Azərbaycanın ərazi bütövlüyünün və beynəlxalq hüququn təmin edilməsi ilə bölgədə yaranan yeni reallıqlar çərçivəsində maraqlarımızın irəlilədilməsi prioritet təşkil edib.
Senzor.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin 2022-ci ilin yekunlarına dair mətbuat buraxılışında bildirilib.
Qeyd edilib ki, Vətən müharibəsi və Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı ilə Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması nəticəsində Ermənistan və Azərbaycan arasında suverenlik, ərazi bütövlüyü və dövlət sərhədlərinin qarşılıqlı tanınması və hörmət edilməsi əsasında münasibətlərin qurulması 2022-ci ildə xarici siyasətin əsas istiqamətlərindən biri olub.
İl ərzində davamlı, ardıcıl və məqsədyönlü addımlar nəticəsində Azərbaycan tərəfindən təşviq edilən sülh gündəliyi beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib, bu dövr ərzində beynəlxalq tərəfdaşların vasitəçiliyi və təşkilatçılığı ilə təmaslar məhz Azərbaycanın təşviq etdiyi gündəlik əsasında Ermənistanla birbaşa ikitərəfli danışıqlar formatında irəlilədilib.
Normallaşma gündəliyi Ermənistan və Azərbaycan arasında ikitərəfli münasibətlərin əsaslarını müəyyən edəcək sülh müqaviləsinin hazırlanması, dövlət sərhədinin delimitasiyası və iki dövlət arasında nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası kimi üç əsas istiqamətdə qurulub.
Bu çərçivədə, əsas inkişaflar qismində Azərbaycanın 2021-ci ildə sülh sazişi imzalanması təklifinə uyğun olaraq, sülh sazişi üzrə baza prinsiplərinin cari ilin fevral ayında Azərbaycan tərəfindən hazırlanıb Ermənistana təqdim edilməsini, 2 oktyabr 2022-ci il tarixində Cenevrədə Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin iki ölkə arasında gələcək münasibətlərin əsasını təşkil edəcək sülh müqaviləsinin mətni üzrə praktiki danışıqların başlanmasını, eləcə də sərhədin delimitasiyası üzrə hər iki tərəfdən müvafiq komissiyaların təsis edilməsi və bu komissiyaların ikitərəfli əsasda görüşlərinin keçirilməsini qeyd etmək olar.
Azərbaycan və Ermənistan liderləri arasında Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Ş.Mişelin iştirakı ilə 2022-ci ilin 6 aprel, 22 may və 31 avqust tarixlərində Brüsseldə, Ş.Mişel və Fransa prezidenti E.Makronun iştirakı ilə 2022-ci ilin 4 fevral tarixində virtual, 6 oktyabr tarixində Praqada, 31 oktyabr tarixində Rusiya liderinin iştirakı ilə Soçidə – ümumilikdə 7 görüş keçirilib.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli formatda 2022-ci ilin 16 iyul tarixində Tbilisidə, 2 oktyabr tarixində Cenevrədə, 7 noyabr tarixində Vaşinqtonda - ümumilikdə 3 görüş keçilib. Bundan başqa, 2022-ci ilin 11 və 23 aprel tarixlərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında iki dəfə birbaşa, bir dəfə - 4 oktyabr 2022-ci tarixində ABŞ dövlət katibinin iştirakı ilə telefon danışığı baş tutub. Eyni zamanda, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında 12 may tarixində Düşənbədə, 14 oktyabr tarixində Astanada Rusiyanın xarici işlər nazirinin, 19 sentyabr tarixində Nyu-Yorkda və 7 noyabr tarixində Vaşinqtonda ABŞ dövlət katibinin təşkilatçılığı və iştirakı ilə görüşlər keçirilib.
31 avqustda Liderlər arasında Brüssel görüşünün nəticəsində qəbul edilmiş bəyanatda sülh sazişinin gündəliyinin irəlilədilməsi istiqamətində Sazişin mətninin hazırlanması, sərhədin delimitasiyası üzrə məsələlərdə irəliyə doğru addımların atılması barədə razılığa gəlinib. Bu razılığa uyğun olaraq, 2 oktyabr tarixində Azərbaycan sülh sazişinin elementlərini qarşı tərəfə təqdim edib və bu istiqamətdə danışıqlar üzrə 2 görüş (Cenevrə və Vaşinqtonda) keçirilib. Sayca üçüncü olan 23 dekabr Moskva görüşü Ermənistan tərəfinin iştirak etməməsi səbəbindən təxirə salınıb.
İl ərzində aparılmış müzakirələr nəticəsində Ermənistan-Azərbaycan sərhəd xəttinin delimitasiya və demarkasiya prosesi üzrə hər iki tərəfdən dövlət komissiyaları təsis olunmuş, 2022-ci ilin 24 may, 30 avqust və 3 noyabr tarixlərində müvafiq olaraq iki ölkənin şərti dövlət sərhədində, Moskvada və Brüsseldə üç dəfə görüşləri keçirilib.
2022-ci ilin 3 iyun və 6 dekabr tarixlərində regional kommunikasiyaların açılması üzrə Üçtərəfli İşçi Qrupunun Moskvada 10 və 11-ci görüşləri baş tutub. Xüsusi əhəmiyyət kəsb edən məsələ, Azərbaycan və Ermənistan liderlərinin müvafiq olaraq 6 oktyabrda Praqada və 31 oktyabrda Soçidə baş tutmuş görüşlərində hər iki ölkənin birbirinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı tanıması və iki ölkə arasında bütün mübahisəli məsələlərin məhz bu əsasda həllinə dair öhdəliyin təsdiq edilməsi olub. Bu, Azərbaycan tərəfindən irəli sürülən baza prinsiplərində də əks olunduğu kimi, iki ölkə arasında münasibətlərin normallaşmasının əsasını təşkil edir və Ermənistan tərəfindən bu öhdəliyin qəbul edilməsi il ərzində post-münaqişə gündəliyinin irəlilədilməsi baxımından vacib inkişafdır.
Üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərə uyğun olaraq, Azərbaycan tərəfi yeni Laçın yolunun çəkilişini vaxtından əvvəl yekunlaşdırıb, Laçın şəhəri, Zabux və Sus kəndlərindən qeyri-qanuni məskunlaşmış ermənilər çıxarılıb və bu ərazilər Azərbaycana geri qaytarılıb. Bununla yanaşı, il ərzində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin qarşısının alınması istiqamətində tədbirlər görülüb. Azərbaycan hökuməti dialoq yolu ilə ərazidə faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarının, o cümlədən ağır ekoloji nəticələrin aradan qaldırılması üçün bir sıra addımlar atıb.
3 və 7 dekabr tarixlərində Azərbaycanın müvafiq qurumları ilə Rusiya sülhməramlı kontingentinin komandanlığı arasında Qızılbulaq və Dəmirli yataqlarının qeyri-qanuni istismarının ekoloji nəticələrinin monitorinqi və qiymətləndirilməsi üçün azərbaycanlı mütəxəssislərin yerində baxış keçirməsi şərtlərinin müəyyən edilməsi məqsədilə görüşlər keçirilib. Əldə olunmuş razılaşmanın ardınca, azərbaycanlı mütəxəssislərdən ibarət heyətin sülhməramlılar tərəfindən təşkil olunmuş səfərinə bir qrup şəxsin əvvəlcədən planlaşdırılmış və təşkil olunmuş addımları nəticəsində maneçilik törədilib. Bu, Azərbaycan ictimaiyyətinin haqlı etirazına səbəb olub, bir qrup vətəndaş cəmiyyəti nümayəndələri etiraz əlaməti olaraq Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı, bu sərvətlərin Azərbaycandan Ermənistana daşınması və yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarının qarşısının alınması tələbi ilə Laçın yolunda dinc nümayişə başlayıblar. Bu istiqamətdə Azərbaycana qarşı göstərilən əsassız və qərəzli iddiaların qarşısının alınması istiqamətində diplomatik səylər davam etdirilib.
Regionda nəqliyyat kommunikasiyalarının bərpası, bu kontekstdə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişin təmin edilməsi istiqamətində fəaliyyət müvafiq işçi qrupu çərçivəsində davam etdirilsə də, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi səbəbindən bu sahədə ciddi irəliləyiş əldə edilməsi mümkün olmayıb.
Ümumiyyətlə isə, il ərzində Ermənistan-Azərbaycan arasında post-münaqişə dövründə normallaşma istiqamətində ikitərəfli təmaslarda qismən dinamika olmasına baxmayaraq, normallaşmanın hər üç istiqamətində əldə edilmiş tərəqqi gözləntilərə cavab verməyib. Bunun əsas səbəbini Ermənistanın münasibətlərin normallaşması istiqamətində real addımlar atmaq üçün zəruri siyasi iradə göstərməməsi, ziddiyyətli və qeyri-ardıcıl mövqeyi, əldə edilmiş razılaşma və üzərinə götürmüş öhdəliklərin icrasından davamlı olaraq boyun qaçırmaq səyləri, xüsusilə normallaşma səylərinə zərbə vurmaq məqsədilə siyasi və hərbi təxribatlara əl atması təşkil edir. Bununla yanaşı, sülh müqaviləsinin mətni üzrə təkliflərdə prosesi uzatmaq meylləri mövcuddur.