunun ofisi Ağ Evə yönləndirib, lakin oradan da heç bir cavab verilməyib.
““Beş Göz” tərəfdaşlığının dəyəri ondan ibarətdir ki, biz kəşfiyyat məlumatlarını paylaşa və həll yollarını hazırlayarkən düşmənlərin planlarını, niyyətlərini və imkanlarını daha yaxşı başa düşə bilərik”, - Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) və Daxili Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı Stiven Keş vurğulayıb.
Onun sözlərinə görə, müttəfiqlərin danışıqlarda və ya hərbi əməliyyatlarda mövqelərini əlaqələndirmək üçün “kəşfiyyatın ümumi mənzərəsi”nin olması vacibdir.(Azvision.az)