
Ceyhun Bayramovla Ararat Mirzoyanın telefon danışığından belə bir nəticəyə gəlmək olar ki, iki ölkə arasında delimitasiya komissiyalarının yaradılması və müvafiq işlərin aparılması istiqamətində çalışmalar davam edir.

Sərhədlərin delimitasiyasının SSRİ-dən qalan xəritələr əsasında aparılması ümumilikdə Ermənistanın maraqlarına uyğun deyil. Çünki həmin xəritələrdə anklavlar, eksklavlar, Qazaxın 7 kəndi kimi məsələlər də öz əksini tapır. Lakin Ermənistanın seçim haqqı da yoxdur. Məsələnin həlli istiqamətində ən konstruktiv yanaşma budur.
Ceyhun Bayramov ilə Ararat Mirzoyan arasında baş tutan telefon danışığı Ermənistanın prosesdə iştirakından xəbər versə də, aprelin 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdi diqqət çəkir.

Rusiya indiki məqamda Ermənistan müxalifəti üzərindən həm Paşinyana təzyiq edir, həm də sərhəddə təxribatların törədilməsinə şərait yaradır. Səbəb isə aydındır. Kreml bununla Brüsseli prosesdən kənarlaşdıraraq moderatorluğu öz əlinə almaq istəyir. Bunu aprelin 23-dəki təxribat da təsdiqləyir. Aydın məsələdir ki, hazırda Ermənistan ordusu daxilində Qarabağ klanına, əslində isə Kremlə sadiq qüvvələr var. Mümkündür ki, elə təxribatı həmin qüvvələr həyata keçiriblər.
Ermənistan ən qısa zamanda ordu daxilində təmizləmə işləri aparmalıdır. Çünki bu kimi təxribatların yaxın günlərdə təkrarlanma ehtimalı yüksəkdir. Diversiya cəhdinin hansı qüvvənin nəzarətində həyata keçirilməsindən asılı olmayaraq Ermənistan məsuliyyət daşıyır. Rəsmi Bakı isə bu kimi təxribatlara uzun müddət səssiz qalmayacaq
Turan Rzayev,
siyasi şərhçi