Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırlaşır. Lakin sənəd nə zaman, harada, hansı şərtlərlə imzalanacaq?
Azərbaycanla Ermənistan arasında 29 ildən bəri davam edən "nə hərb, nə sülh" vəziyyətininin aradan qaldırılması, dövlətlərarası münasibətlərin qurulmasına başlanması, şərti dövlət sərhədinin müəyyənləşməsi, əlaqələrin və kommunikasiyaların bərpası, yeni marşrutların açılması - sadalanan proseslərin hamısı yekun sülh sazişindən asılıdır.
Kənar dövlətlərin, xüsusilə də Fransanın yeni təxribatları və İrəvana ciddi destruktiv təzyiqləri olmazsa, sənədin yaxın vaxtlarda imzalanacağı əsla istisna deyil.
Sülh sazişinin imzalanması prosesindəki maneələrin tam əksəriyyəti aradan qaldırılıb, problemlər həllini tapıb.
İndi hər şey Ermənistanın hakimiyyət dairələrinin siyasi iradəsindən asılıdır.
Ermənistanın baş naziri Nikol Paşinyan əvvəlki ritorikasını dəyişməyib. O, sülh sazişin beynəlxalq təminat olmadan imzalanmasını effektiv qərar saymır. Paşinyan hesab edir ki, Bakı ilə imzalayacağı sənədə mütləq şəkildə ABŞ, yaxud Fransa və ya Avropa İttifaqı təminat verməlidir.
Halbuki belə təminata zərurət duyulmur. Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi faktiki olaraq çərçivə sənədidir və tərəflərin bundan sonrakı münasibətləri beynəlxalq hüquq çərçivəsində qurmalarına hazır olduqlarını təsdiqləyir. Beynəlxalq hüququn təməl prinsipləri və baza normaları əsasında münasibətlərin qurulacağının vurğulandığı sənədə ABŞ, Avropa Birliyi, Fransa və ya Rusiya tərəfindən təminat verilməsinə ehtiyac yoxdur.
Bakı və İrəvan sazişi imzalayandan, iki ölkənin parlamentində müvafiq ratifikasiya prosedurları başa çatandan sonra sənəd BMT-də qeydə alınaraq təsdiqlənir.
Azərbaycanla Ermənistan arasında sülh sazişini XİN başçıları da imzalaya bilərlər.
Rəsmi Bakı sazişin bilavasitə İrəvanla ikitərəfli müzakirələr və danışıqlar nəticəsində razılaşdırılmasını, sonra da Tbilisidə imzalanmasını ən effektiv variant sayır.
Gürcüstanın bölgənin geosiyasi müstəvisində güclənməsində maraqlı olmayan Ermənistanın siyasi elitaları eyni zamanda Avropa İttifaqından və Fransadan verilən diplomatik kurs göstərişlərini pozmağa cürət etmədiyindən, çox yəqin ki, Tbilisi variantını qəbul etməyərək sənədin Brüsseldə imzalanmasını təkid edəcək.
Rusiya bu variantlarının ikisini də məqbul hesab etmir. Təsadüfi deyil ki, ötən ilin sonlarında əvvəlcə Rusiyanın XİN başçısı Sergey Lavrov, daha sonra da ölkə prezidenti Vladimir Putin 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatı xatırladaraq, məhz bu sənədin 2-ci Qarabağ Müharibəsinin dayanmasına səbəb olduğunu demişdilər.
Rusiya bu minvalla İrəvanın diqqətinə çatdırmışdı ki, sülh sazişinin məhz Moskvada imzalanmasında təkidlidir. Rəsmi Moskva Ukryanada apardığı hərbi əməliyyatlar nəticəsində məruz qaldığı çox ciddi siyasi nüfuz və geosiyasi itkilər fonunda Cənubi Qafqazdakı ən ağır münaqişəni sona çatdıran sənədin imzalandığı məkan statusuna, sülhməramlı diplomatiya yürüdən ölkə imicinə yiyələnmək fikrindədir.
Eyni zamanda, Rusiya sözügedən sənədin imzalanması prosesi ilə bağlı Türkiyə və İranla da məsləhətləşmələr apararaq Moskva variantını regional platforma qismində təqdim etmək istəyir.
Moskvanın ermənilərə "təklif"i İrəvan üçün çətin qəbulediləndir, çünki havadarları Ermənistandan sənədin məhz Qərb ölkələrindən birində imzalanmasını istəyirlər.
Mümkün variantlar kimi Vaşinqton və Brüssel göstərilir.
İranın son vaxtlar aktivləşməsi, Cənubi Qafqazdakı proseslərə təsir etmək cəhdləri aşkardır: Bakı və İrəvan arasında imzalanacaq sülh sazişinin yekun variantının təsdiqlənəcəyi məkan qismində Tehran təklif olunur.
Bakı üçün bu variant arzuolunan seçim deyil, çünki İranın sülhməramlı missiyayanı gerçəkləşdirmək və vasitəçilik edərək danışıqlara ev sahibliyi etməklə bağlı uğursuz təcrübəsi var.
1992-ci ilin mayın 8-də Azərbaycan və Ermənistanın o dönəmdəki rəhbərləri Tehranda danışıqlar aparanda Şuşa işğal edilmişdi.
Azərbaycanın Tehrandakı səfirliyinin qanlı terror hücumuna məruz qalması ilə bağlı istintaqın başa çatmamasını, İrandakı səfirliyimizin fəaliyyətini hələ də bərpa etmədiyini xatırlasaq, İranın təklifi ölkəmiz üçün münasib deyil.
Ermənistanın Türkiyə ilə də sərhədlərin açılması, nəqliyyat kommunikasiyalarının, diplomatik münasibətlərin bərpası və s. ilə bağlı anlaşma imzalamağa hazırlaşdığını da unutmayaq. Belədə, Bakı və İrəvan arasındakı sülh sazişinin imzalanacağı potensial məkanlar sırasına İstanbul, yaxud Ankara da əlavə olunur.
Rusiya prezidenti Vladimir Putinin bu il Türkiyəyə rəsmi səfər edəcəyini də nəzərə alsaq, İstanbul variantının reallığı artır.
Amma Avropa İttifaqının İstanbul variantını məqbul saymayacağı, Fransanın isə qətiyyətlə və ən sərt şəkildə etiraz edərək Ermənistana təzyiq göstərəcəyi aydındır.
Ermənistan suveren dövlət olmadığından, müstəqil diplomatik kurs yürütmədiyindən Paşinyan hakimiyyəti onu dəstəkləyən, maliyyələşdirən və ordusunu sürətlə silahlandıran hamisinin, habelə ermənilərin revanişmizini körükləyən dövlətlərin tələblərini mütləq şəkildə nəzərə almaq məcburiyyətindədir.
Bununla belə, Paşinyan anlayır ki, hamilərin tələblərinin tam yerinə yetirilməsi Ermənistanı yeni müharibəyə sürükləyərək erməni dövlətçiliyinə son qoya bilər.
Xankəndidəki keçmiş separatçı rejimin Ermənistana qaçmış başçısı Samvel Şahramanyana rəsmi İrəvanın sərt mesajlar verməsi də bununla əlaqədardır.
Məhz kənar qüvvələrin diktəsi və ssenarisi ilə hərəkət edən Şahramanyan bu ilin yanvarın 1-də Qarabağda separatçı xuntanın bütün strukturlarının buraxılması ilə bağlı imzaladığı bəyanatı hüquqi qüvvəyə və legitimliyə malik olmayan sənəd elan etməyə hazırlaşırdı.
Amma Nikol Paşiyan və onun komandası dərk edirlər ki, Azərbaycandan Ermənistana könüllü köç etmiş qarabağlı ermənilərin qonşu ölkədə separatçı strukturlarının, xüsusilə də “sürgündəki hökumət və parlament” adlı marionet qurumların fəaliyyəti Azərbaycanın ərazi bütövlüyünə, sərhəd toxunulmazlığına və suverenliyinə birbaşa təhdid sayılacaq.
Elə olardısa, rəsmi Bakı beynəlxalq hüququn baza prinsipləri çərçivəsində gərəkli, adekvat addımlar atmaq məcburiyyətində qalacaqdı.
Həmin addımların isə yalnız siyasi bəyanatlardan ibarət olacağını ermənilər düşünmürlər.
Rəsmi Bakı səbirlidir, amma səbri tükənəndə ölkə ilə vətəndaşlara olan təhdidlərin qarşısını necə alır - ermənilər bunu unutmayıblar.
İrəvan indi seçim qarşısındadır.
Yanlış seçimin nəticəsi isə heç də yaxşı olmaya bilər.