
Yaxın Şərqdə baş verən proseslər fonunda dünyanın bir sıra ölkələrində bunker tikintisi üçün müraciət edənlərin sayının artdığı bildirilir. Xüsusilə nüvə elektrik stansiyalarının yaxınlığında yaşayanların belə sığınacaqlara maraq göstərdikləri deyilir.
Fransanın “Le Parisien” qəzeti xəbər verir ki, Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “Atlas Survival Shelters” şirkətinə bunkerlərin quraşdırılması ilə bağlı dünyanın müxtəlif ölkələrindən zənglər daxil olub. Şirkətin rəhbəri bildirib: “Bu tip məhsullara tələbat hazırda ən yüksək səviyyədədir, əvvəllər belə halla rastlaşmamışam”.
Oxşar vəziyyət Fransada bunker tikintisi üzrə ixtisaslaşmış “France Bunker” şirkətində də müşahidə olunur. Şirkətin rəhbəri Patris Russel deyib ki, onların saytında bir gün ərzində “iki ay yarımlıq konsultasiya ziyarəti” qeydə alınıb.
Bununla belə, Fransada bunker quraşdırmaq o qədər də asan deyil. Bu iş ciddi qaydalarla tənzimlənir. Belə ki, bunker tikdirmək istəyən şəxsin kifayət qədər böyük torpaq sahəsi və ciddi maliyyə imkanları olmalıdır.
Bəs bunker neçəyə başa gəlir?
Məlumata görə, bunkerlərin bir neçə növü mövcuddur. Ən sadə bunkerin qiyməti təxminən 60 min avrodan başlayır. 10–12 kvadratmetrlik belə sığınacaqda 2-3 həftə yaşamaq mümkündür. Bu məbləğə müştərilər su və elektrik şəbəkəsinə qoşulan kiçik bir yeraltı otaq əldə edirlər. Torpağın xüsusiyyətlərindən asılı olaraq qiymət arta bilər.
Daha rahat və uzunmüddətli yaşayış üçün nəzərdə tutulan bunkerlər isə təxminən 200 min avroya başa gəlir. Bu qiymətə hava filtrasiya sistemi, ehtiyat elektrik və su, tullantı sularının emalı da daxildir. Belə bir bunkerdə 4 nəfər bir neçə il yaşaya bilər.