COP29 (BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası) Azərbaycanda dayanıqlı maliyyə ekosisteminin formalaşdırılmasına və xarici investorlar tərəfindən "yaşıl maliyyələşmə"nin cəlb edilməsinə müsbət təsir göstərəcək.
Senzor.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bildirib.
Mərkəzi Bank hazırladığı Dayanıqlı Maliyyə Hesabatında 2024-cü ildə iqlim dəyişmələri və ekoloji, sosial va korporativ idarəetmə (ESG) riskləri ilə bağlı hədəflərini açıqlayıb.
Bu il AMB bu sektorda aşağıdakı istiqamətlərdə tədbirlər həyata keçirəcək:
- Dayanıqlı maliyyə sahəsində potensialın formalaşdırılması;
- Dayanıqlı maliyyə axınları üçün ekosistemin formalaşdırılması;
- İqlim dəyişmələri və ESİ faktorlarının risklərin idarə edilməsinə inteqrasiyası;
- Maliyyə bazarlarında şəffaflığın və bazar intizamının təmin edilməsi.
“Risklərinin idarə edilməsi potensialının artırılması və dayanıqlı maliyyə axınları üçün əlverişli ekosistemin formalaşdırılması məqsədilə çoxşaxəli və əhatəli tədbirlərin görülməsi davam etdiriləcəkdir. Bu tədbirlər beynəlxalq təcrübə və yerli maliyyə bazarları şərtləri nəzərə alınmaqla həyata keçiriləcək”, - AMB bəyan edib.
“Bu hesabat həmçinin Mərkəzi Bankın dayanıqlı maliyyə üzrə görülmüş işlərə dair maliyyə sektoru, cəmiyyət və bütün aidiyyəti tərəflər qarşısında şəffaflığın təmin edilməsi məqsədini daşıyır. Mərkəzi Bank dayanıqlı maliyyə istiqamətində gördüyü işləri müvafiq aidiyyəti tərəflərlə taksonomiyanın hazırlanması, maliyyə sektorunda iqlim dəyişmələri və ekoloji risklərinin qiymətləndirilməsi, dayanıqlı maliyyə axınları üçün adekvat ekosistemin formalaşdırılması və dayanıqlılıq üzrə məlumatların açıqlanmasının dəstəklənməsi üzrə möhkəmləndirməyi hədəfləyir”, - T. Kazımov bildirib.