
İranla İsrail arasında iyun ayında baş vermiş 12 günlük müharibədən sonra İranın yüksək səviyyədə zənginləşdirdiyi uranın taleyi və harada olması barədə sual əsas müzakirə mövzularından biridir.
"Azad İran" "YouTube" kanalı xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin "Financial Times" qəzetinə verdiyi müsahibə həmin mövzunu yenidən gündəmə gətirib.
Qrossi müsahibəsində bildirib ki, İsraillə 12 günlük müharibənin bitməsindən sonra İran hələ də agentlik müfəttişlərinin ABŞ-ın hava zərbələri zamanı ciddi şəkildə zədələnmiş Nətənz, Fordo və İsfahan da daxil olmaqla, vacib nüvə obyektlərinə daxil olmasına icazə verməyib.
O vurğulayıb ki, İranın zənginləşdirilmiş uran ehtiyatlarının böyük bir hissəsi İsraillə 12 günlük müharibədən sonra toxunulmaz qalıb və hələ də zədələnmiş mərkəzlərdə yerləşir.
"Zərər əhəmiyyətli olub, amma bizim qiymətləndirməmizə görə, 60 faiz zənginləşdirilmiş uranın çoxu və ya hamısı, eləcə də 20 faiz, 5 faiz və 2 faiz zənginləşdirilmiş uranın bir hissəsi hələ də oradadır", - deyə baş direktor əlavə edib.
Əsas sual da Qrossinin tam və ya qismən ABŞ zərbələrinə məruz qalmış obyektlərdə olduğunu söylədiyi 400 kiloqramdan çox 60 faiz zənginləşdirilmiş uranla bağlıdır. Çünki agentlik rəhbərinin də vurğuladığı kimi, həmin uranın nüvə silahı hazırlamaq üçün lazım olan səviyyəyə çox yaxın olması narahatlıq doğurur. Qərb mənbələri iyundakı hücumlardan əvvəl İranın təxminən 9.8 ton müxtəlif səviyyələrdə zənginləşdirilmiş urana malik olduğunu bildiriblər. Beynəlxalq Atom Enerjisi Agentliyinin məxfi hesabatına görə, bu rəqəm 60 faiz zənginləşdirilmiş 400 kiloqramdan artıq uranı da ehtiva edib.
İndi Qrossi deyir ki, hücumlar obyektlərə ciddi ziyan vursa da, silah səviyyəsinə yaxın zənginləşdirilmiş 408 kiloqram uranın taleyi qeyri-müəyyən olaraq qalır ki, bu da yoxlamaların bərpa edilməsinə kəskin ehtiyac yaradır.
Qeyd edək ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı dayandırdıqdan sonra bu qurum nüvə obyektlərini yalnız peyk görüntüləri vasitəsilə müşahidə edə bilir. Bu mənada 60 faiz zənginləşdirilmiş uranın aviazərbələrdən zərər çəkmiş obyektlərdə olub-olmadığını dəqiqliklə söyləmək mümkün deyil.
Daha ətraflı süjetdə: