Türkiyə xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Hüseyn Əmir Abdullahianla birgə keçirdiyi brifinqdə deyib ki, İran Prezidenti İbrahim Rəisi yaxın vaxtlarda Ankaraya səfər edəcək.
“Oktyabrın 7-dən etibarən İranla sıx diplomatik əlaqədəyik. Biz ədalətli davranmağı hədəfləyirik. Ukraynaya ayrı, Fələstinə ayrı münasibət ola bilməz”, – H.Fidan bildirib.
HƏMAS-İsrail müharibəsi İranın Türkiyə ilə bağlı planlarını gerçəkləşdirmək üçün münbit şərait yaratdı. Məsələ ondadır ki, HƏMAS-İsrail müharibəsinə qədər Türkiyə-İsrail münasibətələrində ciddi normallaşma baş verirdi. Bu normallaşma ən çox İranı narahat edirdi.
Ankara-Təl-Əviv münasibətlərinin davamlı gərgin olması, habelə Türkiyədə siyasi islamçılığın daha da radikallaşması Tehran üçün prioritetdir. Düzdür, Türkiyə əvvəlcə HƏMAS-İsrail müharibəsinə səssiz qalıb neytrallıq nümayiş etdirmək istəsə də, daxili auditoriyanın artan tələbləri və etirazları mövcud AKP iqtidarını Qəzzaya dəstək vermək, habelə Təl-Əvivi tənqid etməyə məcbur etdi. Burada təbii faktorları da qeyd etmək lazımdır. Qəzzadakı xəstəxananın vurulması buna misal ola bilər.
Fidanın “oktyabr ayının 7-dən etibarən İranla sıx diplomatik əlaqədəyik” sözləri xüsusilə diqqət çəkir. Məsələ ondadır ki, 7 oktyabr tarixi HƏMAS-ın İsrailə hücum etdiyi tarixdir. Türkiyənin bu tarixdən İranla diplomatik təmas qurması ondan xəbər verir ki, İran prosesin pərdəarxasındakı əsas aktordur. İstisna deyil ki, Ankara Tehranın HƏMAS-ı İsrailə hücuma sövq edəcəyini bilib. Sadəcə, görünür, MOSSAD kimi MİT də prosesdən gec xəbər tutub və Ankaranın prosesin qarşısını almaq cəhdi baş tutmayıb.
Ümumiyyətlə, İran son illərdə Türkiyədə çox ciddi dəstəkçi toplamağı bacarıb. Hətta HÜDA Par-ın (Hür Dava Partiyası) üzərindən siyasi güc belə əldə etməyi bacarıb. Nəzərə alsaq ki, HÜDA Par “Türkiyənin Hizbullahı” adlanır və Hizbullahı da İran dəstəkləyir, onda Tehranın Türkiyə siyasətinə müdaxilə imkanlarının olduğu məlum olur.
İranın Türkiyə üçün yaratdığı ən ciddi risk isə Anadoluda artan şiə təbliğatıdır. Anadolu türkləri hər zaman şiəliyə simpatiya bəsləyib. Son illərdə isə bu simpatiya özünü məzhəb dəyişiminə çevirib.
Türkiyədə siyasi islamçılığın güclü olması, Qüds, Qəzza məsələlərinin siyasi ritorikalarda tez-tez dilə gətirilməsi İranın əl-qolunu açır. Mövcud AKP iqtidarının dəstəkçilərində daha çox sağ mühafizəkar olması və əsasən dini inanclı kütlədən təşkil edilməsi də Türkiyənin İsrail-HƏMAS arasında balansı qoruya bilməməsinə gətirib çıxaran əsas məqamdır. İran isə bundan çox yaxşı istifadə edir.
Öncə İran XİN başçısı Hüseyn Əmir Abdullahianın Türkiyəyə səfər etməsi, habelə Prezident İbrahim Rəisinin yaxın vaxtlarda Türkiyəyə edəcəyi səfər Tehranın İsrailin Qəzzaya başlatdığı quru əməliyyatlarından Türkiyə-İsrail münasibətlərini pozmaq üçün istifadə edəcəyini göstərir.
İndiki məqamda diqqətçəkən digər bir məqam isə ABŞ Dövlət katibi Entoni Blinkenin 2-10 noyabr tarixlərində regiona baş tutacaq səfəridir. Səfər çərçivəsində o, İsrail, İordaniya, Yaponiya, Cənubi Koreya və Hindistana səfər edəcək. Blinkenin noyabrın 5-də Türkiyəyə də səfər edəcəyi gözlənilir.
Onun Türkiyə səfəri mövcud İsrail-HƏMAS müharibəsi, Türkiyənin məsələyə mövqeyi və İranın Ankaranı prosesə çəkmək cəhdləri ilə bağlı ola bilər. ABŞ Türkiyənin bu məsələdə tərəfli mövqe sərgiləməsini istəmir. Çünki Türkiyə Vaşinqton üçün İsrail-Fələstin danışıqlarının aparılması baxımdan ideal ölkədir. Bu neytrallığın pozulması Vaşinqton üçün arzuedilən deyil.
TuranRzayev,
politoloq