
Qərb siyasətçilərinin – xüsusilə də erməni lobbisi ilə sistemli şəkildə bağlı olan dairələrin – Epşteyn işi ilə üzə çıxan qeyri-rəsmi elita şəbəkələrində iştirakı, əslində, Qərb modelinin struktur mahiyyətini açır: burada etnik lobbiçilik, maliyyə resursları və gizli diplomatiya bir-birini qarşılıqlı şəkildə gücləndirir. Bu modelin uzunmüddətli nəticəsi isə Avropa İttifaqı və ABŞ-ın postsovet məkanına dair siyasətinə inamı sarsıdır.
Epşteyn – sistemin qovşağı, yoxsa istisna hal?
2024–2025-ci illərdə ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlər, Ceffri Epşteyn işinin mahiyyətini tam dəyişdi. Əgər əvvəllər bu məsələ əsasən seksual xarakterli cinayət işi kimi dəyərləndirilirdisə, milyonlarla səhifəlik istintaq materialları – maliyyə hesabatları, uçuş jurnalları, yazışmalar, şahid ifadələri – ictimaiyyətə təqdim olunduqdan sonra hadisə artıq təkcə kriminal yox, həm də siyasi-ictimai model səviyyəsinə yüksəldi. Bu sənədlər vasitəsilə ilk dəfə tədqiqatçılar Qərbdəki hakimiyyətin qeyri-formal arxitekturasını, yəni elitalar arasında uzun illər ərzində formalaşmış qeyri-rəsmi münasibətlər mexanizmini real faktlarla izləyə bildilər.
ABŞ Ədliyyə Nazirliyinin ümumiləşdirilmiş məlumatlarına görə, sənədlər 1980-ci illərin sonlarından 2019-cu ilə qədər olan dövrü əhatə edir. On minlərlə səhifə bank sənədləri, offşor əməliyyatları, FBI-ın daxili qeydləri, 120-dən çox şahidin ifadələri və Epşteynin şəxsi təyyarələrinin uçuş cədvəlləri arasında minlərlə yüksək səviyyəli şəxsin adı keçir. Siyahıda hazırkı və keçmiş prezidentlər, nazirlər, senatorlar, Avrokomissarlar, beynəlxalq təşkilat rəhbərləri, tanınmış hüquqşünaslar və iri fondların donorları yer alır.
Əsas məsələ ittihamda deyil, bu sənədlərin göstərdiyi struktur sabitlikdədir: Qərb elitalarının necə sıx, təkrarlanan və institusional şəkildə bir-birinə bağlandığını, qərarların, pulların və reputasiyaların formal demokratik mexanizmlərdən kənarda necə dövr etdiyini aydın görmək olur.
Epşteynin qurduğu şəbəkənin əsas xüsusiyyəti onun praktik, yəni “xidmətçi” xarakter daşıması idi – ideoloji yox. O, qeydiyyatdan keçmiş lobbiçi deyildi, dövlət vəzifəsi tutmurdu, rəsmi institut rəhbəri də deyildi. Onun rolu fərqli idi: Epşteyn maliyyə kapitalını, elita çevrələrinə çıxışı və insanların şəxsi zəifliklərini birləşdirən “bağlayıcı halqa” funksiyasını daşıyırdı.
İstintaq materialları göstərir ki, o, siyasətçilərlə və məmurlarla münasibətlərə məqsədyönlü şəkildə sərmayə yatırır, onlara təkcə maliyyə və məsləhət yardımı deyil, həm də “qapalı sosial məkanlara” çıxış təklif edirdi – öz adalarına, villalarına, şəxsi təyyarələrinə, yalnız elitaya açıq nahar və məclislərə. Bu məkanlar faktiki olaraq nəzarətdən və ictimai hesabatlılıqdan kənarda idi – “qaydaların işləmədiyi zonalar” kimi.
Erməni lobbisi və Epşteyn dairəsi: struktur üst-üstə düşmə
Məhz bu məntiqdə Epşteyn dairəsinin uzun illər ərzində ABŞ və Avropa siyasətində ardıcıl şəkildə erməni təşəbbüslərini dəstəkləyən fiqurlarla kəsişməsi təsadüfi deyil. Açıq mənbələr göstərir ki, bu kəsişmə biografik yox, struktur səviyyəsində baş verib – yəni iki sabit şəbəkənin – elita dairələrinin və etnik lobbiçiliyin – üst-üstə düşməsi.
XX əsrin sonuna doğru ABŞ-da erməni lobbisi Qərbdəki ən təşkilatlanmış və maliyyə cəhətdən sabit diaspor mexanizmlərindən birinə çevrilmişdi. O, müəyyən ştatlarda formalaşmış seçici bazasına, çoxsaylı QHT və fond şəbəkəsinə, həmçinin siyasətçilərə yönəlik maliyyə dəstəyi mexanizminə arxalanırdı.
Epşteyn işi üzrə sənədlər göstərir ki, bəzi Qərb siyasətçiləri üçün “erməni məsələsi” ilə məşğul olmaq, reputasiya baxımından bir növ “təhlükəsizlik yastığı” rolunu oynayırdı. “Erməni soyqırımı” kimi saxta narrativləri tanımaq, bu mövzuda qətnamələri dəstəkləmək, yaxud İrəvana siyasi-maliyyə dəstəyi vermək həmin siyasətçilərə diaspor qarşısında “dəyərlərə sadiq” və “moral etibarlı” imic qazandırırdı. Bu imic isə öz növbəsində onlara sabit seçici və donor dəstəyi, eləcə də reputasiya böhranı zamanı elit çevrələrdə “sığınacaq” təmin edirdi.
Klinton administrasiyası və proerməni kursunun institutlaşması
Ceffri Epşteyn işi ilə bağlı sənədlərdə Bill Klintonun adı mərkəzi yerdə çəkilir, amma bu, cinayət-prosessual yox, struktur-siyasi kontekstdədir. ABŞ Ədliyyə Nazirliyinin açıqladığı materiallarda onun adı Epşteynin uçuş jurnallarında, əlaqə dəftərlərində, şahid ifadələrində və üçüncü şəxslərin yazışmalarında dəfələrlə keçir. Bununla belə, bu faktların heç biri formal ittihama və ya Klintonun şübhəli statusuna çevrilməyib.
Analitik baxımdan əsas məsələ hüquqi nəticələrin olmaması deyil, həmin adın çəkildiyi dövrlərin 1990–2000-ci illərin əsas siyasi prosesləri ilə zaman baxımından üst-üstə düşməsidir.
Epşteynin şəxsi təyyarələrinin uçuş jurnalları göstərir ki, Klintonun adı orada bir neçə dəfə çəkilir. Pilotların ifadələri və müxtəlif sənəd versiyaları 2000-ci illərin əvvəllərində, o cümlədən beynəlxalq uçuşlarda onun iştirakını qeyd edir. Klinton özü yazılı açıqlamasında bildirmişdi ki, guya bu uçuşlar “xeyriyyə və humanitar fəaliyyətlə” bağlı olub və o, Epşteynin şəxsi adasında heç vaxt olmayıb. Sənədlərdəki qeydlərlə Klintonun açıqlamaları arasında uyğunsuzluqlar məhkəmədə dəyərləndirilməyib, lakin bu ziddiyyətlər Epşteyn şəbəkəsinin bir xüsusiyyətini açıq göstərir: rəsmi, yarırəsmi və şəxsi fəaliyyət arasındakı sərhədlər bilərəkdən pozulub.
Klinton fiqurunun struktur baxımından önəmi ondadır ki, məhz onun prezidentliyi dövründə ABŞ-ın Ermənistana dəstək siyasətinin tam formalaşmış modeli təsbit olundu. SSRİ-nin dağılmasından sonra Ermənistan ABŞ-dan adambaşına düşən yardım həcminə görə liderlərdən birinə çevrildi. Həmin dövrün büdcə hesabatlarına əsasən, on il ərzində ABŞ-ın Ermənistana verdiyi yardım bir neçə milyard dolları keçmişdi. Buraya birbaşa iqtisadi dəstək, humanitar proqramlar, USAID xətti ilə layihələr və Vaşinqtonun təşəbbüsü ilə beynəlxalq maliyyə institutlarından verilən kreditlər daxil idi.
Əsas siyasi dönüş nöqtəsi “Azadlığa Dəstək Aktı”na daxil edilmiş 907-ci düzəlişin praktik olaraq neytrallaşdırılması oldu. Bu düzəliş formal olaraq Azərbaycana birbaşa yardım göstərilməsini məhdudlaşdırırdı, lakin eyni zamanda Ermənistan üçün asimmetrik üstünlüklər yaradırdı. Klinton administrasiyası bu düzəlişi müxtəlif interpretasiyalarla faktiki olaraq aşaraq ABŞ-ın regional siyasətində proerməni meylini qanuniləşdirdi.
Qeyd etmək vacibdir ki, bu kurs Klintonun şəxsi simpatiyalarının nəticəsi deyildi. O, ABŞ siyasətində erməni diasporunun institusional çəkisinin kəskin artımından doğmuşdu. 1990-cı illərin ortalarına qədər erməni təşkilatları Konqresdə sabit təmsilçiliyə nail olmuş, Kaliforniya, Massaçusets və bir sıra ştatlarda intizamlı seçici bloku yaratmış, seçki kampaniyalarının maliyyələşdirilməsi üzrə güclü sistem qurmuşdu.
“Erməni soyqırımı” kimi saxta mövzuların tanınması təşəbbüslərini dəstəkləmək bir çox siyasətçilər üçün həm diaspor qarşısında sədaqət göstəricisinə, həm də “moral ritorikanı” konkret siyasi və maliyyə dividendlərinə çevirməyin rahat yoluna çevrilmişdi.
Epşteynin “xeyriyyəçilik konturu” və siyasi himayədarlar
Məhz bu məqamda üçüncü kontur üzə çıxır – Epşteynin özünü donor, vasitəçi və qeyri-formal “asistent” kimi təqdim etdiyi humanitar və hüquq-müdafiə layihələrinin çevrəsinə inteqrasiyası. ABŞ Ədliyyə Nazirliyinin sənədləri və şahid ifadələri göstərir ki, o, özünü filantrop kimi təqdim edir, təhsil və tədqiqat layihələrinə, “insan haqları” yönümlü proqramlara sponsorluq edirdi.
Onun adı müxtəlif fondlar, universitetlər və QHT-lərlə yanaşı çəkilirdi – bu qurumlar açıq şəkildə “humanist” məqsədlər, o cümlədən “tarixi yaddaş”, “azlıqların hüquqları” və “post-münaqişə bərpası” kimi sahələrdə fəaliyyət göstərdiklərini bəyan edirdilər. Belə təşəbbüslər siyasətçilərə və keçmiş dövlət başçılarına reputasiyanı qorumaq, qeyri-rəsmi əlaqələr və qapalı görüşləri “qanuniləşdirmək” üçün bir növ örtük rolunu oynayırdı.
Bu üç konturun – ABŞ-ın proerməni siyasətinin formalaşması, erməni diasporunun institusional güclənməsi və Epşteynin donorlar çevrəsinə qoşulmasının – eyni müstəviyə düşməsi mühüm analitik nəticə doğurur. Bu, bir çox qərarların və razılaşdırmaların formal nəzarət mexanizmlərindən kənarda, “paralel diplomatiya” adlandırıla biləcək qapalı məkanlarda baş verə biləcəyini göstərir.
Şəxsi təyyarələr, qapalı xeyriyyə tədbirləri, gizli axşam yeməkləri – bütün bunlar xarici siyasət, yardım və sanksiyalar kimi məsələlərin rəsmi filtrlərsiz müzakirə olunduğu platformalara çevrilirdi.
Maraqlıdır ki, sənədlərdə Klintonun Ermənistanın xeyrinə hər hansı qanunsuz qərar qəbul etdiyinə dair birbaşa sübut yoxdur. Amma materialların bütövlükdə göstərdiyi mənzərə daha incə və təhlükəli mexanizmi üzə çıxarır: humanitar ritorika, diaspor təzyiqi və şəxsi kapitalın qərarvermə mühitində birləşməsi.
Belə bir mühitdə dövlət siyasəti ilə şəxsi əlaqələr arasındakı sərhəd getdikcə silinirdi. Klinton fiquru bu baxımdan ittiham obyektindən çox, bütöv bir dövrün simvoludur – elə bir dövrün ki, ABŞ-ın xarici siyasəti, xüsusilə postsovet məkanında, rəsmi doktrinalarla elit çevrələrin qeyri-rəsmi kanalları arasında formalaşırdı.
Epşteyn işi və Qərb modeli: sistemli problem
Bu üst-üstə düşmələrin təhlili göstərir ki, Epşteyn işi fərdi biografiyalardan çox, qərb qərarvermə modelinin struktur problemini açır: etnik lobbiçilik, filantropiya və şəxsi əlaqələr sabit təsir mexanizmlərinə çevrilə bilir. 1990-cı illərdə bu model ABŞ-da uzunmüddətli proerməni kursunun formalaşmasına təkan verdi və illər sonra, sənədlərin açıqlanması ilə, elit siyasətin “daxili mətbəxini” ifşa edən tənqidi baxış obyektinə çevrildi.
Bill Riçardson: reputasiya zərbəsi və siyasi nəticə
Virciniya Cuffrenin ifadələrində çəkilən Bill Riçardsonun adı, Epşteyn dosyesi çərçivəsində “reputasiya risklərinin yenidən paylanması” mexanizmini ən bariz şəkildə göstərir. 2024–2025-ci illərdə açıqlanan sənədlərdə Riçardson şahid ifadələrində yüksək vəzifəli siyasətçi kimi keçir və Cuffrenin iddiasına görə, onu 2000-ci illərin əvvəllərində guya “seksual əlaqə üçün yönləndiriblər”. Bu iddialar məhkəmə protokollarına və prokurorluq materiallarına əlavə olunub, lakin nə cinayət işi açılıb, nə də ittiham irəli sürülüb. Riçardson özü bu iddiaları “tamamilə yalan” adlandıraraq, Epşteynlə yalnız rəsmi və diplomatik çərçivədə təmasda olduğunu bəyan edib.
Lakin hüquqi nəticələrin olmaması reputasiya zərbəsinin qarşısını almadı. Bu hadisədən sonra Riçardsonun adı bir sıra təhsil və ictimai proqramlardan çıxarıldı, bəzi QHT-lər onunla əlaqəni açıq şəkildə inkar etdi. Eyni zamanda, ABŞ-ın heç bir dövlət qurumu onun fəaliyyəti ilə bağlı araşdırma başlatmadı. Bu isə elit şəbəkələrə xas bir paradoksu göstərir: simvolik cəza var, institusional məsuliyyət – yox.
Maraqlıdır ki, Riçardson onilliklər boyu ABŞ siyasətində erməni gündəmini dəstəkləyən ən fəal fiqurlardan biri sayılırdı. O, Konqres üzvü, daha sonra Energetika naziri və Nyu Meksiko qubernatoru kimi dəfələrlə Armenian National Committee of America tərəfindən təşkil olunan tədbirlərdə çıxış etmiş, “erməni soyqırımı” iddialarını dəstəkləmiş, bu mövzuda qətnamələrin həm federal, həm də regional səviyyədə keçməsinə yardım göstərmişdi. Onun adı erməni diasporunun dərc etdiyi “Ermənistanın dostları” siyahılarında mütəmadi yer alırdı və o, Vaşinqtonda erməni təşəbbüslərinin sabit institusional tərəfdarı kimi tanınırdı.
Epşteyn materialları ilə bu bioqrafiyanın kəsişməsi isə interpretasiyanı tam dəyişdi. Riçardsonun proerməni reputasiyası onu nə qorudu, nə də vurdu – sadəcə, onun müəyyən bir elit şəbəkəyə mənsubiyyətini göstərdi. Bu şəbəkədə reputasiya böhranları sistem tərəfindən “udulur”: mənəvi ittihamlar və ictimai qalmaqallar adətən hüquqi nəticəyə çevrilmir, zərbə simvolik səviyyədə qalır – bir neçə fəxri statusun itirilməsi və müvəqqəti görünməzliklə kifayətlənir.
Epşteyn işi göstərir ki, Riçardson bu çevrədə təsadüfi fiqur deyildi. Onun diplomatik təcrübəsi, Şimali Koreya, Yaxın Şərq və Latın Amerikası üzrə vasitəçilik missiyaları, “universal danışıqlarçı” reputasiyası onu qeyri-rəsmi elita şəbəkələri üçün qiymətli halqaya çevirirdi.
Erməni narrativinin dəstəklənməsi və diasporla sıx əlaqələr onun “insan haqları” və “tarixi ədalət” ritorikasına dayanan imicini gücləndirirdi, bu da onu ABŞ və Avropanın liberal elitaları üçün legitim fiqur kimi təqdim edirdi.
Nəticədə Riçardsona dəyən reputasiya zərbəsi şəbəkənin özünü sarsıtmadı, əksinə, onun adaptasiya qabiliyyətini nümayiş etdirdi. Skandal fərdiləşdirildi, sistem xaricinə çıxarıldı və hüquqi məcraya yönəlmədən söndürüldü. Erməni lobbisi və ona bağlı siyasi strukturlar üçün bu, risklərin minimuma endirilməsi demək idi: onların əsas narrativləri şübhə altına alınmadı, hadisə isə “fərdi, sübutsuz və hüquqi nəticəsi olmayan epizod” kimi təqdim olundu.
Hüquq elitası və “istisnaların normallaşması”: Alan Dörşoviç
Alan Dörşoviç – XX əsrin sonu və XXI əsrin əvvəllərində ABŞ hüquq və akademik elitasının ən tanınmış nümayəndələrindən biri, Harvard Law School-un professoru, Konstitusiya, cinayət və beynəlxalq hüquq üzrə mütəxəssis, onlarla kitabın və yüzlərlə elmi və publisistik məqalənin müəllifidir. O, 50 ildən artıq müddətdə ABŞ-ın ən səs-küylü məhkəmə işlərində çıxış edib, siyasi və biznes elitasının təmsilçilərini ən çətin hüquqi və reputasiya böhranlarında müdafiə edib.
Amerika isteblişmentində Dörşoviç uzun illər “son sədd vəkili” kimi tanınıb – yəni standart hüquqi mexanizmlər işləmədikdə müraciət edilən şəxs.
Məhz bu statusla o, Ceffri Epşteyn işinə dərindən cəlb olunub. ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlərə və mülki iddialar çərçivəsində toplanmış materiallara görə, Dörşoviç 2006–2008-ci illərdə Epşteynin müdafiə strategiyasının hazırlanmasında aktiv iştirak edib.
Bu strategiyanın mərkəzi elementi Florida prokurorluğu ilə əldə edilmiş razılaşma idi – həmin razılaşma Epşteynə federal məhkəmədən yayınmaq və yalnız ştat səviyyəsində olduqca yüngül cəza almaq imkanı yaratdı.
Sənədlər göstərir ki, müdafiə tərəfi bu razılaşmaya “müəyyən edilməmiş şəriklərə qarşı cinayət təqibi aparılmayacağı” barədə bənd daxil etdirməyə nail olub. ABŞ hüquq praktikasında bu, nadir və olduqca mübahisəli hal idi. Bu bənd, faktiki olaraq, Epşteynin ətrafında “kollektiv toxunulmazlıq zonası” formalaşdırdı və sonradan hakimlər, hüquq müdafiəçiləri və zərərçəkmişlər tərəfindən sərt tənqid olundu.
Virciniya Cuffre və digər iddiaçıların ifadələrində Dörşoviçin adı birbaşa çəkilir – onlar onu Epşteyn çevrəsinin iştirakçılarından biri kimi göstərirdilər. Dörşoviç bu iddiaları qəti şəkildə təkzib etmiş, onları “bilə-bilə yalan və böhtan” adlandırmışdı.
Bu ittihamlar hüquqi nəticə doğurmadı: məhkəmələrdə iddialar ya rədd edildi, ya da tərəflər aralarında barışıq əldə etdilər. Lakin onun adının Epşteyn sənədlərində yer alması belə, Dörşoviç üçün ciddi reputasiya zərbəsi oldu və daha geniş sualı gündəmə gətirdi – hüquq və intellektual elitanın seçici ədalət sisteminin qorunmasında oynadığı rolu.
Dörşoviç bununla yanaşı, onilliklər boyu ABŞ-dakı erməni diasporunun və siyasi strukturlarının maraqları istiqamətində də aktiv fəaliyyət göstərib. 1980-ci illərin sonlarından başlayaraq, o, mütəmadi olaraq ABŞ-da erməni təşkilatlarının təşkil etdiyi konfranslarda, forumlarda və qapalı ekspert toplantılarında çıxış edib, özünü beynəlxalq hüquq və “insanlığa qarşı cinayətlər” üzrə mütəxəssis kimi təqdim edib.
Onun akademik nüfuzu və “liberal hüququn vicdanı” imici, “erməni soyqırımı” uydurmasını legitimləşdirmək üçün mühüm arqument kimi istifadə olunurdu. Dörşoviçin bir sıra çıxışlarında və yazılarında bu narrativ “beynəlxalq cinayət hüququnun prinsipləri”, “tarixi məsuliyyət” və “müharibədən sonrakı tribunal presedentləri” ilə əsaslandırılırdı.
Sənədlərlə təsdiqlənib ki, Dörşoviçin çıxış və məqalələri erməni lobbi strukturları tərəfindən ABŞ Konqresində və Avropa ölkələrinin parlamentlərində keçirilən dinləmələrdə, ekspert müzakirələrində və qətnamə layihələrinin hazırlanması zamanı istinad mənbəyi kimi istifadə olunub.
Beləliklə, o, təkcə kənar şərhçi deyil, erməni lobbisinin intellektual resursu, hüquqi arqumentlərinin müəlliflərindən biri kimi çıxış edirdi.
Əsas analitik nəticə isə bu iki rolu – “universal hüquq prinsiplərinin müdafiəçisi” və “elita toxunulmazlığının memarı” – birləşdirən fiqurun yaratdığı paradoksa aiddir.
Bir tərəfdən, Dörşoviç humanitar narrativlərin və “erməni soyqırımı” mifinin fəal təbliğatçısı kimi çıxış edir. Digər tərəfdən isə, o, Epşteyn kimi şəxsləri hüquqi məsuliyyətdən qoruyan mexanizmlərin müəllifidir.
Hər iki halda eyni hüquqi alətlərdən istifadə olunur – prosessual detallara vurğu, təqsirsizlik prezumpsiyasına istinad, “emosional ədalət”in tənqidi və “məhkəmənin siyasiləşməsi” barədə xəbərdarlıqlar.
Beləcə, ikili legitimlik standartı formalaşır: eyni hüquqi arqumentlər ictimai məkanda “moral və humanitar” məqsədlərə, elita daxilində isə hüquqi və reputasiya risklərinin neytrallaşdırılmasına xidmət edir.
Bu, elitanın öz baxış bucağından ziddiyyət sayılmır – çünki hər iki kontur eyni hüquq mədəniyyətinə daxildir: burada formal prosedurun qorunması, ədalətin mahiyyətini əvəz edir.
Nəticədə Alan Dörşoviçin fiquru fərdi mənəvi ziddiyyətin deyil, sistemli hadisənin göstəricisidir: hüquq və intellektual elitanın təkcə ayrı-ayrı şəxsləri deyil, bütöv bir “istisnalar arxitekturasını” qoruyan mexanizmə çevrilməsi.
Onun erməni təşkilatları ilə əlaqələri və eyni zamanda Epşteyn müdafiəsində iştirakı göstərir ki, humanitar ritorika, beynəlxalq hüquq və şəxsi maraqlar Qərbin siyasi-hüquqi sistemində birləşərək seçici legitimlik mexanizmi yaradır – yəni “kim üçün ədalət, kim üçün prosedur” prinsipi burada normaya çevrilib.
Avropa istiqaməti: Avropa Şurasından Londona qədər
Epşteyn dosyesinin Avropa ölçüsü xüsusi analitik əhəmiyyət daşıyır. ABŞ-da ifşa olunmuş qeyri-formal təsir mexanizmlərinin Avropa siyasi məkanında da – o cümlədən Council of Europe, European Union institutlarında və Britaniya isteblişmentində – eyni şəkildə təkrarlanması faktı artıq şübhə doğurmur.
Thorbjørn Jagland və Peter Mandelson adlarının Epşteyn işi ilə bağlı sənədlərdə çəkilməsi, bu məsələnin təkcə milli yox, həm də fövqəlmilli xarakter daşıdığını göstərir. Məhz bu şəbəkələr daxilində Cənubi Qafqaz, Ermənistan və qonşu regionlarla bağlı qərarların necə formalaşdığı daha aydın görünür.
Torbörn Yaqlan və Avropa Şurasının “seçici ədaləti”
Torbörn Yaqlan – Norveçin sosial-demokrat düşərgəsindən olan siyasətçi, keçmiş baş nazir və 2009–2019-cu illərdə Avropa Şurasının baş katibi idi. Onun rəhbərliyi dövründə təşkilat Azərbaycana qarşı ardıcıl tənqidi mövqe sərgiləyir, eyni zamanda Ermənistan qarşısında açıq loyal xətt tuturdu.
Həmin illərdə Şuranın gündəliyində mütəmadi olaraq Ermənistanın mövqelərini legitimləşdirən hesabatlar, qətnamələr və monitorinq sənədləri yer alırdı. Yaqlan Avropadakı erməni diaspor nümayəndələri ilə açıq təmasda idi, “erməni mədəniyyəti” və “insan haqları” ilə bağlı tədbirlərdə iştirak edir, humanitar ritorikaya bürünmüş təşəbbüsləri dəstəkləyirdi.
Epşteyn işi ilə bağlı mediada və araşdırma materiallarında onun da bir sıra qapalı diplomatik və aristokrat çevrələrdə göründüyü qeyd olunur. Burada söhbət birbaşa ittihamdan getmir, lakin həmin dairələrin kəsişməsi göstərir ki, Qafqazla bağlı siyasi xətt rəsmi institutlardan kənarda, elita klublarında və qeyri-formal əlaqələr mühitində müəyyənləşirdi.
Peter Mandelson və “elit avroproqressivizm”
Peter Mandelson – XX əsrin sonu və XXI əsrin əvvəllərində Britaniya Leyborist Partiyasının ideoloqlarından biri, keçmiş Avropa Komissarı və Lordlar Palatasının üzvü. O, 2000-ci illərin əvvəllərində Epşteynlə tanış olduğunu və onunla ünsiyyət saxladığını özü də etiraf edib, amma bu əlaqələri “sırf işgüzar xarakterli” adlandırıb.
Sənədlərdə onun adının bəzi görüşlərdə və maliyyə əməliyyatlarında çəkilməsi hüquqi baxımdan ittiham doğurmasa da, elita münasibətlərinin mahiyyəti barədə ciddi suallar yaradıb.
Siyasi baxımdan Mandelson Avropa İttifaqının Cənubi Qafqaz siyasətində ardıcıl olaraq Fransa ilə eyni – yəni proerməni – xətti müdafiə edib: Azərbaycana təzyiq, Ermənistana isə “humanitar” dəstək.
Onun timsalında görünür ki, “proqressiv Avropa siyasətçisi” imici və “mənəvi kapital” elit mühitdə çox vaxt konkret qərarların qəbuluna təsir göstərir, ideoloji fərqlər isə arxa plana keçir – əsas olan şəbəkəyə mənsubiyyətdir.
ABŞ paraleli: Edvard Marki və erməni kokusu
Ed Markey – Massaçusets ştatından seçilmiş senator və Konqresdə erməni kokusunun ən fəal üzvlərindən biridir. Uzun illər boyu o, Ermənistanı və “erməni soyqırımı” uydurmasını dəstəkləyən qətnamələrin müəlliflərindən olub.
Epşteyn işi üzrə sənədlərdə Markinin ofisi ilə Epşteynin “filantropik layihələri” arasında dolayı təmaslardan bəhs olunur. Bu əlaqələr rəsmi ittihama səbəb olmayıb, lakin Epşteynin siyasətçilər vasitəsilə çoxsəviyyəli “siyasi sipər” qurmaq strategiyasını nümayiş etdirir.
Burada erməni kokusu ittiham obyekti deyil, struktur zəifliyin nümunəsidir: diaspor nə qədər intizamlı və mobil olarsa, xarici maliyyə aktorları üçün bir o qədər cəlbedici siyasi qapıya çevrilir.
Corc Mitçell: “neytrallığın” paradoksu
George J. Mitchell – ABŞ Senatında çoxluğun sabiq lideri, beynəlxalq miqyasda tanınmış vasitəçi, Şimali İrlandiya və Yaxın Şərqdə sülh proseslərində rolu ilə məşhurdur.
Virciniya Cuffrenin ifadələrində onun da adı çəkilib – guya Epşteynlə yaxın təmasda olub. Mitçell bu iddiaları qətiyyətlə rədd edib və məsuliyyətə cəlb olunmayıb, amma onun adının belə hallanması ciddi reputasiya zərbəsi idi.
O da uzun illər ABŞ-dakı erməni diaspor tədbirlərində çıxış etmiş, proerməni siyasətçiləri dəstəkləmişdi. Beləcə, “neytral vasitəçi” kimi tanınan fiqur, faktiki olaraq, etnik və siyasi tərəflərin təsir dairəsinə düşürdü.
Prins Endryu: elitanın toxunulmaz simvolu
Prince Andrew, Duke of York – Britaniya kral ailəsinin üzvü, Cənubi Qafqaz siyasətində birbaşa rol oynamasa da, Epşteynlə əlaqələri səbəbindən qlobal qalmaqalın mərkəzinə çevrildi.
Virciniya Cuffre ilə məhkəməyə qədər barışıq və ardınca ictimai vəzifələrdən uzaqlaşdırılması göstərdi ki, hətta ağır ittihamlar fonunda belə, rəsmi məsuliyyətin sərhədləri elita üçün çox dardır.
Prinsin ətrafı Britaniya və Avropa aristokrat çevrələri ilə sıx bağlı idi; həmin mühitdə isə Ermənistanı və onun beynəlxalq təşəbbüslərini dəstəkləyən fiqurlar kifayət qədər çox idi. Bu, məsələnin milli yox, fövqəlmilli xarakter daşıdığını, reputasiya zərbələrinin sistem daxilində paylaşıldığını göstərir.
Fransa bağlantısı: Jan-Lük Bryunel və “mədəniyyət diplomatiyası”
Jean-Luc Brunel – siyasətçi olmasa da, Avropa elitalarına çıxışı təmin edən əsas vasitəçilərdən biri idi. O, illərlə Epşteynlə fransız maliyyəçiləri, mədəniyyət xadimləri və diplomatlar arasında əlaqə yaradırdı.
Fransadakı istintaq materialları göstərdi ki, onun agentliyi və əlaqədar qurumlar bir sıra ictimai və mədəni institutlarla – o cümlədən Fransada ənənəvi təsirə malik erməni təşkilatları ilə – təmasda olub. Bryunelin həbsi və sonrakı ölümü araşdırmanın tam aparılmasına mane oldu, amma faktlar göstərdi ki, “mədəni” və “humanitar” platformalar çox zaman qeyri-formal təsir şəbəkələri üçün örtük rolunu oynayır.
Nəticə: humanitar ritorikanın siyasi valyutaya çevrilməsi
Bütün bu faktlar birgə göstərir ki, Epşteyn işinin Avropa və Amerika müstəviləri eyni nöqtədə birləşir.
Avropa Şurasında, Avropa İttifaqında və ABŞ Konqresində müşahidə olunan proerməni xətt çox vaxt ideoloji seçimin deyil, elita şəbəkələrinə mənsubiyyətin funksiyası kimi çıxış edir.
Bu sistem daxilində “humanitar dil”, “insan haqları ritorikası” və “tarixi yaddaş” çağırışları siyasi valyutaya çevrilir – o valyutaya ki, onunla siyasi təsir, institusional himayə və reputasiya risklərinin neytrallaşdırılması alınır.
Məhz buna görə də Epşteyn dosyesinin Avropa izi Qərb elitalarının necə işlədiyini anlamaq üçün açar məna daşıyır: bu, formal demokratik prosedurların arxasında gizlənmiş, amma real gücü əlində saxlayan fövqəlmilli elit sistemin portretidir.
Strateji nəticə
Ceffri Epşteyn işi nə sadəcə qalmaqal idi, nə də ayrı-ayrı şəxslərin sui-istifadə zənciri. O, Qərb hakimiyyət sisteminin keyfiyyətcə yeni konfiqurasiyasını açdı – elə bir sistemi ki, burada rəsmi institutlar artıq həssas regionlarda siyasət formalaşdırmaqda monopoliyalarını itiriblər.
ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlər göstərdi ki, qərarların real trayektoriyası artıq parlamentlər, nazirliklər və beynəlxalq təşkilatlardan keçmir; bu proseslər getdikcə daha çox qapalı elit şəbəkələrdə cərəyan edir – burada əsas olan mandat yox, giriş imkanı, sədaqət və qarşılıqlı asılılıqdır.
Bu mühitdə siyasət hazırlanmaz – razılaşdırılar, sonra isə “hazır paket” kimi formal strukturlara ötürülür.
Əsas nəticə ondan ibarətdir ki, etnik lobbiçilik bu sistemdə ideoloji platforma və ya demokratik təmsil forması kimi deyil, “giriş infrastrukturu” kimi işləyir. Diaspor şəbəkələri – o cümlədən erməni diasporu – siyasi sinifə daxil olma, reputasiya kapitalı toplama və risklərdən sığortalanma vasitəsinə çevrilib.
Humanitar qətnamələrin, “insan haqları təşəbbüslərinin” və “tarixi yaddaş” narrativlərinin dəstəklənməsi bu çevrədə bir növ valyutadır: elit kluba daxil olmağa imkan verir, amma universal dəyərlərə real sədaqət tələb etmir. Bu sistemdə ideologiya ikinci plandadır; əsas şərt – şəbəkəyə mənsubiyyət və onun yazılmamış qaydalarına əməl etməkdir.
Epşteyn işi göstərdi ki, məhz bu şəbəkələr daxilində hüquqi və etik baryerlər aradan qalxır.
Şəxsi təyyarələr, qapalı naharlar, “filantropik” fondlar, akademik proqramlar və “humanitar” layihələr – bütün bunlar rəsmi hesabatlılıqdan kənar paralel mühit yaradır. Burada xarici siyasət, sanksiyalar, yardım və münaqişə məsələləri heç bir protokol olmadan müzakirə olunur.
Belə şəraitdə “insan haqları” ritorikası artıq zəiflərin müdafiə aləti deyil, seçici legitimləşdirmə mexanizminə çevrilir – eyni dərəcədə həm periferik dövlətlərə qarşı, həm də elita nümayəndələrini cinayət və reputasiya nəticələrindən qorumaq üçün işləyir.
Bu dəyişimin beynəlxalq sistem üçün nəticələri fundamental xarakter daşıyır. Qərbin normativ gücü – yəni universal dəyərlərə istinadla qaydalar diqtə etmək qabiliyyəti – artıq xarici rəqiblər tərəfindən deyil, öz daxilindəki təzadlarla sarsılır.
Eyni aktorlar bir tərəfdən şəffaflıq və hüququn aliliyini tələb edib, digər tərəfdən öz elita şəbəkələrində toxunulmazlıq nümayiş etdirəndə, bu, inam eroziyasına gətirir – və həmin etimadı heç bir diplomatik ritorika bərpa edə bilmir.
Nəticə etibarilə Epşteyn işi təkcə cinayət dosyesi və ya mediaskandal deyil, yeni reallığın qeyd nöqtəsidir: Qərb artıq “vahid normativ mərkəz” kimi qəbul edilmir, onun institutları da “neytral hakem” statusunu itirir.
Qərb sisteminin kənarında qalan dövlətlər üçün bu, yeni reallıq deməkdir: alternativ legitimlik mərkəzlərinə, regional formatlara və “hibrid suverenlik” modellərinə artan tələbat. Burada qərarlar artıq “xarici mənəvi üstünlüyə” istinadla deyil, öz maraq və balanslarına əsaslanaraq qəbul edilir.
Qərbin özü üçünsə bu, açıq siqnaldır: etimadı bərpa etmək mümkündür, amma yalnız bir şərtlə – siyasəti bu gün faktiki idarə edən qapalı elita konturlarını dağıtmaqla.(BakuNetwork)