
Bakıda doğuş keçirən qadın vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, hadisə martın 15-i saat 4 radələrində Sabunçu rayonu, O.Əfəndiyev küçəsi 2-də yerləşən doğum evində baş verib.
Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Mətanət Mirzəyeva doğuş zamanı həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
***
Sabunçu Tibb Mərkəzindən KİV-in sorğusuna cavab olaraq bildirilib ki, 1973-cü il təvəllüdlü şəxs martın 10-u Sabunçu Tibb Mərkəzinin nəzdində olan 2 saylı Doğum Evinin Patologiya şöbəsinə süni mayalanmadan (EKM) sonrakı hamiləlik, 34 həftə 4 günlük hamiləlik, vaxtından əvvəl doğuş təhlükəsi səbəbilə hospitalizasiya olunub: “Pasiyentin kliniki, laborator müayinələri aparılıb, hipotenziv müalicə fonunda nəzarətdə saxlanılıb.
Martın 14-ü saat 10:00 radələrində döl sularının axması səbəbilə xəstə əməliyyat blokuna köçürülüb və saat 10:30-da əməliyyata götürülüb.
Əməliyyat zamanı çəkisi 2 100 qram, boyu 47 sm. olan oğlan, çəkisi 2 050 qram, boyu 46 sm. olan qız dünyaya gəlib.
Hər iki yenidoğulmuş Apqar şkalası üzrə 7/7 balla qiymətləndirilib.
Zahı qadın Reanimasiya şöbəsinə köçürülüb. Əməliyyatdan 2 saat sonra hipotonik qanaxma baş verib, müvafiq müalicə tədbirləri görülüb. Daha sonra relaparotomiya və uşaqlığın ekstirpasiyası əməliyyatı icra olunub.
Martın 15-i saat 01:30 radələrində xəstənin vəziyyəti qəfil pisləşib, boğulma, sianoz (göyərmə) və tənəffüs çatışmazlığı müşahidə olunub. Aparılan intensiv reanimasiya tədbirlərinə baxmayaraq, saat 02:30 radələrində xəstədə bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Ölümün bilavasitə səbəbinin dəqiq müəyyənləşdirilməsi patoloji-anatomik müayinə (təşrih) nəticəsində məlum olacaq.
Qeyd edək ki, yenidoğulmuşların müalicəsi davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir”.