
Cənubi Koreyanın Busan şəhərində ABŞ Prezidenti Donald Tramp və Çinin Sədri Si Cinpin arasında görüş olub.
Senzor.az bildirir ki, Ağ Evin mətbuat xidməti Pusan şəhərindəki Gimhe aviabazasında keçirilən sammitin açılışını yayımlayıb.
ABŞ lideri Vaşinqton və Pekin arasında uzunmüddətli perspektivdə fantastik münasibətlərin olacağına inandığını bildirib: "Bu gün çoxdankı dostum, Çinin hörmətli Prezidenti ilə görüşmək mənim üçün şərəfdir. Danışıqlar aparacağıq. İnanıram ki, biz artıq bir çox məsələlərdə razılığa gəlmişik və indi daha bir çox məsələlərdə razılığa gələcəyik. Prezident Si Cinpin böyük bir ölkənin böyük lideridir. İnanıram ki, bizim uzun müddət fantastik münasibətlərimiz olacaq", - Tramp deyib.
Si Cinpin də öz növbəsində Çin və ABŞ-ın əsas məsələlərin həllində konsensus əldə etdiyini vurğulayıb.
"İki ticarət-iqtisadi qrupumuz bizi narahat edən əsas məsələlərin həlli ilə bağlı əsas konsensusa nail olub və ümidverici irəliləyiş əldə ediblər", - Çin lideri bildirib.
O, Çin-ABŞ münasibətlərində inkişaf sürətinin saxlanmasının vacibliyini vurğulayıb.
"Fırtınalar və çağırışlarla üzləşən siz və mən sükançılar olaraq istiqaməti təyin etməli və Çin-ABŞ münasibətlərinin gəmisinin sabit hərəkətini təmin edərək ümumi vəziyyəti idarə etməliyik", - deyən Si Cinpin iki ölkə arasındakı fikir ayrılıqlarını normal adlandırıb.
Çin lideri Trampın Yaxın Şərqdə sülhə nail olmaq üçün göstərdiyi səyləri də vurğulayıb: "Mən sizin Qəzzada son atəşkəs razılaşmasına verdiyiniz böyük töhfəni yüksək qiymətləndirirəm".
Qeydedək ki, Donald Tramp və Si Cinpin arasında bu görüş 1 saat 40 dəqiqə davam edib.
Onu da xatırladaq ki, bundan əvvəl Tramp və Si Cinpin 2019-cu ildə Osakada keçirilən G20 sammiti çərçivəsində görüşmüşdülər.