Qərb inad edir... SEPARATÇILAR İSƏ XİLAS YOLU ARAYIRLAR
ELÇİN ALIOĞLU YAZIR

Qarabağlı erməni separatçılarının bundan sonra hər hansı siyasi perspektivləri ümumiyyətlə, yoxdur. Lakin separatizmi dəstəkləyən dövlətlərlə siyasətçilər reallığı görmək və anlamaq istəmirlər...

 

Azərbaycanın Qarabağ bölgəsində erməni separatizminə və terrorçuluğuna qarşı aparılmış lokal antiterror tədbirləri başa çatıb. Lakin separatizmlə mübarizə bitməyib. Qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə bağlı dialoqun Yevlaxda başlaması prosesin sürətləndiyinin göstəricisidir.

 

Bu gün Ağdam-Xankəndi marşrutu ilə qarabağlı ermənilərə 2 yük avtomobili humanitar yardım və 2 avtomobil çörəyin göndərilməsi rəsmi Bakının niyyətlərindən, planlarından və istəklərindən, ən əsası yürütdüyü və bundan sonra yürüdəcəyi siyasətdən xəbər verir.

 

Ermənistanın, qarabağlı erməni separatçılarının və dünyanın müxtəlif ölkələrindəki erməni diasporu ilə onların havadarlarının isterik bəyanatlarına, şüarlarına və çağırışlarına rəğmən, Azərbaycan Ordusu hazırda Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti nəzarət arealında yaşayan erməniləri hədəf seçməyib.

 

Əsgərimiz dinc və silahsız ermənilərə qarşı döyüşməyib.

 

Hədəflərin nələrdən və kimlərdən ibarət olması ilə bağlı dəfələrlə rəsmi bəyanatlar verilib: RSK nəzarətindəki ərazilərdə olaraq özlərini son günlərədək çox rahat hiss edən, sayları təqribən 10 min nəfərə yaxın erməni silahlılar legiitim hərbi hədəflərdir.

 

Onlar tərk-silah olsalar, rəsmi Bakı tərəfindən əfvə ümid edə bilərlər. Əks təqdirdə, məhv ediləcəklər.

Xankəndindəki separatçı xunta legitim siyasi hədəfdir. Sözügedən separatçı kolxozun rəhbərləri və funksionerləri Azərbaycanın mövcud qanunvericiliyi qarşısında məsuliyyət daşıyırlar. Onların bir qrupu isə - Araik Arutyunyan, Vitali Balasanyan, David Babayan, Artak Beqlaryan, Samvel Babayan, Bako Saakyan, Arkadi Qukasyan və s. - dövlətimizə və millətimizə qarşı ağır bəşəri-hərbi cinayətlər törətmiş şəxslərdir. Bu fiqurların hər biri mütləq şəkildə məsuliyyətə cəlb olunacaq, ədalət məhkəməsi qarşısında cavab verəcək.

 

23 saatlıq lokal antiterror tədbirləri qarabağlı erməni separatçılarının hərbi potensialının faktiki məhvi ilə başa çatdı. Onlar nəyəsə ümid edir, nə isə gözləyirdilər.

 

100-dən artıq tank, 200 zirehli maşın və artilleriya qurğusu, 100-dən artıq radioelektron mübarizə, lokasiya və pelenq qurğusu, onlarla silah-sursat anbarı, 120-dən artıq uzunmüddətli müdafiə məntəqəsi, yüzlərlə nəqliyyat vasitəsi - separatçılar bütün bunlardan diversiyalar, terror hücumları törətmək üçün istifadə etmişdilər, etmək niyyətlərində idilər.

 

Onlar RSK-nın nəzarətindəki arealı tərk edərək diversiya qrupları formasında işğaldan azad edilmiş ərazilərə sızır, nəqliyyat infstrukturu obyektlərini və yolları minalayırdılar.

 

44 günlük İkinci Qarabağ Müharibəsi başa çatandan sonra mina partlayışlarında həlak olan vətəndaşlarımız məhz separatçıların hədəfləri idilər.

 

Bakı buna artıq səbr edə bilməzdi. 

Xankəndindəki separatçı xuntanın “seçkilər” keçirməsi və yeni “prezident”i müəyyənləşdirməsi isə onların artıq ifrat həyasızlaşmalarını, reallıq hissini itirmələrini və vəziyyəti maksimum dərəcədə gərginləşdirmək niyyətində olduqlarını göstərirdi.

 

Ermənistanın və erməni separatçılarının bəlli ölkələrlə təşkilatlardan, xüsusilə də erməni diasporunun maliyyəsi ilə bəslənən siyasətçilərdən aldıqları dəstək, onlara verilən vədlər rəsmi İrəvanda illüziyalar yaratmışdı.

 

Qarabağtlı separatçılara gəldikdə isə, onlar ümumiyyətlə, «sonadək mübarizə» şüarı altında mövcudluqlarını davam etdirmək, daha da aktivləşmək niyyətində idilər.

 

Hindistanın Ermənistanı sürətlə silahlandırması, Fransanın İrəvana fasiləsiz vədlər verərək N.Paşinyana hərtərəfli geosiyasi yardıilar etdiyini və bu prosesi “qələbə”yədək davam edəcəyini vurğulaması ermənilərdə çox təhlükəli koqnitiv dissonans yaratmışdı.

 

Rəsmi İrəvan ermənilərin uydurma tarixində ilk dəfə olaraq Rusiyaya aşkar meydan oxumağa, xarici siyasətdə Qərbə doğru aşkar meyillənməyə start verdi.

 

Bunu görən Rusiya bəyanatlar verərək geosiyasi qarşıdurmanın elementlərini üzə çıxarmaq əvəzinə, qarabağlı erməni separatçılarının ələ alınması üçün Xankəndiyə ezam edilmiş Ruben Vardanyan vasitəsilə İrəvana cəbhə açdı.

 

Məqsəd siyasi arealında üçüncü qüvvənin olmadığı Ermənistanda yeni formasiyada “müxalifət qüvvəsi” formalaşdırmaq, bütünlüklə Moskvadan idarə edilən həmin qüvvə vasitəsilə Ermənistanda iqtidarı dəyişməkdi.

 

Alınmadı: kollektiv Qərbin Azərbaycan-Ermənistan danışıqlarında tutduğu yarıtmaz mövqelər, Qərbli siyasətçilərlə bir sıra təşkilatların Xankəndidəki xuntaya aşkar dəstək verməsi sayəsində təsir imkanları artan Rusiya daha da fəallaşdı.

 

Bir qədər də keçdi, ABŞ və Avropa İttifaqı yol verdikləri fəsadlı strateji səhvlərin nəticələrini aradan qaldırmaq əvəzinə, səhv istiqamətdə hərəkəti davam etdirdilər.

 

ABŞ Senatında ermənidən artıq erməni olduqlarını göstərməyə çalışan senatorlar “dinləmə” keçirdilər, Dövlət Departamentinin yetkilisi Yuri Kim bütün hədləri aşaraq və reallıq hissini itirərək Bakını hədələdi, Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali komissarı Jozep Borrel “qarabağlı ermənilərin hüquq və təhlükəsizliklərinin təminatı üçün beynəlxalq vasitəçilər”dən bəhs etməyə, Laçın yolunun “dərhal açılmasını” tələb etməyə başlayaraq Xankəndindəki xuntanı cuşa gətirdi.

 

Nəticə məlumdur.

 

Proseslərlə bağlı Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın qısa, ekspozitiv şərhi yetərincə maraqlıdır: “Qarabağla bağlı problematika üzrə çox gözləntilər Fransanın və bilavasitə prezident Emmanuel Makronun vasitəçiliyi ilə bağlı idi. Baxın, bütün bunlar nə ilə başa çatdı. Paris vasitəçiliklə bağlı situasiyaya tam nəzarət edərək təşəbbüsü alə almağa, hamıdan, xüsusilə də Rusiyadan daha yaxşı nəticə əldə etdiyini göstərmək istəyirdi. Baş verənlər Qərbə və onun vasitçilik vədlərinə meyillənən hər kəs üçün dərs ola bilər”.

 

Avropa İttifaqına gəldikdə isə, Brüssel deyəsən, səhvlərindən nəticə çıxarmaq əvəzinə Azərbaycanla bağlı geosiyasi absurd mövqelərində və marazm həddinə çatan cəhdlərində daha da irəliləyir.

 

Belə ki, Jozep Borrelin təşəbbüsü ilə Azərbaycana qarşı yönələn, aşkar demarş məzmunlu sənəd hazırlanmışdı. Lokal antiterror tədbirləri və onun nəticələrinin sərt tənqid edildiyi, həmişəki kimi qarabağlı ermənilərlə bağlı “saqa”dan ibarət sənəd Avropa İttifaqıına üzv 27 ölkənin birgə bəyanatı olmalıdı idi - Borrelin ssenarisinə görə. 

Fəqət, sənədlə bağlı səsvermədə Macarıstan veto hüququndan faydalanıb və ölkəmizə qarşı yönələn, Aİ-nin bölgəmizdəki problemlərin həllində tam səriştəsizliyini ortaya qoyan bəyanatın qəbul edilməsinə imkan verməyib.

 

Borrel hələ də anlamır ki, Avropa İttifaqının bir beynəlxalq siyasi struktur qismində Azərbaycana qarşı istənilən marazmatik, qərəzli və idiotizm səviyyəsinə çatan sənədi Macarıstan, Rumıniya, Serbiya, Bolqarıstan, Monteneqro kimi ölkələrin müqaviməti ilə qarşılaşacaq.

 

ABŞ-da bir dəstə ermənipərəst senator Azərbaycana qarşı sərt sanksiyaların tətbiqini və Ermənistana hərbi yardım göstərilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıblar.

 

“Azərbaycanın təcavüzünə qarşı Ermənistana dəstək” adlı layihədə nəzərdə tutulur:

 

-Qarabağlı ermənilərpin təhlükəsizliyinin təmin edilməsi strategiyasının hazırlanması;

 

-Ermənilərə qarşı hərəkətlərinə görə rəsmi Bakıya qarşı cəza sanksiyalarının tətbiqi;

 

ABŞ hakimiyyətinin "Azadlığa Dəstək Aktı"na Azərbaycana hərbi yardım göstərilməsini qadağan edən 907-ci düzəlişdən imtina etmək hüququnun ləğvi;

 

-Ermənistana xarici hərbi maliyyələşdirməyə icazə.

 

Qanun layihəsinin təşəbbüskarları və müəllifləri ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez, habelə senatorlar Bill Kessidi, Kris Van Hollen, Aleks Padilla, Şeldon Uaythaus və Harri Pitersdir.

 

Eyni situasiyanı BMT Təhlükəsizlik Şurasında da müşahidə edirik.

 

Bu qurumda dünənki müzakirələrdə Azərbaycanın XİN başçısı Ceyhun Bayramovun çıxışını əslində ölkəmizin haqq səsinin və diplomatiyasının ciddi uğuru saymaq olar.

 

XİN başçısı Ermənistandan olan həmkarı Ararat Mirzoyanın dezinformasiyasını asanlıqla puç etməklə yanaşı, Ermənistana və erməni revanşizminə dəstək verməyə çalışan ölkələrin nümayəndələrinə real vəziyyəti anlatdı.

 

Aİ-də olduğu kimi, BMT TŞ-da da xristian təəssübkeşliyi, baş verənlərə səlibçilik idefikslərindən yanaşma aşkar görünür.

 

Marazm o həddə çatıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan “Qarabağlı ermənilər arasında ciddi itkilər yoxdur və situasiya normallaşmağa doğru gedir: qarabağlı ermənilərin yaşamı üçün ciddi təhlükə yoxdur” dediyi halda, guya Ermənistanla qarabağlı erməniləri “müdafiə edən”lər tam əksini sübut etməyə çalışırlar. 

Kollektiv Qərbin mizantropiyasına baxın ki, qanunsuz erməni hərbi birləşmələrinin rəhbərlərindən biri (əvvəllər Ermənistan Silahlı Qüvvələrinin Ağdərə istiqamətində 7-ci müdafiə rayonuna komandanlıq edirdi) polkovnik Karen Jalavyan bildirib ki, erməni xalqına nə Qarabağ, nə də Qarabağ erməniləri lazım deyil. O, bu barədə Ermənistanın “Hraparak” qəzetinə müsahibəsində bildirib.

 

Di gəl, erməni separatizmini dəstəkləyənlər separatçının özünü belə, dinləmək istəmirlər.

 

“Erməni xalqına nə Qarabağ, nə də Qarabağ erməniləri lazım deyil, o qədər. Hamı kənara çəkildi. Gedin Nikola deyin ki, gəlib Qarabağı müdafiə edərdi. İstəyirsiniz Nikola deyin, istəyirsiniz Köçəryana, istəyirsiniz Serjikə", – Karen Jalavyan bildirib.

 

Müşahidə etdiyimiz vəziyyət ikili standartlar və qərəzli yanaşma yox, mənəviyyatsızlıqdır.

 

ABŞ Senatındakı dinləmələrdə qarabağlı ermənilərin “Azərbaycan sinə gərən 120 min xristian sakin” kimi qələmə verilməsinin aşkar siyasi əxlaqsızlıq və səlibçilik təzahürü olduğu kimi.

 

Əslində, Aİ-dəki və BMT TŞ-dəki ermənidən artıq erməni olmaq istəyənlər məhz Senatdakı dinləmələrdə fasiləsiz səslənmiş bu ifadədən ruhlanıblar bəlkə - kim bilir…






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.