BMT-nin İnteqrasiya Edilmiş Ərzaq Təhlükəsizliyi Faza Təsnifatı (IPC) təşəbbüsü ilk dəfə rəsmi olaraq Qəzada aclıq elan edib.
Senzor.az bildirir ki, bu barədə BBC məlumat yayıb.
IPC təsnifatı faza 5-ə yüksəldib ki, bu da kəskin ərzaq çatışmazlığı şkalasının ən yüksək səviyyəsidir.
Bəyanatda sentyabrın sonunadək Qəzzada vəziyyətin "fəlakətli" olacağı bildirilib.
Həmçinin qeyd olunub ki, gələn ilin iyun ayına qədər Qəzzada beş yaşına qədər 132 min uşaq qida çatışmazlığı təhlükəsi ilə üzləşəcək. IPC 59 səhifəlik hesabatında "dərhal və miqyaslı cavab" tələb edir.
"İstənilən gecikmə aclıqla əlaqəli ölüm hallarının artmasına səbəb olacaq", - hesabatda qeyd olunub.
İsrail isə BMT-nin “İnteqrasiya Edilmiş Ərzaq Təhlükəsizliyi Faza Təsnifatı”nın (IPC) hesabatını qınayıb.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.
Bəyanatda vurğulanıb ki, IPC yalnız bu hesabat üçün öz qlobal standartını dəyişərək 30 %-lik həddi 15 %-ə endirib və ikinci meyarı - ölüm səviyyəsini nəzərə almayıb.
"Qəzzada aclıq yoxdur. Müharibənin başlanğıcından bəri Qəzzaya 100 mindən çox humanitar yardım daşıyan yük maşını daxil olub. Son həftələrdə isə humanitar yardımın kütləvi axını sektoru əsas ərzaq məhsulları ilə doldurub və qiymətlərin kəskin şəkildə düşməsinə səbəb olub", - XİN-dən bildirilib.
Xatırladaq ki, BMT agentliklərinin, yardım qruplarının qlobal təşəbbüsü olan IPC, beynəlxalq ictimaiyyətin aclığın mövcudluğunu müəyyən etmək üçün istifadə etdiyi əsas mexanizmdir.