"Son dövrlər Azərbaycan-İran münasibətlərində bəlli bir gərginlik var" - XİN RƏHBƏRİ
YENİLƏNİB

“Son dövrlər Azərbaycan-İran münasibətlərində bəlli bir gərginlik var. Mən vəziyyəti çox dramatikləşdirmək istəməzdim".


Bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.


"İqtisadi sahədə əldə olunmuş razılaşmalar icra olunur. Azərbaycan-İran münasibətləri mövcud durumda daha yaxşı ola bilərdimi? Ola bilərdi. Azərbaycan heç bir halda bu münasibətlərin gərginləşməsinin tərəfdarı olmayıb. İranlı həmkarımla da çoxsaylı danışıqlarımız olub, o da münasibətlərin inkişafının tərəfdarı olduğunu bildirib. Azərbaycanın mövqeyi belədir ki, qarşılıqlı hörmət, bir-birinin işlərinə qarışmamaq çərçivəsində münasibətlər inkişaf etməlidir”.

**17:35

“Ermənistanla delimitasiya prosesində 8 Azərbaycan kəndi qaytarılmalıdır. Bu kəndlərdə azərbaycanlılar yaşayıb və həmin kəndlərin qaytarılması həyata keçirilməlidir”.


Bunu bu gün 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib.


O, delimitasiya ilə bağlı danışıqların Ermənistanla müzakirələrdə mühüm istiqamət olduğunu deyib: “30 ildir, bu ölkələr arasında sərhədlər müəyyənləşməyib, çünki bu illər ərzində Azərbaycan torpaqları Ermənistanın işğalı altında olub. 44 günlük müharibə nəticəsində Azərbaycan ərazi bütövlüyünü, öz sərhədlərinə nəzarəti bərpa edib”.


Nazir bütün hüquqi sənədlərin mütəxəssislər tərəfindən araşdırılaraq delimitasiya prosesinin davam etməli olduğunu deyib.


O, Ermənistana delimitasiya olunmamış sərhədlərdə təxribatlardan çəkinməyə çağırış olunduğunu deyib. Nazir bu ilin sentyabrında sərhəddə baş verən təxribatları xatırladıb.

**17:18

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olan ziddiyyətli məqamları açıqlayıb.


APA xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib ki, danışıqlarda bəzi narahatedici məqamlar var.


“Biz tərəfdən 3 element var. Birinci element belədir ki, hansısa layihə təqdim olunanda birdən-birə öz istək və arzularınızı ora daxil etməli deyilsiniz. Bu layihə real və beynəlxalq hüquqa əsaslanmalıdır. Bunu irəli aparmaq üçün qəbul ediləcək bir zəmin olmalıdır. Azərbaycan məhz bundan irəli gələrək 5 baza prinsipini təqdim etdi. Qısa zamanda Ermənistan 5 baza prinsipində onlar üçün qəbuledilməz heç bir prinsipin olmadığını etiraf etdi. Bunun da səbəbi vardı. Çünki faktiki olaraq ona “yox” demək çox çətindir. 5 baza prinsipi çox ədalətli idi. Bu 5 prinsipdən sonra görüşlər oldu. Baxmayaraq ki, həmin görüşlər nəticəsində hansısa yeni sənədlər qəbul edilmədi, ancaq 5 baza prinsipini daha da inkişaf etdirən razılaşmalar əldə edilmişdi. Bunlar Ermənistan tərəfindən məqbul sayılmışdı. Ermənistan tərəfi bunu öz cəmiyyətinə də açıqlamışdı. Ermənistan tərəfdən danışıqlar prosesində biz bəzi şərhlərə baxanda öncə əldə olunmuş razılaşmalardan geriyə addımları görürük. Hesab edirik ki, bu çox ziyanlı tendensiyadır”, Ceyhun Bayramov qeyd edib.


Nazir əlavə edib ki, əldə edilmiş razılaşmalardan geriyə çəkilmə danışıqlar prosesinə mənfi təsir göstərir: “Həm də bunun vaxt baxımından uzanmasına səbəb olacaq. İkinci, bizim üçün qəbuledilməz məqamları Vaşinqton görüşündən sonra gördük. Azərbaycan tərəfinin məntiqi belə idi ki, Azərbaycan və Ermənistan arasında son 30 il ərzində heç bir münasibət olmayıb. Ona görə biz hansısa 1-ci addımı atmaq istəyiriksə, sənədin baza prinsipləri, mahiyyəti və fəlsəfəsi çox sadə olmalıdır. Bununla ola bilsin ki, 100 % hansısa məsələləri həll etmək olmasa belə, hansısa müsbət və önəmli addıma nail olmaq olar. Ona görə Azərbaycan tərəfinin təqdim etdiyi layihə çox sadə, yığcam idi”.


Nazir Ermənistan tərəfinin təqdim etdiyi layihənin bu sənədin mahiyyətini dəyişdirməyə cəhd olduğunu deyib.


“Məqsəd sadə sənədi çərçivə müqaviləsinə çevirmək və digər razılaşmaları çərçivə sənədinin tərkib hissəsi kimi qəbul etdirməkdən ibarətdir. Bundan irəli gəliriksə, onda Azərbaycan tərəfi də bir sıra məqamları qaldıra bilər. Bizim Ermənistan tərəfinə bir çox iddialarımız, tələblərimiz var. Biz hər şeydən razı deyilik və Ermənistana qarşı tələblərdən əl çəkmirik, o tələblərin hamsını edirik”.


Ceyhun Bayramov Azərbaycanın sülh müqaviləsi üçün ilkin şərt qoymadığını diqqətə çatdırıb.


“Biz sülh müqaviləsinin qəbulu üçün axırıncı erməni qanunsuz silahlı birləşmə üzvünün Qarabağdan çıxarılması tələbini qoysaq, bu əlavə şərtdir. Biz nəqliyyat kommunikasiyalarının açılmasını şərt kimi qoysaq, əlavə şərtdir. Biz nəyi əldə edə biliriksə, onu əldə etməyə çalışırdıq”, nazir vurğulayıb.


XİN başçısı danışıqlar prosesinin Ermənistan tərəfindən ictimai məkana sızdırıldığını bildirib.


“Prosesə çox mənfi təsir edən məqam yalnız sülh müqaviləsi ilə bağlı deyil. Ermənistan danışıqlar prosesində müzakirə predmeti olan məqamlarla bağlı ictimai məkana informasiyalar sızdırır. Bu sosial şəbəkələr vasitəsilə edilir. Birincisi, bunu sızdırmaq danışıqlar prosesində çox ziyanlıdır. İkincisi isə bu, qarşı tərəfin mövqeyini əks etdirmir. Bizdən fərqli olaraq, vasitəçilər Ermənistanı bu məsələdə açıq-aşkar günahlandırmır. Biz bunun çox zərərli olduğunu bildirmişik. Vasitəçilər də bunu görür”, nazir deyib.

**17:00

Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan İranla artıq Araz çayı üzərində körpü tikintisinə başlayıb.


Senzor.az xəbər verir ki, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.


Onun sözlərinə görə, Azərbaycanın Zəngilandan Naxçıvana alternativ yolu olacaq.


"Azərbaycan çox müstəqil siyasət həyata keçirən bir dövlətdir. Milli maraqlarımızı istənilən halda irəliyə aparacağıq, - deyə nazir vurğulayıb.


**16:46


“Qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması ilə bağlı mövqeyimiz konkretdir”.


Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.


O bildirib ki, bu məsələ üçtərəfli bəyanat da əksini tapıb: “Üçtərəfli bəyanatda erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması qeyd olunub. Rusiyanın əsas mövqeyi ondna ibarətdir ki, bu, Ermənistanın öhdəliyidir. Rusiya arqument kimi Ermənistanın da üçtərəfli sənədə imza atmasını göstərir".


C.Bayramov söyləyib ki, Qarabağda gərginliyə səbəb olan əsas amil qanunsuz erməni silahlı birləşmələrin fəaliyyətidir: "Azərbaycan üçün bu, qəbuledilməzdir. Danışıqlar zamanı biz bu məsələləri davamlı şəkildə müzakirə edirik".

**16:31

“Rusiya xarici işlər naziri Sergey Lavrovla görüş zamanı Laçın yolundakı vəziyyətlə bağlı həmkarıma Azərbaycan tərəfinin mövqeyini çatdırdım”.


Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.


O bildirib ki, Azərbaycanın dövlət qurumları nümayəndələrinin Qarabağ iqtisadi rayonunda yerləşən faydalı qazıntı yataqlarında monitorinq aparmasının qarşısı alınıb: "Bunu orada yaşayan əhali edib. Biz başa düşürük ki, bu, provokasiyadır. Monitorinq aparılması sahəsində iş əslində xeyli əvvəl başlamışdı. Son vaxtlar isə daha da intensivləşmişdi. Bu səylər nəticə vermədiyinə görə azərbaycanlı ekofəallar aksiyaya başladı. Bu, onların hüquqlarıdır və hüquqlarından istifadə edirlər".


Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 16 gündür davam edir.


Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.


2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

**15:59

2023-cü ilin əvvəlində Azərbaycan tərəfindən Ermənistana qarşı ətraf mühitə, canlı təbiətə vurulan ziyana, təbii yataqlarımızın istismarına dair yeni iddialar irəli sürüləcək.


Məlumata görə, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

**15:38

Şuşa Bəyannaməsindən irəli gələn bütün sahələrdə Türkiyə ilə qarşılıqlı işlər aparılıb, yeni sənədlər hazırlanıb.


APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.


Nazir bildirib ki, bu il ərzində Azərbaycan Prezidenti Türkiyəyə 3 səfər edib, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan isə Azərbaycana 2 səfər edib. Eyni zamanda, beynəlxalq platformalarda da ikitərəfli görüşlər keçirilib.


“Azərbaycan-Rusiya əməkdaşlığı 2022-ci ildə uğurla davam edib. Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya 1 rəsmi və bir neçə işgüzar səfər edib. Sahəvi nazirliklər arasında geniş əməkdaşlıq davam edib”, - XİN rəhbəri vurğulayıb.


Nazir qeyd edib ki, Gürcüstanla dostluq və əməkdaşlıq gündəliyi kifayət qədər geniş olmaqla sabit inkişaf edib: “İki ölkə arasında çox intensiv dialoq var”.


Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycanın İranla əməkdaşlığının qarşılıqlı inkişafı üçün səylər davam etdirilib: “2022-ci il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafı üçün çox zəngin olub. İl ərzində müvafiq olaraq 5 Mərkəzi Asiya ölkəsinin hər biri ilə hökumətlərarası komissiyalarının iclasları keçirilib. İl ərzində Avropa ölkələri, Amerika və Çinlə münasibətlərimiz çox aktual olub və kifayət qədər dialoqumuz davam edib”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.