Son günlər Cənubi Qafqazdakı proseslər sürətlənib. Geosiyasi olaylarla geoiqtisadi məcradakı hadisələr bir-birilə yarışa giribmiş kimi cərəyan edir. Regiondan çox kənarda olan dövlətlər, təşkilatlar və siyasətçilərsə merkantil maraqlarını təmin etmək üçün malik olduqları bütün vasitələrdən faydalanmağa çalışırlar.
Hadisələrin dinamikasında da dəyişikliklər var. İkinci Qarabağ Müharibəsi başa çatan gündən ötən ilin sonlarınadək ABŞ, Fransa və Avropa İttifaqı (Aİ) bölgədəki təsir imkanlarını maksimuma çatdırmağın yollarını arayır, çeşidli ssenarilər hazırlayırdılar. Azərbaycan və Türkiyənin monolit əməkdaşlığını, çox sıx müttəfiqlik əlaqələrini öz maraqlarına təhlükə sayan dövlətlərlə təşkilatlar tədricən aktivləşirdilər. Təbii ki, bilavasitə region dövlətləri olan Rusiya və İran kollektiv Qərbin planlarını təxminlədiklərindən Cənubi Qafqazdakı mövqelərinin zəifləməsinin qarşısını almağa çalışıblar və bu proses indi də davam edir.
Azərbaycan, Gürcüstan və Ermənistanda isə hadisələr tamamən fərqli məcralardadır.
Cənubi Qafqazdakı vəziyyətə ötəri də olsa, nəzər salaq.
1. Azərbaycanın yürütdüyü xarici siyasət mövqelərin qorunması ilə yanaşı, təsir rıçaqlarının genişləndirilməsinə və beynəlxalq hüququn normativ əsasları çərçivəsində məqsədə çatmaq strategiyasına əsaslanır. Qarabağlı ermənilərin separatizmi və Ermənistanın işğalı ilə bağlı onillərdən bəri davam edən problemləri həll edərək tarixin arxivinə yollayan rəsmi Bakı 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya Federasiyası və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən Qarabağ ərazisinə Rusiya Sülhməramlı Kontingenti (RSK) yeridilmişdi.
RSK-nın statusu Azərbaycan parlamenti tərəfindən təsdiqlənməmiş və ratifikasiya olunmamışdı: məhz bu səbəbdən Bakı rusiyalı hərbçilərin fəaliyyət müddətlərinin başa çatacağı 2025-ci ildən tez ölkədəqn çıxara biləcəyinə əmin idi.
Rəsmi Moskva və İrəvan isə tam əksinə, rusiyalı sülhməramlıların Azərbaycan ərazisində mümkn qədər çox qalmaları üçün səlahiyyət müddəti ilə bağlı anlaşmanın vaxtının uzadılmasına (prolonqasiyasına) ümid edirdilər.
Amma bölgədə hadisələrin Moskvanın planlaşdırdığı məcradan çıxması, Ermənistanın Qərbə inteqrasiya strategiyasını pərdələməməsi situasiyanı dəyişdi. Rusiya Cənubi Qafqazdakı effektiv təsir imkanlarını bütünlüklə itirməmək üçün RSK-nı Azərbaycan ərazisindən tələsik çıxarmağa, bununla da Bakı-İrəvan istiqamətindəki birbaşa danışıqlara Qərbin müdaxiləsini minimuma endirməyə can atdı.
RSK-nı çıxarmaqla Rusiya birmənalı olaraq Qərbə "biz proseslərə müdaxilə etmirik, sizin də müdaxilənizə imkan verməyəcəyik" ismarıcını açıq şəkildə yolladı.
Formalaşan yeni vəziyyətdən Azərbaycan məharətlə, özü də maksimum səviyyədə istifadə etməkdədir. Ermənistanla hər hansı beynəlxalq vasitəçilik mexanizmi olmadan danışıqlar aparan, birbaşa təmaslar quran rəsmi Bakı bu minvalla sülh sazişinin imzalanması, şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası, nəqliyyat kommunikasiyalarının bərpası və yeni loqistika marşrutlarının istifadəyə verilməsi, habelə digər zəruri məsələlərlə bağlı Ermənistanla konkret müzakirələr aparır.
Müzakirələr və danışıqların konstruktiv məcrada olması Bakının mövqelərini daha da gücləndirməkdədir. Üstəlik, Azərbaycanın bütün digər qonşu dövlətlərlə normal və adekvat münasibətlərdə olduğunu nəzərə alsaq, Bakı hazırda Cənubi Qafqaz bölgəsində geosiyasi gərginliyi azaltmaq, stabil şəraitin bərqərar olmasına doğru səbatlı addımlar atmaq və hər hansı formada eskalasiya riskini minimuma endirməkdədir.
2. Gürcüstanda baş verən hadisələr, xüsusilə də "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin ölkə parlamentində qəbul edilməsindən sonra daha da aktivləşən etiraz aksiyaları Tbilisidə gərginliyin yaxın vaxtlarda azalmayacağının göstəricisidir. Xaricdən maliyyələşən təşkilatların fəaliyyətlərinin transparentliyinin və onların dövlət qurumlarına maliyyə hesabatlarını təqdim etmələrinin zəruriliyi ilə bağlı qanun layihəsindəki tələblər tamamilə normal, məntiqi müddəalardır.
Gürcüstana Avropa İttifaqında üzvlüyə namizəd statusunun verilməsi, xüsusilə də 44 günlük İkinci Qarabağ Müharibəsinin Ermənistanın kapitulyasiyası ilə başa çatması, daha sonra rusiyalı sülhməramlıların Azərbaycanı tərk etməsi və s. kimi proseslər regiondan kənar güclərin Cənubi Qafqazda ifrat dərəcədə fəallaşmasına səbəb oldu. Bununla eyni zamanda, Qərbin bölgədə təsir imkanlarının artmasına yol vermək fikrində olmayan Rusiya və İran da fəallaşıblar.
Bütün bunları nəzərə alsaq, bir məqamı unutmamalıyıq: Azərbaycana müstəqil, suveren və kənar güclərdən asılı olmayan Gürcüstan gərəkdir.
3. Ermənistandakı vəziyyət Cənubi Qafqazda gərginliyin artmasının əsas səbəblərindən biri ola bilər. Aprelin 5-də Brüsseldə ABŞ-ın dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş rəsmi İrəvanın Qərbə istiqamətlənmiş siyasətdə qərarlı olduğunu, Vaşinqton-Paris-Bürüssel triosunun da erməniləridən vasitə qismində istifadə edərək Rusiyanı Cənubi Qafqaz bölgəsindən sıxışdırıb çıxarmaq niyyətini tam aşkarladı.
Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yönəlmiş danışıqlar prosesindəki Vaşinqton və Brüssel platformalarının uğursuzluğa düçar olmasından sonra Qərb mövqelərini bərpa etmək üçün çox cəhdlər etsə də, ciddi uğura nail ola bilməyib.
Səbəb sadədir: Fransanın bölgəmizdəki destruktiv və dağıdıcı rolunun fəsadlı olmasını Bakı dəfələrlə vurğulasa da, Vaşinqtonla Brüssel müşahidəçi mövqe tutublar. Beləcə, onlar yeni mövqelər əldə etməyə səy göstərir, amma itkiləri bərpa etmək mümkün deyil.
Buna Rusiyanın davranışı da dəlalət edir. Azərbaycandan RSK-nı çıxarmaqla Bakı, Azərbaycanla şərti dövlət sərhədindən və İrəvandakı hava limanından hərbçilərini çıxarmaqla İrəvan ilə əlaqələrini qorumağa çalışan Moskva istəyinə əhəmiyyətli dərəcədə nail olub.
Aprelin 19-dan bəri Ermənistanda səngiməyən etiraz aksiyaları, Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin demarkasiyasının və delimitasiyasının Tavuş (Tovuzqala) rayonundakı 4 kəndin 32 illik işğaldan azad edilərək Azərbaycana təhvil verilməsinə, sülh sazişinin imzalanması prosesinə etiraz edənlərin aksiyalarının mənşəyi, səbəbi və perspektivləri məlumdur.
Ermənistan xarici güclərdən asılılığı azaltmağa çalışmasa, onu ağır problemlər gözləyir.
Ermənilərin həmin müşküllərin öhdəsindən gələ biləcəkləri inandırıcı təsir bağışlamır.